ŞƏHLA RƏVANIN HƏYATI VƏ POEZİYA  DÜNYASINA  BİR  BAXIŞ...

YAZARLAR 11:08 / 19.07.2025 Baxış sayı: 3977

 

 

Odlar Yurdu Azərbaycanın dilbər guşələrindən olan və Muğan ellərində yerləşən Cəlilabad rayonunda çoxsaylı şeir və poeziya nümayəndələri yaşamış və yaşayırlar. Heç şübhəsiz, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələri arasında "Şəhla Rəvan" imzası ilə çıxış edən Şəhla xanım Mürsəlovanın xüsusi imtiyazı və özəl yeri vardır...

 

Qısa təqdimat:

Mürsəlova Şəhla Miradil qızı (Şəhla Rəvan): 27 yanvar 1960-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib. Orta təhsilini Göytəpə şəhər 1 saylı tam orta məktəbdə başa vurmuşdur. M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı müəllimi ixtisası, həmçinin, Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə məzunudur.

Onun poeziya sahəsinə gəlişi orta məktəb illərinə qayıdır. İlk dəfə olaraq "Ana" və "Bənövşə" adlı şeirləri Cəlilabad rayonunun yerli mətbu orqanı sayılan "Yeni gün" qəzetində dərc olunmuşdur. Şəhla xanımın poeziya sahəsində 50 il, elm, pedaqoji və təhsil sahəsində isə 40 ildən çox əməyi vardır. Hazırda Cəlilabad rayon Göytəpə şəhəri  Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin direktoru, eyni halda Cəlilabad ədəbi mühitinin önəmli simalarından biridir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlov və eləcə də şəhid Mirəjdər Mürsəlovun bibisidir.

''Şəhla Rəvan" təxəllüsü ilə tanınan bu dəyərli el şairi məsnəvi, heca və bəzən də, sərbəst janrlarında bir-birindən mənalı və gözəl şeirlər yazır. İndiyədək yüzlərlə şeir qələmə almış, şeirlərindən yalnız müəyyən hissəsi müxtəlif yerli və respublika səviyyəli mətbu orqanlar (qəzet, jurnal və internet portalları) tərəfindən çap edilmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, Şəhla xanımın indiyədək bədii ədəbiyyat sahəsində üç kitabı işıq üzü görmüşdür. Onlar aşağıdakılardan ibarətdir:

1. "Yenə sənə dönəcəyəm" (Şəhla Rəvanın poeziya dünyasından bir damla - Şeirlər toplusu); "Elm və təhsil" nəşriyyatı, Bakı, 2025, 136 s.

2. ''Düşüncə dəryası" (İlqar İsmayılzadənin yaradıcılığının fəlsəfəsi və təhlili), "Elm və təhsil" nəşriyyatı, Bakı, 2025, 180 s.

3. "Ədəbi təhlillər" (Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin poeziya nümunələrindən təhlillər), "Elm və təhsil" nəşriyyatı, Bakı, 2025, 212 s.

Şəhla Rəvan xanım azərbaycan, rus, fransız və fars dillərini bilir. İki övladı, beş nəvəsi var.

 

Bədii ədəbiyyat nümunələri:

Şəhla Rəvanın şeir və poeziya dünyası çoxşaxəli, əsrarəngiz, maraqlı və dərin mənalıdır. Onun şeirlərini oxuduqda, şeirlərin ötəri həvəs üzərində deyil, dərin hisslər, eyni halda elmi və səlis dildə qələmə alındığını hiss etmək mümkündür.

Şeirlərinin savadlı, bütün ədəbi qaydalar və rəsmi Azərbaycan dilinin dialekt çərçivəsində olması onun azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil aldığı, bu sahədə uzun illər boyu peşəkar filoloq və dilçi müəllim kimi pedaqoji fəaliyyətindən irəli gəlir.

Şəhla xanımın şeirlərində Tanrıya varlıq aləminin Ali Qüvvəsi kimi tez-tez müraciət olunur. Onun şeirləri həm də insanlıq, humanizm, milli-mənəvi və insani dəyərləri tam mənada saflıq və səmimiyyətlə tərənnüm edir. Burada onun şeirlərindən bir neçəsi ilə yaxından tanış oluruq:

 

BİLMƏDİM...

 

Yolumu azmışam duman içində,

"Kaş ki"-lər, içində, güman içində.

Biz nələr yaşadıq zaman içində,

Sən məni heç zaman duya bilmədin.

 

Qədrimi bilmədin incidim, küsdüm,

İtirdim başımı tamam, büsbütün.

Bir zaman arzuydun, ən xoş ümüddün,

Bəs niyə dəyişdin deyə bilmədin.

 

Mən ki, çox sevmişdim səni özümdən,

Heç zaman çıxmazdım bircə sözündən.

Bəs necə oldu ki, düşdüm gözündən,

Bilmədim mən bunu niyə bilmədim.

 

Nələri yaşadım sən gedən gündən,

Gözümdə yaş oldun, saçlarımda dən.

Ağlatdın sən məni, ağlatdın nədən?

Amma göz yaşımı silə bilmədin.

 

Ömrümü yaşadım sənsiz bir təhər,

Gözümdə heç oldu günəşli səhər.

