XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əsas şey -Əlisəfa AZAYEV
Ədəbiyyat 07:52 / 16.05.2022

 

Ruqiyyə xasiyyətcə çox qəribə bir qadın idi. Bir də görürdün ki, heç nədən bir sözü ağzına alıb ucuzluğa gedir də. Elə "əsas şey” məsələsi də onlardan biri oldu. Qonşuları pəltək Ağayar ilə qarşılaşanda qadın ona xoş üz göstərdi. O da filosofluq elədi. Söz-söhbətini bilmədi, uzunculuq etdi, üyüdüb tökdü də. Hətta həmin pəltək dili, danışığı ilə qımışdı, gülümsədi, dedi:

-          Həm... Bağı... Qadında... əsas... qiymətli... iki... şey... var... da...

Ruqiyyə onun bu sözlərindən pərt, dilxor olsa da soruşdu:

-          O şeylər nədi belə?..

-          Necə deyim... Çox... Qiymətli... Şeylərdi onlar... Şey də...

Qadın pöürtmüş halda dilləndi:

-          Uzatma, sözünü de...

-          Həmin... şeyin... biri...

-        Allah ürəyini çəksin! Nə şey deyə-deyə qalmısan... Sənin arvadın yoxdu bəyəm?!.

Ağayar mızıldandı:

-        Ağəz... Onun... şeyini... demirəm... ey... Mən... əsas... şeydən... söhbət... açmaq... danışmaq... istəyirəm...

Qadın ona acıqlandı:

-        Get ananın şeyindən danış! Mənim şeyimlə sənin nə işin var?!- deyə oradan deyinə-deyinə evlərinə tərəf gedəndə, bir necə küçə qadını onun başına yığışdı. Ruqiyyə pərt halda, onlara mühazirə oxuyurmuş kimi Ağayarın qarasına söyüb-söylənirdi: - Ağəz, bu yolun azmışı görmürsən mənə nə deyir?! Şey... Şey deyə-deyə qalıb... Bunun arvadının, anasının şeyi yoxdu bəyəm?

Qadınlar onu sakitləşdirmək əvəzinə, daha da əsəbləşdirdilər:

-          Hə də... Qudurub da...

-          Görünür, könlünə təzə şey düşüb də...

-        Ağrım onun ürəyinə... Onun kimisinə heç qırağını da göstərmərəm.

-        Yolun azıb da...

-        Görmürsən onu... Yanından keçəndə adama elə baxır ki...

-        Gözləri işıldayır da...

-        Adam lap qorxur...

-        Dünya dərəbəylik, özbaşnalıqdı bəyəm. Get məhkəməyə, şikayətini ver.

-        Xeyli cərimə edərlər, onda bilər ki, yerli-yersiz ona –buna sataşmaq, şeyinin adını çəkmək nə deməkdi.

-        Özün də beş-on manat qabağa düşərsən.

Ruqiyyə onsuz da Ağayarın əlindən olduqca dilxor, əsəbi idi. Daha orada dayanmayıb, düzbir üz tutdu məhkəməyə... Onu əvvəl məhkəmənin katibi qarşıladı, soruşdu:

-          Belə nolub, a bacı?! Nə hirsli, həyəcanlısan?..

-        Olaram da... Bu Ağayar yetimi görmürsən. Məni lap edir, ayıb sözlər deyir... Bayaqdan şey-şey deyə-deyə qalıb. Bundan soruşan lazımdı ki, bunun anasının, bacısının şeyi yoxdur.

Katib dilxor halda dilləndi:

-          O həm də ailəlidi axı... Arvadı var da...

-          Mən nə bilim... Qızıb da...

-        Yaxşı, səbrli ol... Hakim nahardadı. İndi gələr, dərdini danışarsan. Uzaqbaşə iddia ərizəsi üçün beş-on manat xərcin çıxacaq da...

Qadın dilxor halda dilləndi:

-          Sizi də pul öldürməsin.

-        Özün bil... Onsuz da vəkilə nə qədər pul verəcəksən. Bir də ki, indi havayı nə var ki... Elə o da pulladı da...

