XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Təsadüfi xoşbəxtlik- Aida Adıgözəl Hekayə
Ədəbiyyat 09:28 / 14.05.2022

Kitab oxuyurdu, qəfil gələn telefon zənginə diksindı. Zəng edənin adını ekranda görəndə gözlərinə inanmadı.Təəccüb içində donmuş halda əlindəki telefona baxırdı. Əslində bu zəngi çoxdan gözləyirdi, amma ümidini kəsmişdi, inanmırdı son söhbətdən sonra adam ona geri dönə...Nə qədər suallar ünvanlasa da, birdən - birə soyuqlaşıb niyə yox olmasının səbəbini anlamaq üçün israrla mesajlar yazsa da adam susaraq cavab vermədən daşdan qabığına çəkilmişdi. Adamın susmağı onu çox incitsə də qürurlu qadın olduğundan daha heç yerdə onun qarşısına çıxmamağa özünə söz vermişdi.
Əlləri əsə - əsə telefonu açsa da, - "alo" demədən qarşısındakı adama qulaq asmağa, səs tonuna nüfuz etməyə çalışırdı. Çünki hər dəfə onunla danışanda bu barədə ona heç nə deməsə də səsindən onun kədərli olduğunu həmişə hiss edirdi...
- Səni görmək istəyirəm, həm də təcili!
Cavab verərkən səsinin titrəyib qırıldığını hiss etdi, həyəcanlı idi, gözləmirdi axı bu zəngi, qəfil yaxalanmışdı...
- Haradasan, hara gəlməliyəm (düşünməyə zamanı belə olmadığını anlayırdı)?
- Bakıya çatanda de səni qarşılayım.
Təcili yığışmağa başladı, nə geyindiyinin, özüylə nə götürdüyünün fərqində deyildi. Sevincindən göylərdə idi, uçurdu xoşbəxtliyinə sarı...
Saat 14 - də Bakıya çatdı. Biləcəri dairəsində görüşməliydilər, adamla aylardır virtual sevişmələrinə baxmayaraq ilk dəfə üz - üzə gələcəkdilər. Taksidən düşüb ətrafa boylanaraq adamlara göz gəzdirməyə, adamı gözlərilə axtarmağa başladı. Bəli, bu o idi, o...əlbəttə, tanımaya bilməzdi. İçində okean çalxalansa da çox sakit şəkildə yaxınlaşaraq görüşdü. Bədənindən bir anda neçə voltluq cərəyan keçdiyini anlaya bilmədi. Adam qarabuğdayı sifəti, qıyıq gözləri, alnına dağılmış azca gümüşlənmiş saçları ilə qarşısında durub gözlərinin içinə baxaraq gülümsəyərək xırıltılı səslə ona bir şeylər deyirdi. Ovsunlanmış kimi donuq - donuq adama baxırdı sadəcə...
Əlindən yapışıb yaxında dayanmış taksiyə doğru çəkəndə özünə gəlməyə başladı. Yol boyu taksinin arxa oturacağında bir - birinə baxaraq susurdular. Şəhərdən çıxan maşın üzü Xızı yoluna tərəf şütüyürdü...
...Xoşbəxtlik nisbi anlayışdır deyirlər, mənsə bu anlarda tam xoşbəxt idim. İçimdəki bəxtəvərlik tufanlarını hiss etdirməsəm də adam hərdən əllərimi tutduqca gülümsəməmdən ona bu sunami SOSlarını impulslarla ötürdüyümü bilirdim. Bir də bizə münəccim olmaq lazım deyildi ki, biz böyük həyat təcrübəsi olan, Rixter şkalasının xəbəri belə olmayan zəlzələlərin dağıntılardan çıxmış adamlar idik. İkimiz də Alfa idik. Və bunu ilişkimiz başlayarkən belə bir - birimizə daha qabarıq göstərirdik. Daim mübahisə edir, bir - birimizə güc göstərib zəif nöqtələrimizi tapmağa, kamuflyajımızı sındıraraq kim daxilə daha güclü nüfuz edəcək deyə mübarizə aparırdıq və bu davalar çox xoşumuza gəlirdi, həm də əyləncəli görünürdü. Adam mənim bir almanın yarısı kimi tən yarım idi. Bu sözü uşaqlıqda eşitmişdim - "kimsə kiminsə yarısı" ... tale qismətdə varsa bir gün onu qarşısına çıxararaq tamamlayır. Allah da mənim "yarımı" düz bir qərinə bu dünyada yaşadıqdan sonra qəfil doğum günümə sürpriz hədiyyəsi olaraq gətirmişdi. Mənim kimi zarafatcıl, mənim kimi çılğın, mənim kimi ağıllı dəli...Bu xasiyyətlərilə məni özümdən alıb götürürdü. Onun bütün ruh hallarını monitordan belə o qədər dərindən hiss edirdim ki, axı mənim həm də biraz telepatik, 6 - cı yox bəlkə də 9 - cu intuisiya hisslərim var idi ...Bir sözlə mənə gəlişi ilə unudulmaz anlar yaşatmışdı bu qarabuğdayı, o qədər də yaraşıqlı olmayan adam...
