XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



"Əgər istəyirsinizsə uşaqlarınız ağıllı olsun, ağıllı qızlarla evlənin” - Çingiz Abdullayev
Maraqli 17:07 / 05.06.2022

Yenises.az   Pravda .az-a  istinadla   bildirir  ki,  Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, "Kaspi” qəzetinin  informasiya dəstəyi ilə həyata keçirilən "Məktəbdə” layihəsi çərçivəsində Ramana qəsəbəsindəki 198 saylı məktəbdə baş tutan görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi Çingiz Abdullayev onu dünyada məşhurlaşdıran, oxucuların sevimlisinə çevirən yaradıcılığından söhbət açıb.

 

Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunub. 34 ildir ki, Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Səməd Vurğunun otağında oturub işləyir. "Xalq yazıçısı” fəxri adına ölkəmizdə ən cavan yaşda - 45 yaşında layiq görülüb. 203 romanı çap olunub. 52 ssenarisindən 8-nə kino və serial çəkilib. "Bu gün Azərbaycanda cəmi dörd Xalq şairi var – 81 yaşlı Nəriman Həsənzadə, yaşları 80-ə yaxınlaşan Ramiz Rövşən, Sabir Rüstəmxanlı və 77 yaşlı Vahid Əziz. O cümlədən, səkkiz xalq yazıçımız var. İndi onların ən cavanı sizin görüşünüzə gəlib…”

 

Mövzu ilə bağlı "Kaspi” qəzetinin yazısını təqdim edirik:

 

Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı, "Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyi ilə həyata keçirilən "Məktəbdə” layihəsi çərçivəsində Ramana qəsəbəsindəki 198 saylı məktəbdə baş tutan görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi Çingiz Abdullayev onu  dünyada məşhurlaşdıran, oxucuların sevimlisinə çevirən yaradıcılığından söhbət açdı. Şagirdlərin görüşdən öncə məktəbin kitabxanasında yazıçının "Kişi papağı” adlı hekayəsi əsasında təqdim etdikləri səhnəcik, "Uşaqlarımız çoxdan sizinlə görüşmək arzusunda idilər” deyən məktəbin direktoru Şəlalə Nadirovanın səmimi sözləri Çingiz Abdullayevin yaradıcılığını sevdiklərinin təsdiqi idi ki, bu, yazıçının gözlərini yaşartdı: "İndiyə qədər ölkəmizdə 174 məktəbdə olmuşam. Elə bir universitet və ya kollec yoxdur ki, orda tələbələrlə görüşməyim. Heç vaxt görüşlərdə oturmuram. Elə vaxt olub ki, 6 saat ayaq üstdə dayanıb suallara cavab vermişəm. Onda elə bilirəm ki, auditoriyaya daha yaxınam, bir-birimizi daha yaxşı başa düşürük...”

 

Əgər torpaqlarımızı qaytarmasaydıq...

 

Yazıçı öncə ən çox hörmət etdiyi peşə sahiblərinə - MÜƏLLİMlərə olan məhəbbətinin sirrini açıqladı: ”Anam müəllimə olub. İki ixtisas var ki, mənə görə ən hörmətlidir: müəllim və həkim. Nə üçün mən müəllim adını xüsusi vurğulayıram? Prezidentin Sərəncamı ilə Yaşat Fondunun Himayəçilər Şurasında təmsil olunuram. Biz 2-ci Vətən Müharibəsində 3 min şəhid vermişik. Həmin 44 günlük müharibədə 60-70 yaşlı insanlar şəhid olmayıb. Həlak olanların əksəriyyəti 20-25 yaşlı gənclərdir. Onların heç biri Şuşanı, Ağdamı, Füzulini görməyiblər. Amma müəllimlərimizə, Prezidentimizə, yazdıqlarımıza inanaraq gedib döyüşüblər və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olublar. "Onlar torpaqlarımızı qaytarıblar” deyiləndə mən o qədər də xoşlamıram. O cavanlar təkcə torpaqlarımızı yox, ləyaqətimizi, qürurumuzu qaytarıblar. Əgər biz torpaqlarımızı  qaytarmasaydıq, özümüzə hörmət edə bilməzdik. Amma biz sübut elədik ki, qəhrəman xalqıq. Müharibə dövründə, ondan sonra da ermənilərin ölkəmiz haqqında yalanlarını, uydurmalarını eşitdik. Amma biz öz həqiqətlərimizi dünyaya danışırdıq və bu gün də danışırıq”.

