Emin  Piri : - TANRININ DİZLƏRİ

Ədəbiyyat 21:25 / 31.05.2025 Baxış sayı: 1238

 

 

Boyum çatmır boyuna,

sənə deyim qəlbimi.

Öpsəm çiyinlərindən,

ürəyimi açsam,

qulağına dediyimi

desəm boynuna, çiyninə..

Mən hər gecə təkliyin başını

qoydum Tanrının dizinə.

Ayağının altına bax, dəcəl qız,

əzərsən “çəkmə”nlə Maltanı.

Məndən yan keçən baxışların

demokl qılıncına çevrilir

xirtdəyimdə.

Boğuluram...

Mən qafqazlı Spartak

azadlığa deyil,

geriyə-

Romaya qaçıram

əsirin olmağa...

Sənin azadlığa açılmış qolların

İsanın gərilmiş çarmıxı.

Qeybə çəkilmək-yox olmaq istəyim var

qollarından-eşqin çarmıxından...

Şəklinə baxdıqca

qapım üstdə yuva quran

balasına yem aparan qaranquş

dənləyir ürəyimi.

Cikkildəyir:

“Niyə bitmir bu ürək,

elə bil sinə üstdə ürək deyil

taxıl zəmisi gəzdirir, zalım balası.”

Çiyinlərim qabar olub

Allahın tabutunu daşıyıram.

Şəhər-şəhər gəzdirirəm

kimsə yox tabut altına girməyə

şeytan ayağını yumaqda hamı.

Başım dizsiz qalıb

Tanrının dizləri çürüyür çiyinlərimdə.

Salavat çevirirəm təsbehimdə

Tanrının 99 adını pıçıldayıram:

Sən.

Sən..

Sən...