Zaman dəyişdikcə, insanlar da, onların dəyərləri də,dəyişir- yazdı Bəhram Bilaloğlu

YAZARLAR 12:06 / 19.07.2025 Baxış sayı: 3231

insanlara qarşı dəyərlərin gecikməsi və dəyərsizləşdirilən bir ömrün sükut halına keçid alaraq bizdən ayrılması-

Bəzən insan ömrü ilə zamanın arasına səssiz bir məsafə girir. Gündəlik həyat axınında, ötən anlar bir su kimi əldən axıb gedir. İnsan düşünür, öz-özünə dönüb baxır,kimlər idi dəyər verdiklərim? Nə qazandım və nə itirdim? Bu sualların cavabı çox vaxt bir sükutun içində gizlənir — çünki həyatın bəzi cavabları sözlə deyil, yaşantı ilə qəlblə danışır.

İnsan içində yaşadığı duyğuları bəzən dilləndirməz. O duyğular ki, bir kövrək kaman kimi qəlbin dərinliyində titrəyir.

Daxilən həmin kamanla həmsöhbət olursan,kiməsə deyə bilmədiyini onunla bölüşür,qərarlar verməyə başlayırsan.Bu anda görünməz bir yük daşıyır insan —

Halını kimsə soruşarsa, hər şey yaxşıdı deyər, keçər.

Nə gözə görünər, nə də,izah olunar.

Bəzən diqqət mərkəzində olanların həyatı yüngül görünür,deyərdim ki,əsla bu,belə deyil,onları izləyən, anlayan bir ruh üçün bu parıltının altında ağır bir yük yatır. Varlığın kölgəsində qalanlar üçün isə bu yük ikiqat olur — həm görünməmək, həm də içdən dağılmaq.

Zaman dəyişdikcə, insanlar da, onların dəyərləri də,dəyişir. Elə anlar olur ki, sözlər öz yerini itirir, fikirlər ahəngini. Ruhu oxşaya bilməyən qafiyələr,ilahi eşqi tapmayan ruh kimi sızlayır,dözə bilməyəndə ağlamağı,göz yaşlarını özünə təsəlli seçir.Hər misra, hər söz bir fəryad hissi qoparır içində, başqalarının soyuq baxışları içimizdəki istiliyi dondurur, gözlərdə qalan yaş isə sükutla süzülür, bir kimsənin fərqinə varmadan.

Ən acısı isə odur ki, qədir-qiyməti bilinməyənlər zamanla unudulur, lakin əsl dəyəri olmayanlar önə çıxarılır, dəyərə minirlər. Bu, bir tək haqsızlıq deyil — bu, həm də vicdanın sınağıdır. Qədrini bilmədiyimiz hər bir insanla birlikdə bir ümid, bir işıq da sönür.Lakin, bunu görəndə artıq gec olur.

Sonda bir həyat susur. Səssizcə, qırıq-könüllü. Bəzən bir ömür, qədirbilməzliyin içində əriyib gedir — heç kim duymadan, heç kim anmadan itirdiyinin fərqində olmur, Amma o həyat, dərin izlər qoyur — görünməyən, amma hiss olunan izlər. Bu izlər bizi daha da düşüncələrə qərq edir.Dəyəri zamanında vermədiklərimizə, nə zaman və necə qayıdacağıq sualı dühamıza həkk olaraq,qəlbimizin dərinliyinə çökür, narahat edir,bütün bunlara baxmayaraq, yenə də,həyatı öz müstəvisində yaşamağa davam edirik. Elə bil ki, bu hadisələr bizim gözümüzün önündə baş vermədi!

@öne çıkar