 

"Yaxşı kitablar dünyanı başa düşməyə kömək edir”

 

Yazıçı mütaliənin əhəmiyyətli olmasını, biliklərə yiyələnməyin faydasını izah etməyə çalışdı: "Mən həmişə deyirəm: mütləq deyil ki, mənim kitablarımı oxuyasınız, amma mütləq kitab oxuyun. Bizim gələcəyimiz sizdən asılıdır. Yaxşı kitablar dünyanı başa düşməyə kömək edir. Min illər boyu yaxşı kitabları ağıllı yazıçılar yazıblar. Gəncəyə yolu düşənlər Nizaminin məqbərəsinə baş çəkə bilər. Min illər ərzində ordan nə qədər padşahların özləri və dəstələri, həmçinin vəzifəli insanlar keçsələr də, onların heç birinin izi-tozu qalmayıb. Ancaq kasıb bir şairin – Nizaminin qəbri bundan sonra da min illər qalacaq. Və yaxud mən Kərbəlada olmuşam. Şair Füzulini İraqda, İmam Hüseyn məscidində dəfn ediblər. Üstündən 1500  il keçib. O müqəddəs yerə heç bir sultanın, şahın qəbrini qoymayıblar. Amma Füzulinin qəbri ordadır. Görünür, bu yazıçılar xalq üçün nəsə yaza biliblər. Əslində, yaxşı yazıçı öz xalqının əbədiyyətdə vəkilidir. Onun yazdıqları xalqı üçündür. Siz də o kitabları oxusanız və ya internet proqramlarını yaxşı bilsəniz, xarici dillər öyrənsəniz biz inkişaf edəcəyik. Onda bizim ordumuz da güclü olacaq, ölkəmiz də siyasi və iqtisadi baxımdan inkişaf edəcək”.

 

"Deyin ki, mən sizi sevirəm...”

 

Yazıçı şagirdlərə nəinki valideynlərini sevməyi, daim bu sevgini izhar etməyi tövsiyə etdi: "İndi siz bu görüşdən çıxıb evinizə gedəcəksiniz. Evdə valideynlərinizi görəcəksiniz. Bu, həyatda ən böyük xoşbəxtlikdir. Amma biz bunu zamanında başa düşmürük. Onları necə sevdiyimizi vaxtında demirik. Mənim atam 81, anam 87 yaşında dünyasını dəyişib. Amma çox xoşbəxtəm ki, onlar daim mənim yanımda olublar. Mənim ən yaxın dostum atam olub. Mən onun böyük oğlu olmuşam. Biz hamımız hüquqşünas olmuşuq. Atam mənim bütün kitablarımın ilk oxucusu idi. Amma ömrümdə atama deməmişdim ki, mən səni sevirəm. O başa düşürdü ki, mən onu çox istəyirəm. İndi fikirləşirəm ki, niyə bunu vaxtında deməmişəm? Ona görə siz atanıza da, ananıza da onları sevdiyinizi deyin, çəkinməyin. Əgər siz evə gedəndə "mən səni sevirəm” desəniz, onlar üç gün daha çox yaşayacaqlar. Bu, onları xoşbəxt edəcək”.

 

"Yazıçı qəhrəmanını yaradanda özünə oxşatmaq istəyir”

 

Çingiz Abdullayev şagirdlərin ünvanladığı sualları səmimiyyət və həvəslə cavablandırdı.

 

"Əsərlərinizi təxəyyülünüz əsasında yazırsınız, yoxsa həyatda qarşılaşdığınız konkret faktlar əsasında?” sualına yazıçının cavabı uşaqlar üçün maraqlı idi: "Mən həyatda çox şey görmüşəm. İki müharibədə iştirak etmişəm. Təbii ki, öz təxəyyülümü yazıram. Qızımın 14 yaşı olanda bir gün "Ata, sənin qəhrəmanın kimdir?” deyə maraqlandı. Dedim ki, yazıçı öz qəhrəmanını yaradanda özünə oxşatmaq istəyir, amma özündən də ağıllı göstərməyə çalışır. İndi hamı mənə yox, mənim qəhrəmanıma məktub yazır. Maraqlıdır ki, mən qadın adına 6 kitab yazmışam. Mənə deyirlər  ki, qadınları bu qədər hiss edən hər yazıçı bunu yaza bilməzdi. Mənim üçün qadınlar dünyada ən böyük möcüzədir. Xüsusən dünyaya övlad gətirən qadın mənim üçün ən böyük sirdir. Mən "ağıl uşaqlara anadan keçir” deyəndə bəzən çoxlarının xoşuna gəlmir. Hansı ailədə ana təhsillidirsə orda uşaqlar daha yaxşı oxuyurlar. Ona görə həmişə cavanlara məsləhət verirəm: əgər istəyirsinizsə uşaqlarınız ağıllı olsun, ağıllı qızlarla evlənin!”

