XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - Əlincənin işığında dərdləşmək
YAZARLAR 08:30 / 20.05.2022

İbrahim Yusifoğlu ilə ruh təması

 

Bəri başdan deyim ki, Azərbaycanın hər yeri mənim üçün doğmadı, əzizdi və bu canım, məmləkətimin hər bucağında isinə biləcəyim ocaq, döyə biləcəyim qapı var. Bu şəxsən mənim bir insan xoşbəxtliyimdi. Bununla hər zaman əlimi ürəyimin üstünə qoyaraq həmişə fəxr etmişəm. Necə deyərlər, gedəcək yerim olduğu üçün.

Bəli, bu canım, məmləkətimdə mənim üçün xüsusi bir guşə də var, ünvan da var və çox qəribədir ki, Azərbaycan sözündən sonra adında «CAN» ifadəsini tapmış ikinci məkandı həmin o dediyim guşə! Mən bunu zaman-zaman düşündüm və anladım ki, adının içərisində «CAN» olan Azərbaycanla Naxçıvan əslində bir tamlıqlı, bir bütövlükdü. Ortada tarixin hansısa bir dövründə düşmənin aramıza özünü təpməsi bu bötöv torpağı bir-birindən azacıq aralı salıb. Amma   və  buna baxmayaraq can həmişə və hər kəsdə bütöv olub. Elə bu gün də mən o bütövlüyü görürəm. Ona görə də ilindən, günündən, məqamından asılı olmayaraq ürəyim məni həmişə Naxçıvana – o gözəl ünvana çəkibdi. Yol çantamı çiynimə alanda «Ya Allah» deyib yola düşəndə bilmişəm ki, doğmaların elinə, evinə üz tutmuşam. Getdiyim yer, sevdiyim, özümün, ürəyimin bütöv olduğu yerdi.

Bax, bu mənada   Naxçıvandakı ədəbi mühit də mənim üçün həmişə doğma olubdu. Oxumuşam, öyrənmişəm, izləmişəm. 

Dəyərli şair qardaşım İbrahim Yusifoğlunun bugünlərdə kitablarını vərəqləyirdim. Qarşıma «Əlincə» çıxdı. Oxudum və bir də gördüm ki, yenə Naxçıvandayam, yenə Əlincə qalasındayam. Bu möhtəşəm qalanın divarları arasında, Naxçıvandakı dostlarımla, indiki məqamda isə İbrahim Yusifoğlu ilə söhbətləşirik. İbrahim deyir ki:

 

Ürəkdə qan coşar, ilham çağlayar,

Bu qədim qalanı seyrə gəlincə.

Hər kəsi özünə qəlbən bağlayar,

Qurur mənbəyimiz məğrur Əlincə.

 

Şair qardaşımın coşğulu bir tərzlə Əlincəni mənə, oxuculara təqdim etməsi, təbii ki, mənim də könlümü atlandırır, məni də bu ab-havaya qoşur. Özüm də hiss etmədən Əlincəni anladığım, duyduğum, dərk etdiyim kimi İbrahimə təqdim edirəm:

 

Cığır-cığır, ləpir-ləpir oxşayıb

Yaddaşını vərəqləyib, yoxlayıb

Mən tarixin sükutunu oxlayıb

Sehirləndim, qucağına gəlincə-

Əlincə!

 

Bəli, doğurdan da sehirlidi Əlincə, hər daşı, hər naxışı sirdi, tarixdi, danışan dildi, göstərən, təqdim edən rəsm əsəridi. Ona görə də buradakı sükut adamı vahimələndirmir, əksinə adamı dindirir, danışdırır, yavaş-yavaş söhbət səni özü ilə çəkib Babəkə, Cavanşirə, daha neçə-neçə qəhrəmanlara, şahlara, sərkərdələrə doğru aparır. Burda qılınc çalan, burda baş qoyub gedən neçə-neçə insan canlanır göz önündə və elə həmin məqamda da İbrahim Yusifoğlu deyir ki:

 

O adi dağ deyil, Nəqşicahanın

Bütövlük, mətinlik, güc simvoludu.

Namərdlər önündə dik tutub başın,

Əyilməzlik rəmzi, haqqın yoludu.

 

Əlincə ən acgöz, zalım şahları,

Tanrıdan güc alıb, bələyib qana.

Bədniyyət, qaniçən Miranşahları

Qoymayıb illərlə girə qoynuna.

