Adilə Nəzər : - HƏR CANA TORPAQ YETƏR

Ədəbiyyat 11:03 / 19.06.2025 Baxış sayı: 2066

 

Bitsin müharibələr,

qoy dayansın savaşlar.

Bəlkə bizə baxaraq

tufanlar, qasırğalar,

zəlzələlər yavaşlar.

Ana oğulsuz qalıb

ürəyindən yanmasın.

Uşaq bomba səsilə

yuxudan oyanmasın.

Sərhəd qəlblərdə deyil,

xəritələrdə olsun.

Gözlər qorxudan deyil,

daim sevincdən dolsun.

Hər cana torpaq yetər,

hamıya hər şey çatar.

Allahın yaratdığı

kimin yerini tutar?!

Hər canın öz yeri var

öz nəfəsi, öz yolu,

öz duası, öz haqqı...

...Sənin maraqlarınla

tutmur başqa birinin

əxlaqı, ittifaqı.

Kim deyə bilər axı,

bu dağ, dəniz mənimdir?

Tarixə bax, Haqq olan

nahaq qan tökənlərə -

zalımlara qənimdir.

Torpaq səssizdir, amma

yaddaşı var, izi var.

Görmürsən üzərində

qanqalı, nərgizi var?!...

Susdurun silahları,

dil danışsın, silah yox.

Mərhəmət üstün gəlsin

cəhənnəmlik tamah yox.

Bitsin müharibələr,

qoy dayansın savaşlar.

Bəlkə bizə baxaraq

tufanlar, qasırğalar,

zəlzələlər yavaşlar.

19.06.2025