 

"Pulu, şöhrəti fikirləşirsənsə, yazıçı adlana bilməzsən”

 

Uşaqlara maraqlıdır: "Bütün dünyada tanınan Çingiz Abdullayev özü hansı yazıçıların əsərlərini oxuyur?”

 

"Mənim kabinetimdə Hemenqueyin böyük şəkli var” deyə yazıçı cavab verdi: "Mən onun əsərlərini həmişə sevmişəm. 60-70-ci illərdə Bakıda hər bir ziyalı ailəsində onun şəkli vardı. Hemenquey mənə həmişə nümunə olub. O deyirdi ki, yazıçının vicdanı etalon olmalıdır. "Sən heç kəsdən qorxmamalısan. Heç kəsə yaltaqlanmamalısan. Əgər bunları edirsənsə, yazıçı deyilsən. Sən min adamı aldada bilərsən, amma on milyon adamı aldada bilməzsən. Əgər pulu, şöhrəti fikirləşirsənsə, yazıçı adlana bilməzsən. Əgər sən xalqının tərəfində olmasan, sən yazıçı deyilsən” deyə Hemenquey yazırdı. Biz də həmişə xalqı müdafiə etməli, xalqın yanında olmalıyıq”.

 

Uğurlar zəhmətsiz olmur

 

"Bir kitabı yazmağa nə qədər vaxt sərf edirsiniz” deyə şagirdlərdən biri soruşdu: "Elə kitabım var ki, onu 14 ilə yazmışam. Yuli Sezarın həyatı haqqında tarixi romandır. Çox adam mənim detektiv əsərlərimi sevir. Elə bilirlər ki, yalnız detektiv yazıram. Amma mən tarixi romanlar, publisist əsərlər də yazıram. 20 Yanvar hadisələri ilə bağlı "Qara Yanvar” kitabını İbrahim Şükürovla yazandan sonra bu əsəri hər yerdə, o cümlədən xaricdə də payladılar. Əsər 1990-cı ildə çıxıb. Bundan əlavə, Zori Balayan, Ter-Petrosyanla bağlı kitablarım nəşr olunub. Konan Doyl "Şerlok Holms”u yazandan sonra qəhrəmana hər yerdə abidələr qoyuldu. Amma onun yaradıcılığı təkcə bu əsərdən ibarət deyil. Mənim elə əsərlərim var ki, tez yazmışam. Bir və ya iki aya əsər yaza bilərəm. Atamın uşaqlıqda çap maşını vardı. Mən onda işləmişəm və tez-tez yazmağı öyrənmişəm. Ona görə peşəkar "maşinistka” kimi yaza bilirəm. Amma təbii ki, elə kitablar var ki, yazarkən araşdırma lazımdır. Onda bir az gec yazıram. Bir dəfə atam məndən soruşdu: "Əgər sənə qonorar verməsələr, amma əsərlərini dünyada çap etsələr razı olarsanmı? Dedim ki, istəyərəm. İndi Azərbaycanda kimin pulu çox olursa, şadlıq evi tikdirir. Amma mənim şadlıq evim yoxdur, yalnız kitabdan və kinodan qonorar alıram. Mən təkcə qonorar üçün yazmıram. Ona görə yazıram ki, əsərlərim oxunanda sevinirəm. Yaradıcı insan təvazökar olmur. Mən də istəyirəm ki, əsərlərimi oxusunlar. Şairin ən böyük xoşbəxtliyi odur ki, şeri səslənsin. Bəstəkar da, rəssam da, müğənni də, jurnalist də bunu istəyir. İndi dəb düşüb, sosial şəbəkələrdə paylaşım edəndə hamı nə qədər "like” edilməsini gözləyir. Yazıçı da belədir, oxunmasını istəyir. Amma uğurlar zəhmətsiz olmur”.

