Ə/lizadə Nuri : - Payız havası üstə

Ədəbiyyat 11:15 / 30.06.2025 Baxış sayı: 1018

 

Payızı geyinib bu yol, bu səki,

Çağır, o buluddan təzə su gəlsin.

Payız yağışından üstünə səp ki-

Səndən göy üzünün qoxusu gəlsin.

 

O yağış canımdan yuyarmı pası,

Yuyarmı bu qəmi, yuyarmı dərdi?

Ay da göy üzündə gecə lampası

Ulduzlar yanında pərvanələrdi...

 

...Axşamın altından götür səhəri,

Günəşlə oynayaq uşaqlar kimi.

Ömür də beləcə əriyir, pəri

Qışda çətirinə yağan qar kimi...

 

Evdə darıxmaqdan evi də üzdüm,

Görən neynir indi sənin əllərin?

Gəl, çıxaq şəhərə bu axşamüstü

Gedib danışdıraq o heykəlləri...

 

Sevincdi... hərəyə bir qırıq düşüb,

Bir ömür bəs etmir indi adama.

Bizim arxamızca ayrılıq düşüb

Gəl, gedib qoşulaq o izdihama...

 

Hərə bir ümidin əlindən tutub,

Onu çağırmayan bir səsə gedir.

Bəlkə gedəcəyi yeri unudub

Amma ki, tələsə-tələsə gedir...

 

...Çıxaq bu payızdan səssiz-səmirsiz,

Payız yola salsın bir ana kimi.

Yerdə min adamı itiririk biz

Göydə bir Allahı tapana kimi...