Arzu Hüseyn : - Qara gözlü gecələrdən incimə…

Saçı dənli gecələrdən incimə,
Qızarıbdı gözlərində dan üzü.
Kipriyinin kölgəsində dincini
Ala bildin yuxuların, gündüzüm?
Əllərini uzatdınmı göylərə,
Duaların mələklərə yetdimi?
Savaşların yenə aşıb dağ, dərə,
Bir qadının qollarında bitdimi?
Yollarının qısaldımı ünvanı?
Məsafələr azaldımı gedincə?
İnadının tükəndikcə zamanı,
Dərdlərini uduzdunmu sevincə?
Sayrışarmı yenə ulduz gözləri,
Saçı dənli gecələrin bəriyə?
Bəlkə bir gün əllərimdə əllərin,
Buz ürəyin nəfəsimdən əriyə.
Qara gözlü gecələrdən incimə…