Agamir Cavad - YIXILMA

Ədəbiyyat 12:46 / 04.07.2025 Baxış sayı: 1049

 

 

Aləmə ruh verən "Ol" kəlməsiyəm,

Yıxılma sözümün ucalığından.

Qəlblərdə iz salan eşq nəğməsiyəm,

Yıxılma izimin ucalığından.

 

Həyat yollarında şeytan qurub tor,

Yaxşını yamandan ayır, yaxşı gör,

Haqqa çatmaq üçün Tanrı səbri hör,

Yıxılma dözümün ucalığından.

 

Səni aldatmasın dünyanın varı,

Qoru saflığını, özünü qoru.

Yolunda işıqdır üzümün nuru,

Yıxılma üzümün ucalığından.

 

Eşqin kitabına düşən yazıyam,

Mizrabı sehrli könül sazıyam.

Çörəyin duzuyam, suyun duzuyam,

Yıxılma duzumun ucalığından.

 

Üzümdə ilahi niqabdır həya,

Gəlmişəm qəlblərə nurumu yayam.

Sevgi ocağının ucalığıyam,

Yıxılma közümün ucalığımdan.

 

Ağamir, yaxşı bax talan dünyaya,

Qurdla qiymətə qalan dünyaya.

Uyma bu gördüyün yalan dünyaya,

Yıxılma düzümün ucalığından.