Coşqun Xəliloğlu - MƏCHUL

YAZARLAR 20:44 / 19.07.2025 Baxış sayı: 5112

 (YUMOR)

Çoxmərtəbəli binada yaşayırıq. Səhər sübhdən işə gedib qaş qaralanda qayıtdığımdan qonşuların çoxunu düz-əməlli tanımıram.

Bazar günü idi. Həyətimizdə 9-10 yaşlı uşaqla rastlaşdım. O, gülümsünərək;

-Əmi, salam.

Uşağın salam verməyinə çox sevindim.

-Salam.

-Əmi, adınız nədir?

-Adımı neynirsən, bala?

-Anam soruşur.

-Anan adımı neynir?

-Bacımın toyudu, Sizi də çağırmaq istəyir. Deyir ki, sakit adamdı, çağırsaq gələcək.

Qonşuların xeyir-şərində iştirak etmək yaxşı işdir. Amma heç vaxt ünsiyyətdə olmadığım, adımı bilməyən qonşumun - heç mən də onun adını bilmirəm – məni hansı düşüncə ilə toya çağırmaq istəməsini, “Sakit adamdı, çağırsaq gələcək.” məntiqini başa düşmədim. Əsəbləşsəm də büruzə verməməyə çalışdım:

-Adım bu günə kimi Sakit idi. İndi gedirəm, “Asan Xidmət”ə. Adımı dəyişdirib “Məchul” qoyacağam, deyib uzaqlaşdım.

Bəlkə də inanmayacaqsınız. Axşamüstü idi, evə yenicə qayıtmışdım. Qapı döyüldü. Açdım, həmin uşaqdı, mənə dəvətnamə uzatdı. Zəif səslə, mübarəkdi, -dedim, dəvətnaməni alıb, açdım. Məchul müəllimi toya dəvət etmişdilər.

26.06.2025.