-        Nə?!. – deyə qadın qıyya çəkəndə, katib diksinmiş, qorxmuş halda dilləndi:

-        Nəyi deyirəm ki? Şikayət ərizəni deyirəm də... Yox ey, belə iddia ərizəni...

Səs-küyə dəftərxana müdiri də çıxdı. Bu söz-söhbəti eşidən makinaçı qız isə xəcalətli halda öz otağına keçdi. Ruqiyyə isə indi də dərdini oradakılara açmışdı:

-        Siz Allah, belə də iş olar. Durar-durmaza adam biədəb söhbəti salar, şey-şey deyə-deyə qalar...

-          Eşitməmişən... Deyirlər ki, harınlamışın Allahı olmaz...

-          Elə görürük də...

-          Beləsinə inzibati həbs, cərimə nədir... Damlatmaq lazımdı.

-          Cəmiyyət üçün xoşagəlməzlik, təhlükədi...

Hakim gələnə kimi onu içəri, yanına çağırdı. Demə, onların bütün bu söz-söhbətinə həyətində qulaq asırmır. Dedi:

-          Əyləşin...

-          Belə də yaxşıdı...

-        Dedim ki, əyləşin də... Yazı yazacaqsınız...- Sonra da başladı Ruqiyyəni sorğu-sual etməyə: - Yaxşı, indi de görək, nə demək istəyirsən?

Qadən kövrəlmiş halda dilləndi:

-        Heç nə... Mənə sataşır da... O yetim, zəlil olmuş... Bununla neçənci dəfədi ki, o sözləri mənə deyir...

-        Nə?...

-        Nə deyəcək ki? Elə şey-şey deyə qalıb. Soruşan lazımdı ki, a əclaf köpəyoğlu, sənin ananın, bacının, arvadının şeyi yoxdu...

Hakim bu söhbətdən pərt halda dilləndi:

-        Ağlayıb, gözyaşlarını tökmə. Hələ bir aydınlaşdıraq görək ki, sən nə dərəcədə haqlısan... Bu şey sözü... Başqa mənada da işlənə bilər... Bir sizdəki qiymətli şey nəzərdə tutulmur ki...

Qadın pərt halda yaşmaqlandı, mızıldandı:

-        Bıy... Başıma xeyir... Bu da danışdı da... Kişilərin hamısı belədi də... Sizi də şey öldürməsin...

Qadın sanki məhkəmədə, hakim otağında olduğunu indi başa düşüb, fərqinə vardı, dedi:

-          Siz də elə onu müdafiə edirsiniz.

Hakim əlini yelləyərək ona bəzi incəlikləri başa salmağa çalışdı:

-        Sənin heç təhsilin, savadın yoxdu. Bu kitablara da bir nəzər sal da. Ara sözləri ilə deyib-danışmaqla deyil ki... Bütün əşyalara elə şey deyilir də... Bir sizin o qaracaya yox ki?

Hakimin bu sözləri qadını haldan çıxartdı. Dərhal yerindən qalxaraq od püskürdü:

-        Yekə kişisən, ədəbli danış!.. Daha sənin o qudurmuş yetimdən nə fərqin oldu? O da şey-şey deyə-deyə qalıb, elə sən də!.. Bir də adamdan soruşarlar... Mənim şeyimin rəngini harada görmüsünüz?!.

Hakim hər şeyi lap ağ elədiyini görüb, dilxor halda onu sakitləşdirməyə çalışdı:

-        Daha nə deyim... Bizi boğaza yığmısan da... Sözün düzünü deyəndə də bu vəziyyətə düşürük də... Onların çoxu elə bu rəngdə, qara olur da...

-        Mən gizlətmirəm, sizdən şikayətçi olacağam!

-        Olun da...

-        Onda... Yalvaranda deyəcəyəm sizə...

-        Belə xanım deyilsən axı...

-        Yumşalarsan...

-        Bizi çox da sərt bilmə...

-        Görürəm elə...

Hakim qadının ciddiliyini görüb, dərhal məhkəmə qurdu, katibi səsləyib ona öz tapşırıqlarını verdi:

-        Görürsən də... Tez o nadürüstü bura çağır!.. Görək bu qadının şeyini o harada görüb?!.