Qəlbim dərd yuvası, boğazım qəhər,

Gülmək istəsəm də gülə bilmədim.

 

Arzularım talan oldu gəlmədin,

Vədə verdin, yalan oldu gəlmədin.

Məni gözdən salan oldun gəlmədin.

Ölmək istəsəm də ölə bilmədi

 

Sevgi

 

Sevgi üçün ayrılıq od üçün külək kimi,

O zəifi söndürür, alışdırır güclünü.

Həqiqi sevgi əhli ucuz tutmaz sevgini,

Odu sönsə də əgər, əzizləyər külünü.

 

Məhəbbətin, sevginin dili olmaz deyirlər,

Çünkü, həqiqi hisslər işlə ifadə olur.

Həqiqi sevgidirsə, ruhunda olan hisslər,

Saf məhəbbət tükənmır qəlbində odu qalır.

 

Sevgini qızılcaya bənzədiblər atalar,

Nə qədər gec gələrsə, təhlükəli sayılar.

Eşqini uca tutmuş Nəbilər, Koroğlular,

Onların da qeyrətli Həcəri, Nigarı var.

 

Odlara yanan varmı Əsli və Kərəm kimi?

Leylinin həsrətindən Məcnun düşdü çöllərə.

Sevgi olmuş daima saf hisslərin hakimi,

Məhəbbətin qüdrəti səda salmış hər yerə

BİR ÖMÜRLÜK MÜCADİ

 

Həyat tamaşadır, yoxsa, oyuncaq?

Həyatı oyuncaq sananlar da var.

Həyat bir od deyil, nə də oduncaq,

Qurunun oduna yananlar da var.

 

O heç vaxt sönməyən mübarizədir,

Həzz də iztirabla qoşa gedirmiş.

Onları ayırmaq bir möcüzədir,

Çox zaman o həzzə müncər edirmiş.

 

Heç vaxt dayanmayan fəaliyyətdir,

Həmişə fərəhli, xoş bir niyyətdir.

O təmiz amaldır, təmiz niyyətdir,

Bu da müqqəddəslik, paklıq deməkdir.

 

Xoşbəxtlik-mənalı həyat uğrunda,

İsrarlı, inadlı mücadilədir.

Qismətdir düşünüb sanma sonunda,

Demə ki, Tanrıdan bir hədiyyədir.

 

Yanlışa aparar illüziyalar,

Bir dəfə gəlmişik bu dünyaya biz.

Sevinsin ürəklər, gülsün arzular,

Düz olsun yolumuz və əqidəmiz.

 

Dost

 

Dostsuz yaşamağın özü,

Yarımçıq ömür sürməkdir.

Dostun varsa bil ki, düzü,

Əsil dost özün deməkdir.

 

Sevincini və kədəri,

Əziz dostla bölməyəndə,

Həyatın itir dəyəri,

Mənası bilinməyəndə.

 

Dost arxanda enməz dağdır,

Əqidəsi varsa, əgər.

İnsan insana dayaqdır,

Sadiq dost hər şeyə dəyər.

 

İnsanlara insan qədər,

Heç nə gərək ola bilməz.

Duyğuların gedər hədər,

İnsan dostsuz qala bilməz.

 

Sevincini duya bilməz,

İnsana insan gərəkdir.

Yadlara sirrini verməz,

Əsl dostluq bu deməkdir.

 

İnsan əgər dost olarsa,

Olsun gərək əqidəsi.

Həqiqi dostluğu varsa,

Olmaz onun qəm-qüssəsi.

 

İnsan, insansız kədərin,

Təkliyin əlində bitər.

Əzab verərsə dərdləri,

Yalnız bir dost ona yetər

 

Xəzərim mənim

 

Xatirəyə dönən xəzərim mənim,

Suların büllurtək safdır, təmizdir.

Qəmli taleyimdə yaşar dünənim,

Sahilin nə qədər mənə əzizdir.

 

Dəli dalğaların kükrəyən zaman,

Sanki, alacağdı qoynuna məni.

Bilsəydim, çataram sevgimə inan,

Qucardım, öpərdim ləpələrini.

 

Pıçıltın həzin bir laylalar kimi,

Unut söyləyərdi, unut dərdini.

Anamtək oxşardın kövrək qəlbimi,

Dinərdi könlümdə min həsrət simi.

 

Hardadı həsrətim, vüsalım, Xəzər?

Dərdim sinəndəki ümmana bənzər.

Mavi sularında xəyalım üzər,

Al məni qoynuna, ey anam Xəzər…

 

Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, Şəhla Rəvan təkcə şair deyil, həm də ixtisasından irəli gələn mahir ədəbi təhlilçi və bacarıqlı tənqidçidir. İndiyədək onun ədəbi sahədə bəzi təhlilləri həm kitab, həm də müxtəlif portallarda məqalə formasında yayımlanmışdır.

Sonda doğma yurdumuzun tanınmış filoloq, pedaqoq, ədəbi təhlilçi və dəyərli şairi, eyni halda Cəlilabad ədəbi mühitinin görkəmli və elit-ziyalı nümayəndəsi və kraliçası Şəhla Rəvan xanıma uzun, sağlam və mənalı-məsud ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

 

İlqar İsmayılzadə

 (fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları laureatı, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi)