COVİD-19 pandemiyası ilə əlaqədar onlayn keçirilmiş Beyəlxalq Biologiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 1 qızıl və 3 gümüş medal qazanmaqla böyük uğura imza atıblar.
Sumqayıt şəhər 15 saylı tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl,Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Asiman Ziyyədinov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sədiyar Qafarov gümüş, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər.
Adalet.az xəbər verir ki, Müsabiqədə ilk 3 yeri hər biri 3 qızıl 1 gümüş medal qazanmaqla Rusiya, Çin və ABŞ məktəbliləri tutublar.Azərbaycan komandası 1 qızıl 3 gümüş medalla Yaponiya və Sinqapur məktəbliləri ilə yanaşı 5-7-ci yerləri paylaşırlar.
1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər 8 qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla 194 medal qazanılmışdır ki, bu da bütün medalların təxminən 40%-ni təşkil edir.