-        Ətin tökülməsin... – deyə qadın bir daha incimiş halda yaşmaqlandı, hakimdən uzaqda dayanmağa çalışdı.

-        Yaxşı, hara gedirsən?..

-        Elə buradayam...

-        Çox da uzağa getmə. O biqeyrəti çağırtdırmışam... Gəlsin, görək bu nə söz-söhbətdi.

Ancaq bir azdan katib gəlib bəd xəbər verdi:

-        Cənab hakim, onu tanımırsınız. Deyir ki, mən o xanıma güldən ağır söz deməmişəm... Məhkəməyə nə üçün getməliyəm...

Hakim onun bu sözlərindən lap haldan çıxan kimi oldu:

-        Ə, kəs! O dedi-dedi!.. Bəs sənə nə?... İzah edə bilməzdin ki, burada aləm qarışıb bir-birinə!.. Qadının ayıb yerinin adını çəkmisən, onu sakitləşdirə bilmirik. Dur gəl bura!..

-          Bəlkə elə özünüz...

-        Elə bircə bu qalmışdı! Gəlmir, zəng elə polisə, sahə müvəkkilinə tapsınlar... Onda ağlı başına gələr...

Həmin gün Ağayarı elə beləcə də nəzarət altında məhkəməyə gətirdilər. Dil boğaza qoymadan deyib-danışır, gileylənirdi:

-        Mən... yetim... nə... etmişəm ... ey?!. Ona... söz... demək... istəmişəm... də...

Hakim bozardı:

-        Hər şeyi olduğu kimi etiraf elə. Bu sənin təqsirini yüngülləşdirər. Bəs deyir ki, ondan şey istəmisən axı?!.

Ağayar qımışdı, başını yellədi:

-        Allah!.. Allah!.. Bu nə... sözlərdi?.. Bunlar... nə... danışır.. Əyib... deyilmi... cənab... hakim?..

-        Bunu mənə niyə deyirsən? Səndən şikayətçi olana de də!..

Qadın o an kükrədi:

-        Ə!.. Əclaf!.. Düzün de!.. İndi nə quzuya dönmüsən?! Sən deyildin o biədəb, lap ayıb sözləri mənə deyən?!.

Ağayar indi lap ağlamsındı:

-          Ağəz... Bir... insafın... olsun... Məni... rüsvay... eləmə...

-        Hə... İndi belə deyərsən də... Yumşaq yerin qalıb qapı arasında da...

Sonrakı günlər də bir necə dəfə beləcə məhkəmə quruldu. Sanki hakim qəsdən prosesi uzatmaq, qadını ifaş etmək istəyirdi. Elə beləcə haldan çıxdığı, ağzına gələn o sözləri dediyi üçün indi də o sakitləşməmiş evə gedəndə yolda qarşılaşdığı, görüşdüyü tanış-bilişə deyirdi:

-        Bu məhkəmə işi nə ağır olurmuş, ağəz... Ora ərizə verməyimə peşimanam... Nə qədər adamı sorğu-suala tutarlar... Demə, bütün əşyalara elə şey deyilirmiş...

Onun müsahibi qadın pıçıltı ilə güldü, onu lağ elədi:

-        Vaxtdan... Fürsətdən elə sən də yaxşı istifadə elədin... Reklam elədin də...

-        Nəyi?!.

-        Hələ bir soruşur da ey... Şeyini...

Qadın ondan incik halda ayrılanda dedi:

-        Bu da sən... Sən belə deyən yerdə başqalarına daha mən nə deyim.

-        Səbrli olaram da...

-        Sənin şeyinin adını çəksələr sən susarsan?

-        Heç də belə olmayıb axı... O yazıq sənə söz demək istəyib, sən onu başa düşməmisən.

-        İndi belə deyər də...

-        Sizin söhbətinizi, mübahisənizi eşidənlər olub də...

-        Kimdi o əclaflar?..

-        Elə qonşularımız, xanımlar olub...