 

Şairin həm sevgi, həm vətəndaş duyğusu ilə ifadə etdiyi, daha doğrusu, oxucuya və mənə tanıtdığı Nəqşicahanın, onun bir parçası olan Əlincənin təsviri hardasa rəssam işi kimi görünür. Elə bilirəm ki, İbrahim müəllim sözlə dediyini həm də fırça ilə çəkir gözlərimin önündə. Əslində bu elə belədir. Doğurdan da şeirdəki təqdimat gücü poeziya ilə rəssamlığın birləşməsinə, bir-birini tamamlamasına gətirib çıxarıb. Deməli, mən də hardasa, elə bundan istifadə etməklə, daha doğrusu, ziyarətində olub gördüyüm Əlincənin bu təqdimatından da yararlanıb yazıram:

 

Pillə-pillə üzü göyə qalxıram

Göy üzündən üzü göyə baxıram

Gördüyümü gözlərimə yığıram

Toxunuram təmas incə, əl incə –

Əlincə!

 

Yəqin ki, mənim bu hisslərimi siz də özününküləşdirə bildiz. Bunu ona görə əminliklə  və  yəqinliklə ifadə edirəm ki, Əlincəni görmədən, orda o tarixlə baş-başa qalmadan mənimlə çətin ki, razılaşasınız. Doğrudu, indiki  məqamda İbrahim Yusifoğlu həmin gerçəyin təsdiqində mənimlə bir arada, bir məntiqdə dayanıb və deyir ki:

 

Qalada igidlər döyüş anında,

«Cəngi» səsləndirib, söz söyləyiblər.

Kimin gücü olub hələ canında,

Düşmənin üstünə od ələyiblər.

 

Burda sipər olub hər daş, hər qaya,

Düşmənin yolunu bağlayıbdılar.

Barıt qarışsa da torpağa, çaya,

Güllər öz ətrini saxlayıbdılar.

 

Məncə İbrahim müəllimin bu rəsmindən, bu şövqü, poetik hökmündən sonra bir anlıq susmaq lazımdı. Ən azından öz ətrini saxlayan güllər xatirinə. Son gücünü də döyüşə, düşmənə müqavimətə həsr edənlərin ruhu naminə. Və mən də belə edirəm. Susuram, eşitdiyim misraların yaratdığı auranın içərisində öz zamanımın pıçıltısını dilə gətirirəm:

 

Zaman burda ayaq üstə – diridi

Duyduğumu yazmalıyam, yeridi

Yurd həsrətim ümid tapdı – kiridi!

Əfsanəni, dözümünü bilincə –

Əlincə!

 

Doğurdan da yeri gəlib, mən o zaman da, elə indi də əminliklə özüm üçün bir nəticə çıxarmışdım. Yurd həsrəti qalib gələcək. Çünki tariximiz təkcə Əlincənin yox, onun timsalında tariximizdə bu gün də qalan neçə-neçə qalamızın sirlərini, möcüzələrini, lap konkret desəm, özünü yaşadır. Deməli, xalqın qan yaddaşı ilə yanaşı, sənət, söz, eləcə də abidələrlə, mədəniyyətlə bağlı yaddaşı da onu həm yaşadır, həm də sabahlara daşıyır. Ona görə də tarixi güc verir, qorxutmur! Demək haqqımız bizimlədir. Bunu İbrahim Yusifoğlu da öz oxucusuna, eləcə də mənə deyir:

 

Daha qorxusu yox yad qüvvələrdən,

Bu yurda göz dikmək çətinləşibdi.

Bu günkü qayğıdan, saf məhəbbətdən,

Əlincə daha da mətinləşibdi!

 

Sonuncu misradan yapışaraq demək istəyirəm ki, İbrahim Yusifoğlu təkcə öz düşüncəsini, öz hökmünü şeirə çevirməyib. O hamımızın tariximizə və bugünümüzə olan sevgimizi, sabahımıza olan inamımızı, Əlincənin mətinləşməsi timsalında bir möhür kimi sonluq edibdi. Şeirə bu cür nöqtə qoyubdur. Mən də Əlincədə olarkən Şuşa həsrətini, Qarabağ nisgilini yekunlaşdırmağın Əlincə zirvəsini, Əlincə ucalığını görməklə, duymaqla ifadə etməyə çalışmışdım. Onda yazmışdım ki:

 

Burda başım göy üzünə dəysə də,

Nisgilim var – dilimdəki nəysədə!

Şuşa dərdim büküb məni əysə də –

Dözəcəyəm düşmən bağrı dəlincə –

Əlincə!

 

Hə, mən İbrahim Yusifoğlunun «Əlincə»sinin işığında ondan izn almadan, elə onun özünü də götürüb birlikdə Əlincəyə getdim. Bu səfərdə təkrar Əlincəni ziyarət etmək, sözün işığında Əlincəni təkrar, misra-misra oxumaq ruhumu rahatladı, yaddaşımı təzələdi. Məni tarixlə baş-başa, üz-üzə gətirdi. Hiss etdim ki, Əlincə də bu anlar üçün məmnundur. Deməli, təşəkkür həm Əlincənindi, həm də İbrahim Yusifoğlunun. Məni xəyalən Əlincəyə, Naxçıvana apardığı üçün.
758 oxunub


    5206 oxunub

    InvestAZ