Arzu Əsəd : - Bu nəyin kompleksidir?

Bu yaralı torpaqda yallımı oynayırsan,
Qorxmursanmı ahlardan, ey əsrin zavallısı?
Başının üzərində oynanacaq bir azdan
Uçuşan mərmilərin, raketlərin yallısı!
Bu misraları 2019-cu ildə yazmışdım. Paşinyanın Şuşada yallı getməyinə münasibət bildirərək. Şuşanı qaytardıq. Artıq Cıdır düzü bir çox beynəlxalq və ölkə əhəmiyyətli siyasi, iqtisadi, mədəni tədbirlərin səhnəsinə çevrilib. İnsanlarımız da dəstə-dəstə ora axışır, sevinc və qürurlarını müxtəlif pozalarda çəkdirdikləri şəkil və videolarında ifadə edirlər. Lakin düşünürəm ki, Cıdır düzünün bir tarix və mədəniyyət qoruğu kimi ciddiyəti müəyyən səviyyədə qorunmalıdır.
Çox zaman bu açıq səma altındakı filarmoniyamızda insanlar qrup-qrup, dəstə-dəstə ucuz meyxana manılarının sədaları altında "Noldu, Paşinyan?" deyərək bir-birinə qarışıb zövqsuz, əttökən şəkildə, elə lap Pasinyanın özu kimi rəqs edib onun videosunu paylaşırlar. Nəyə lazımdır ki?
Oynamağa yer tapmırsınız? Bu indi nəyin ifadəsidir ki?
O müqəddəs tarixi məkanı niyə meşşanlığın, məsuliyyətsizliyin, düşüncəsizliyin oylagına çevirirsiniz?
Niyə oğullarımızın qanı tökülən müqəddəs tarixi məkanlarımızda kimlərəsə göz dağı verərək yaşamalıyıq?
Bizim Paşinyandan fərqimiz nədir?
Bu nəyin kompleksidir?