Məhkəmədə isə elə hər şeyi Ağayar özü izah etmək, aydınlaşdırmaq istəyərək deyirdi:

-        Cənab... hakim... İnamınız... yoxdu... mənə... Mən... özüm... o... qadının... xətrini... çox... istəyirəm... Abırlı... həyalı... bir... xanımdı... O... gün... də... mən... ona... bu... cür... yox... Demək... istədim... ki...

Bu an artıq söz-söhbətdən cana doymuş, əsəbi olmuş Ruqiyyə kükrədi:

-        Ay əlcaq!.. Nə gizlədirsən!.. Hər şeyin düzün etiraf elə, de də... Mən dəli olmuşdum ki, səndən şikayətçi olaydım. Hər şeyin düzünü de, camaat da bilsin də... Sən deyildin şey deyə-deyə qalmışdın?!. Sənin anan-bacının, arvadının ondan yoxudu?!. Belə qudurmusan, qızmısan get onlardan şey tələb elə, istə də!..

Hakim onun bu sözlərindən narazı halda əlindəki taxta çəkicini altlığına döyəcləməyə başladı:

-          Sakit!.. Sus!.. Mətləbdən çox uzaqlaşıb, təhqirə keçmə...

-          Mən heç kimi təhqir etmirəm... Olanı deyirəm...

Əvvəl Ruqiyyənin gətirdiyi şahidlər dindirildi. Minayə adlı şahid qadın dedi:

-        Vallah, mən də elə qonşulardan eşitmişəm. Özüm orada olmamışam...

Hakim onun bu sözlərinə qeyzləndi:

-        Yox... Söz-söhbəti başqalarından eşidən şahidlik edə bilməz. Bizə yalançı şahid lazım deyil.

Kimsə zaldan pıçıldadı:

-          Riyakarlıq edir də...

Hakim ona acıqlandı:

-          Sən sus!

Zalda bu sözlərdən sonra canlanma yarandı. Xeyli müddət hakim onları sakitləşdirə, intizama dəvət edə bilmədi. Elə "şey-şey” deyə-deyə qalmışdılar. Bilmək olmurdu ki, onlar Ruqiyyəni müdafiə edirlər, yoxsa Ağayarı...

Cavabdeh özü də daha əldən düşən kimi idi. Hey hakimdən söz istəyir, nəsə demək, izah etmək istəyirdi:

-        Dedim ... də... Cənab... hakim... Mən... Onun... heç də... lağa... qoymaq... təhqir... etmək... fikrində... olmamışam... Sadəcə... olaraq... ona... demək... istəmişəm... ki... bunu... da... bilirsiz... d... niyə... Onun... qızının... əxlaqı... çox... xoşuma... gəldi...

Onun bu sözlərindən lap çaş qalmış halda dilləndi:

-        Ə, bir açıq-aydın danış. Fikirlərini qarışdırma. Bizi əsas mətləbdən uzaq salma...

-        Hə... Əsas o... şey məsələsi... Belə... də... Mən... ona... demək... istəyirdim ki... qadın... üçün... iki... əsas... şey... vacibdir... Bəli... onun... biri həya... o biri... ismətdi...

-        Bax da...

-        Bəli... Bunların hər... ikisi... qadın... üçün... böyük... sərvətdi...

Artıq bu sözləri eşitcək Ruqiyyə pərt, peşman halda sussa da, hakim sakitləşmir, hər şeyi özü üçün aydınlaşdırmağa çalışırdı:

-        Yox ey... Sən bizi dağa-daşa salma... Mənasız yerə bu sözləri qadına nə üçün dedin?.. Sən özün ailəli adamsan axı...

Ağayar elə kövrəklik içində pıçıldadı, dilləndi:

-        Cənab... hakim... insan... ürəyi... açıq... təmiz... olsa... çox... söz... deyə... bilər... Heç... kim... də... bunu... başqa... yerə... yozmaz...

-        Yaxşı, çox da uzatma, qısa elə... Onsuz da neçə gündü heç nədən vaxtımızı almısınız.

-        Mən... onun... qızını...

Hakim onun bu sözlərini eşitcək özündən çıxdı:

-          Ə, kəs! İndi də anasını buraxıb, qızından yapışmaq istəyirsən?!.

