Fərhad Tapdıqoğlu : - Ata ocağında yenidən güllər açdı

YAZARLAR 09:12 / 30.05.2025 Baxış sayı: 1554

 

                                                                         (hekayə)

Bəhram atasının məzarı önündə diz çöküb ,sinə daşını qucaqladı. Ağladı ,sonra gözlərini yumdu,xəyala getdi.Bir neçə dəqiqədən sonra ayaq səslərinə gözlərini açdı və anası ilə bacılarını yanında gördü.Qucaqlaşdılar,ağlaşdılar...

....Bəhram ailədə iki bacının bir qardaşı idi.Ali təhsil almışdı.Müəllim işləyirdi.Azca İçkili halda olduğu bir gün , rayon mərkəzində söyüş söyən tanımadığı birisinə xəsarət yetirərək ,cinayət törətmişdi. "Qəsdən başqasına ağır xəsarət yetirmə " maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O həbsxanada olanda ,iki il öncə atası ürək tutmasından dünyasını dəyişmişdi.

O zamandan anası da böyük qızı Cəmilə gildə qalırdı.Ramilə bacısı da ,Cəmilə bacısı da ailəli idilər və şəhərdə yaşayırdılar.

Cəza müddəti bitdikdən sonra Allah Bəhramın da qapısını açdı.Həbsxanadan birbaşa kənd qəbiristanlığına gəlmişdi Bəhram.. .

...Bəhram,anası və bacıları qəbiristanlıqdan ata ocağına, iki il müddətində bağlı qalan evə qayıtdılar.

Bəhram darvazanın pas atmış kilidini çətinliklə də olsa açdı.Anası bir - bir otaqların qapılarını açdı,qapıları açıq qoydu ki,otaqların havası dəyişsin,sonra pərdələri açdı..

Həyətdə baxımsızlıqdan hər tərəfi şax-şəvəl basmışdı.Meyvə ağaclarının bəziləri qurumuşdu .Bəhram həyətin içindəki cığırı təmizləyib ,yol açdı.

Qonum- qonşular yığışdı.Görüşdülər,söhbətləşib,hal- əhval tutdular.Sonra Bəhram yenidən həyətə düşdü.Arxdan suyu ağacların dibinə açdı.Yaz ayı olduğundan,hər tərəfdən gül- çiçək ətri gəlirdi.Uşaqlıdqa həmişə dinlədiyi, çox sevdiyi mahnını xatırladı:

"Bağça gül açdı,nənəli,

Dilim dolaşdı nənəli.

Bu ailənin kiçik qızı

Qoşuldu ,q-açdı nənəli."

Gülümsündü.Düşündü: "görəsən qonşunun kiçik qızı Səmayə ailə qurubmu?"

Bəhram ona ürəyini açmışdı,amma Səmayə ona " yox" demişdi və o vaxtdan danışmırdı.

Bəhram həyətdən qapıya çıxdı.Bu zaman qapıya bir xarici markalı maşın gəldi.Kürəkənləri maşının qapısını açdı ,düşdülər.Sonra kürəkənlərdən biri maşının yük yerini açdı, elədikləri bazarlıq dolu çantaları evə daşıdılar....

Yemək tədarükünə başladılar.Hər şey hazır olanda anası geniş süfrə açdı.Yedilər,içdilər..

....Hamı dağılışandan sonra anası Çinarə ,bacıları Cəmilə və Ramilə otaqların birinə çəkildilər.Anası Çinarə çantasından bir bükülü çıxardı,açdı.Bu Bəhramın atası Sabir kişinin diqtəsi ilə anasının yazdığı kağız idi.

Kağızı Cəmilə oxudu:

"Əziz oğlum Bəhram,sənin dünyaya gəlişinə bilirsən necə sevinirdik. Tavad nənən məni muştuluqladı:" Oğlun dünyaya göz açdı".Sonra nənən boğçasını açdı,nəzir- niyaz payladı.Sən gec dil açdın Bəhram.Xoş xəbəri mənə anan dedi: " Bəhram dil açdı".Bilirsən necə sevinirdim. Bir müddət " r" hərfini " y" kimi tələffüz edirdiin.

Kəndiçimiz Qulunun oğlu ata- anasının başına nə oyun açdı? Atası öləndən sonra o əl- qol açdı .Amma sən yox,sən bizə başucalığı gətirirdin.Kənddə çox hörmət qazanmışdın. Amma ,təəssüf ki,bu hadisə baş verdi.Cəmi bir neçə dəfə içdin.Deyirdilər: "Bəhram içdi, "başını açdı" ..

Bu da son.Başa düşürəm söyüşü qəbul eləməyib ,həmin adama xəsarət yetirdin.Arxalı olan həmin adam səni bağışlamadı.Eybi yox,kişinin başına iş gələr.Əsas odur ki,əvvəlki xətir- hörməti bərpa edib,yaşayasan.Mən buna inanıram.

Ürəyim hərdən sancır.Birdən sənin həbsxanadan çıxmağını, sonra toyunu görmərəm.Qonşu Sadığın kiçik qızı Səmayə yaxşı qızdır.Sadıq kişiyə də demişəm.Deyir ki,"qız bilər" .Bir dəfə Səmayəyə dedim,qızardı...

Anandan, bacılarından muğayat ol.

Ata ocağımızı sənə əmanət edirəm "

Cəmilə məktubu oxuyandan sonra ,yenidən hamı ağladı...

Bəhram otaqdan çıxdı.Mahnı səsi gəlirdi:

"Gül açdı,inci- inci,

Nə küs məndən ,nə inci.

Ay könlümün sevinci

Gəl,barışmaq vaxtıdır".

...Səmayə Bəhrama salam verdi." Xoş gəlmisən,həmişə evində- eşiyində "- dedi.

....Bəhram bir neçə gün sonra Səmayəyə ürəyini açdı.Əslində Səmayə bu beş ili onun yolunu gözləmişdi..

....Bacılarının təkidinə baxmayaraq ,Bəhram müəllim doğma kəndlərini tərk etmədi.Dedi:"Hamımız şəhərə qaçaq,bəs kənd necə olsun."

...Doğma kəndi Bəhram müəllimə qucaq açdı.Bəhram müəllim həyat yoldaşı Səmayə xanımla təsərrüfatlarını genişləndirir, mal qoyun,toyuq - cücə də saxlayırlar.Hər bir kənddə olduğu kimi.

Hətta tibbi təhsili olan Səmayə xanım kənddə kurs açdı.Qızlar orada tibb bacısı olmaq üçün təhsil alırlar.

Bəhram müəllim atası Sabir kişinin əmanət etdiyi ata ocağındadır...

Yenidən bu ocaqda hər bahar dədə- baba qırxyarpaq qızıl gülü gül açdı ,ətir s-açdı...