 

Dronqo Emin Sabitoğluna görə sağ qalıb

 

"Niyə əsərlərinizdə "Dronqo” baş qəhrəman olur?” Bu sual yazıçı üçün çox xoş oldu: "Mən o qəhrəmanı sevirəm. O, mənim bır sıra əsərlərimdə xəfiyyə obrazıdır. Bir dəfə onu "öldürmüşdüm”. Həmin əsər çap olunanda bəstəkar Emin Sabitoğlu zəng vuraraq "mənim qızım Dronqonu "öldürdüyünə” görə ağlayır. Elə qəhrəmanı öldürmək olar?” deyə narazılıq etdi. Mən də Dronqonu yenidən "diriltdim”. İndi həmin qız rektordur. Onu hər görəndə "Dronqo sənə görə sağ qalıb” deyə yadına salıram”.

 

İnsan nə qədər çox oxuyursa...

 

Məktəbin müəllimlərindən biri "Şagirdlərə hansı əsərləri oxumağı tövsiyə edərdiniz” deyə yazıçının tövsiyəsini istədi. "Bizdə gənc nəsil yazıçılar yetişir. Aralarında çox istedadlı gənclər var. Onlara da həmişə deyirəm: elə yazın ki, sizi dünyada oxusunlar. Natiq Rəsulzadənin əsərləri xoşuma gəlir. Onun əsərlərində Bakının ruhu var. Uşaqlar Elçin Hüseynbəylinin, Ramiz Dənizlinin əsərlərini oxuya bilərlər. Mən uşaqlıqda Məmməd Səid Ordubadinin, Anarın, Elçinin əsərlərini oxuyurdum. Ramiz Rövşən, Nəriman Həsənzadənin yaradıcılığını, Mövlud Süleymanlının hekayələrini çox bəyənirəm. Qoy uşaqlar Azərbaycan yazıçılarının əsərlərindən başlasınlar. Onlar mütləq "Dədə Qorqud”u oxumalıdırlar. Böyük şairlərimiz olub. Sabir kimi cəsarətli şairimiz, Mirzə Cəlilimiz, 29 yaşında güllələnən Mikayıl Müşfiqimiz olub. Qoy onların əsərlərini oxusunlar. Dünya ədəbiyyatını da oxumalıdırlar. İnsan nə qədər çox oxuyursa, dünyagörüşü o qədər zəngin olur. Mən sevinirəm ki, öz ölkəmizdə də, dünyanın hər yerində də mənim əsərlərimi oxuyurlar. Fəxr edirəm ki, dünyada bir neçə prezident mənim əsərlərimi oxuduğunu deyib. Sevinirəm ki, Prezident İlham Əliyev də mənim əsərlərimi oxuyub. Onunla bir neçə dəfə görüşmüşəm və bunu dəfələrlə qeyd edib. Medvedyev Rusiyanın prezidenti olanda mənə üzərində "Ən sevimli yazıçıya” sözləri yazılmış saat bağışlayıb. Vladimir Putin Azərbaycan –Rusiya dostluğuna görə məni ”Dostluq ordeni” ilə təltif edib. Rusiyanın səfiri "Bütün Rusiyada sənin əsərlərin oxunur” deyirsə, mən bununla qürur duyuram. Əgər bu görüşdən sonra uşaqlar gedib hər hansı yazıçının 2-3 kitabını açsalar, bu görüş daha əhəmiyyətli olar”, - yazıçı cavab verdi.

 

"Bütün tanınmış şəxsiyyətlərin qəribə xüsusiyyətləri var. Sizin qəribə xüsusiyyətiniz nədir?” deyə gənc müəllimlərdən birinin sualı görüşə həm də yekun vurdu.  "Mən  qadınları sevirəm” deyən yazıçının cavabı zalda alqışlarla qarşılandı: "Qadınlar qəhrəmanları böyüdüblər, tərbiyə ediblər. Əgər bu sevgi yaradıcı adamlarda olmasa, heç nə yaratmaq olmaz. Hemenquey deyirdi: "O gün ki, mən sevməyəcəyəm, yaza bilməyəcəyəm. Sevgi olmasa, həyatı sevə bilməzsən. Bilmirəm, necə yazıçıyam – yaxşı, ya pis? Bilmirəm, necə insanam, - yaxşı, ya pis? Ancaq onu bilirəm ki, dünyada elə bir qadın yoxdur ki, məndən incisin. Və ya bir kişi də yoxdur desin ki, mən sadiq dost olmamışam. Mən bununla fəxr edirəm!”


3406 oxunub

InvestAZ