Ağayar pörtmüş, dilxor halda donquldandı:

-        Allah... eləməsin... Siz... nə... danışırsınız... Mən... onu... gələcək... gəlinim... kimi... görmək... istəyirəm...

-        Belə de...

-        Elə... ona... görə... də... anasına... bu... sözləri... demək... istəyirdim... də...

-        Bax da...

-        Ona da... Allah... insaf... versin... Qoydu... ki... bir... sözlərimi... axıra... qədər... deyim...

Həmin gün məhkəmədən çıxıb gedəndə hamı düşmüşdü Ruqiyyənin üstə:

-          Sən beləsən də...

-          Səbrsiz... Kəmhövsələ...

-          Vallah qızın Kəmalə bunu bilsə yonacaq səni...

-          Ağəz, deyirəm də... Ağayar elə adam deyil ey...

-        Gözləri zəifdi, işığa baxa bilmir də... Biz də elə bilirik ki, gözləri işıldayır, bizə göz vurur...

-        Yazıq pəltək adamdı da... Onun bizim ayıb yerimizlə nə işi...

-        Kişi deyil...

-        Elə kişilərdən deyil axı...

Kimsə qımışdı, sonra da sözünü dedi:

-        Şey deyə-deyə hakimi də iştaha salmışdın. Az qalırdı ağzı sulansın. Gördün də o gün necə dedi... "Sənin o qaracan... qara şeyin...”

-        Bəyəm elə bu şeylərin hamısı qara... Qara, tüklü olur...

-        Abırınız olsun da... Söz tapıblar da danışmağa.

-        Burada ayıblıq nə var ki... Hakim demişkən, bütün əşyalara şey deyilir də... Özüm Mülki Məcəlləyə baxmışam...

Ancaq Ruqiyyənin bu şey söhbəti, Ağayardan şikayətçi olub məhkəmə mübahisəsi açması kənddə uzun müddət unudulmadı. Ona görə də nahaq demirlər ki, yüz ölç-bir biç... Nahaq demirlər ki, insan qeyzlənən də, hirslənən də, əvvəl su içməli, sakitləşməyə çalışmalıdı. Bu da kömək etməyəndə çalışmalıdır ki, sakitləşmək üçün bir yerdə əyləşsin, fikrini toplasın, haqq-ədaləti bir-birindən ayrıd etsin. Bunlar da alınmayanda, uzanmalı, dinclik toplamalıdı. Ondan sonra nə qədər qızğın başlar olsa da, bir rahatlıq tapacaq...

Yoxsa Ruqiyyə kimi... O gün hirslənən kimi də məhkəməyə üz tutmasaydı, bu xoşagəlməzliklər də bu qədər böyüməz, onu el-obada rüsvay etməzdi. Bu məsələdə təsadüfi adamların dediklərinin, qonşu qadınların da az təqsiri olmadı. Onlar Ruqiyyəni sakitləşdirmək, səbrli olmasına çalışmalı idilər. Heç olmasa Ağayardan bir söz soruşa bilərdilər.

Bəli, həyat çox qəribədi. Bəzən illərlə yığdıqlarını, qazandığın xətir-hörməti bir andaca itirə bilərsən. Bu həyatda adi, gərəksiz heç nə yoxdur. Ağıl da insana bu kimi məsələləri yerindəcə aydınlaşdırmaq, nəticə hasil etmək üçün verilib. Hirslənib, özündən çıxmaq, dərhal şikayətçi olmaq, inzibati orqanların qapısını döymək, məhkəməyə getmək heç vaxt gec deyil. Müqəddəs kitabımızda ən çox təkrarlanan səbr kəlməsidi. Həyatda səbrli olmaq lazımdı. Səbrli olmaq heç də həmişə nöqsanlarla, çatışmamazlıqlarla barışmaq kimi başa düşülməməlidir. Səbrli olmaq həm də düşünmək, haqqı-nahaqqı ayırd etmək, düzgün yol tutmaq, işığa doğru getmək deməkdir.



3261 oxunub

InvestAZ