BİR DADIM TƏBƏSSÜM SOVQATI- yazdı  Ismayil Imanzadə 

YAZARLAR 12:30 / 18.07.2025 Baxış sayı: 1254

 

Dünən (15.07.2022) AYB Mingəçevir böməsinin yaradıcılıq günü idi. Yazarlarımızdan Elşən Əzim üç günlük Şuşa səfərindən təzəcə geri qayıdırdı, yəqin ki hələ Əhmədbəyliyə çatmamışdı. Namiq Zamanın bir dostunun toyunda, Rəfail Dəmiroğlunun övladının nişan məclisində olduğunu bilirdik. Məhyəddin Məhərrəmoğlu aranın qızmar nəfəsindən qaçıb uzaqlaşmaq istəyi ilə Gəncəyə üz tutmuşdu. Mahir bizi süd gölündə üzdürən zəmanəni vəsf edən bir şeirini oxumaq üçün fürsət tapıb “yuxarıların” düzənlədiyi bir tədbirə güclə özünü çatdırmışdı. Səxavət hansısa xoş məramlı bir məclisdə həmişəki kimi “söz köhləninin”-“ağ atın” belində idi. Yevlaxın Köyük kəndində yaşayan Əhməd Süleymanov həyətindəki bir ağacın kölgəsinə çəkilib təmsilini yazırdı.

Məmməd Mərzilinin adətən yenə ya toy, ya da yas məclisində olduğunu təxmin edirdik. Ayşən Rəhim məzunu olduğu kollecdən diplomunu alıb, Bəydili kəndinə qayıdırdı. Bəhman Gülövşəli ata ocağında tikdirdiyi evin əyər-əskiyini qaydaya salmaq istəyi ilə usta dalınca getmişdi. Ruslan Ələkbərli borclu olduğu adamların gözünə görünməmək üçün hardasa daldalanırdı. Seymur Sönməz şöhrər axtarışında, Rafiq Ələkbər xidməti işində idi. Zümrüd Rəhimova ilə Kəmalə Əyyubqızı yayın qızmar çağlarında çölə çıxmağı özlərinə qadağan etmişdilər. Bəsti Bərdəlinin sorağı İstanbuldan, Mehman Rəsulovun avazı ata ocağı Qobustandan, Cabir Qədimovun səsi Göygöldən gəlirdi. Əbülfət Həsənoğlu incikliyini üzə vurmasa da, nədənsə bu dəfə də bizdən qaçaq düşmüşdü. Adlarını çəkib şərəfləndirmək istəmədiyim 2-3 alababat “cızmaqaraçı” hələ də içlərindəki “paxıllıq qurdları”nı yemləməklə məşğul idilər…

Elə təzəcə qapını açıb içəri girmişdim ki, Rəşid müəllim özünü mənə çatdıraraq: “Heç qağamı tək qoyarammı!”-deyib divanda əyləşdi. Sonra istəkli həmkarım Eyyub Cabbaroğlu, onun dalınca isə həmişə “mənim ahıl və cahıl dostum” dediyim Ağabala Salahlı gəlib çıxdı. Bir-birimizlə hal-xoş edəndə, gözlənilmədən Ağdaşdan istəkli bir yazar dostumuz-tanınmış şair Kamil Sabiroğlu içəri girdi. Əhval-ruhiyyəmiz bircə anın içərisində elə duruldu ki iki saat zaman kəsiminin arxada qaldığından xəbərimiz olmadı…

Şeirlər oxuduq, Şuşaya getməyi haqq edən yazarlardan söz açdıq, “Ruhumuzun yaz havası” almanaxının avqustun sonlarında AYB-nin Natəvan klubunda keçirilməsi nəzərdə tutulan təqdimat mərasimiylə ilgili və X.B. Natəvanın 190 illik yubileyinə hazırlıq işləri barədə fikir mübadiləsi etdik. Sonda xatirə şəkilləri şəkdirib, bir kafedə çinar kölgəsinə çəkilərək çay içəndən sonra bir-birimizlə sağollaşıb ayrıldıq.

16.07.2022

P.S. Qələmə aldığım yazıdan kimsə incisə, şair Elşən Əzimin Şuşanın “İsa bulağı”ndan gətirdiyi sudan bir fincan dolusu gedib içə bilər!