Emin Piri : - EŞQ AYƏLƏRİ

Ədəbiyyat 09:20 / 18.07.2025 Baxış sayı: 1096

 

Baxışların məni istədiyi

operaya çevirən drijor,

əlim sinəmdə

himn oxumaq kimidi

Səni səsləmək.

Hər sevirəm kəlmən

“Oxu”,

“Eşqin adıyla oxu” kimi

səslənər qulağımda.

Hər gecə dodaqlarıma qoyduğun

sevgi vəhylərinin

Mən sorğu-sualsız Nəbisi.

Susayarsan gecəyarı

Durub şəklinə baxarsan.

Kəbə divarıtək

Üzümü sürtərəm-yanağın

mənim tövbə yerim.

Sevmək

Samovara atılan odun parçasıtək

Ürəyimin son çırpıntıları.

Səadət hər səhər

sevdiyinin gözlərində doğulmaqdı.

Sən olmayanda

əllərimi unuduram,

ayaqlarım məndən xəbərsiz

həyətinizdə ayaq izlərini sığallayır.

Adam ürəkdən yox

Çiyinlərdən və dizlərdən sevir

Bütün varlığınla başını qoymağa.

ən çox sevdiyin sözə çevrilər

körpə şıltaqlığıyla dediyi

dəli kəlməsi.

Baxışların qəlbimdə imza yeri.

Daha saatlar da geri çəkilmir

bir saat artıq qalasan.

Indi daha çox anlayırsan

Şekspirin obrazlarını.

Başını çıxarıb pəncərədən

qışqırmaq istəyirsən:

Oxuma torağay, oxuma.

inanma

ağzından çıxan kəlmələrə,-

Qadının dili ağzında yox,

gözlərindədi.

Tellərində maqnit qasırğası,

Barmaqlarım istiqamətini itirmiş

Kompas əqrəbidir indi.

Sənsiz yayın ortasında

dişlərim kilsə zəngi.

Iki min il sonra

Sənsizliyin çarmıxında

yerə enən İsayam...