Aida Adıgözəl : - sonda yenə mənəm gülən!

Ömrün sonuna qalxan pillələrin elə bir yerindəyəm ki...
Arxada məyusluqla yaşanan keçmiş,
qarşıda təəssüflə bitəcək gələcək...
Hər şeyin "ondan sonra nə?" -
deyiləcək bir zaman kəsiyindəyəm.
Ömür, ömür, ömür...
Şirin və acı meyvəli bir ağacın doyulmaz dadı...
O qədər beynimi gəmirən suallar, cavablar və acı gerçəklər var ki içimdə.
Bu şeiri 50 yaşım olanda yazmışdım. Ondan sonra hər ad günümdə təkrar paylaşıram. Nədən? Çünki məni bu şeirdən daha gözəl anlatan bir şeir doğulmadı, düşünürəm ki doğulmayacaq da...
Salam mənim yeni yaşım,
salam, mənim yarım əsrim.
Salam, uçmuş, sınıq-salxaq,
dam tavanı çökmüş qəsrim.
Salam, çiliklənmiş ömrüm,
salam, salam, salam, salam...
Kim dedi ki, mən gəlmişdim,
bu dünyada düşüb qalam ...
Salam, dağıdılmış yuvam,
salam, sınmış yumurtalar.
Salam, sinəmin altında,
bətnimdə ölmüş balalar.
Salam, unudulmuş Qadın,
seçilməyən gül dəstəsi.
Ömrün "Həyat" adlı barda
uduzmuş qumar xəstəsi.
Salam, əziz doğmalarım,
salam, tanış və dostlarım.
Utansam da qonaq gəlin,
nə olsun yox, ev, bostanım...
Salam, cibimdə son qəpik,
salam, sonuncu ərzağım.
Dolabdakı köhnə donum,
saçımda sınıq darağım.
Salam mənim tənha gecəm,
gecəmə şahid şeirlər.
Mənimlə birgə ağlayıb
varağa tökülən sözlər.
Salam, sonuncu gülüşüm,
salam, son öpdüyüm adam.
Üstündən çox zaman keçib,
unutmusan, indi yadam.
Salam, tətikdəki barmaq,
daraqda sonuncu gülləm.
Atəş açsan ölməyəcəm,
sonda yenə mənəm gülən!