Hara getdiyimizi soruşmurdum da, çünki ona inanırdım. Adamın həm ciddi əxlaq, həm də yüksək zövq sahibi olduğunu bilirdim axı, bu üzdən suallara burada heç ehtiyac da yox idi.
Sürücü qabaqcadan məlumatlandırılmışdı deyə heç nə danışmadan bizi dağlar, meşələr arasında bir istirahət məkanına gətirib qoydu. Yenə sükut içində yuxarı, otağa qalxdıq.
Həəə, bu da bizim keçirəcəyimiz unudulmaz saatlarımızın şahidi olacaq xudmani, amma sevimli bir otaq...
Üz - üzə oturduq, bu əzici amma şirin sükutun altında ciddi bir şeylər yatdığını sövq - təbii əlbəttə ki hiss edirdim. Ürəyim bu xoşbəxtliyi qaldıracaq qədər güclü olmadığından susurdum. Sual dolu gözlərlə nəhayət bu görüşün səbəbini, həm də məhz burada olmasının açıqlamasını gözləyirdim.
O isə iki aylıq münasibətdən sonra yoxa çıxıb ara - sıra görünməsində günahkar olduğunu bildiyi üçün sözə haradan necə başlayacağını bilmirdi. Mən isə ondan haradasa ciddi açıqlamalar gözləyirdim açıqcası, hətta bunu anlatması üçün ona çoxlu cavabsız qalan israr dolu mesajlar da yazmışdım.
- Mən sabah Misirə uçuram, bəlkə də həmişəlik. Ola bilsin ya illər sonra ya da daha heç vaxt qayıtmayım Azərbaycana, ona görə buradakı son günümü səninlə olmaq, sənə həsr etmək istədim.
Beynim sürətlə işləyirdi, artıq vaxtımızın cəmi 24 saat olduğunu bildiyimdən bu günü unudulmaz etməyin rejissorluğunu özüm etməli olduğumu və bu üzdən topu bu şəkildə mənə ötürdüyünü anlatmaq istəyirdi.
- Gəl belə danışaq, bu gün ömrümüzü sıfırdan başlayaq.
- Necə?
- Sən bunu mənə burax və dinlə! Əvvəlcə uşaqlığımızı yaşayaq, sonra yeniyetməlik, gənclik, evlilik və ayrılıq... bu ölüm də ola bilər. Bir günümüzü bütöv bir insan ömrü kimi hesablayaq...
Beynimdə şeytanların oyandığını anlamağa başlamışdı. Artıq ona da "dəlilik simtomplarımı" yoluxdurduğumu başa düşmüşdüm. Gözlərindəki maraqdan mənə təslim olduğu bəlliydi və oyunu oynamağa razılaşmaqdan başqa çarəsi qalmadığını anlayırdı. Əslində adam üzdən nə qədər sərt görünsə də tanıdığım müddətdə adamın üstündə Allah var, bir dəfə də olsun mənə kobud sözlər, hərəkətlər etməmişdi. Yerində edəcəyi sərtliyi qədər vaxtında göstərəcəyi ipəkıiyi də var idi.
- Əvvəlcə yeməyimizi yeyəcəyik, sonra əşyalarımızı burada buraxıb ta yuxumuz gələnədək çöldə dolaşacayıq.
Başı ilə razılaşdığını bildirib yemək sifarişi ilə məşğul olmağa başladı. Mən yemək seçiminə qarışmayaraq bunu tamamilə onun öhdəsinə buraxmışdım.
Zaman o qədər gözəl keçirdi ki...Bütün dünyanı unutmuşduq. Sanki illərdir birlikdə yaşamış doğmadan da doğma adamlar idik...
Yemək bitdiyi üçün artıq oyunumuza başlaya bilərdim:
- bundan başqa geyimin varmı, üst - başın kirlənəcək?
Adəti üzrə gözlərini bərk - bərk çıxaraq başı ilə təsdiq işarəsi verdi. İkimiz də əynimizi dəyişib otaqdan çıxanda onu elə qapıdaca saxladım.
- Belə sakit getmək olmaz axı, uşaqlığını xatırlamırsan? Biz uşaqlar balaca vaxtı nə edərdik, sevinc içində kimsəni umursamadan əl - ələ yapışıb qışqıraraq həyətə küçəyə oynamağa qaçırdıq elə deyilmi?
Yenə başı ilə təsdiq etsə də artıq onda da çılğınlıq sindromları baş qaldırdığından deyəsən qanında adrenalin yüksəlməyə başlamışdı, mənə qoşulub özündən çıxmağa tam hazır idi. Axı şərtimiz vardı, mənə həsr etdiyi bir günü mənim istəyimlə bütöv bir insan həyatının mərhələlərini özümüzdə birləşdirib bir günün içində yaşamalıydıq. Bunun niyə olduğunu gözəl bilirdik. Bu son gün, son görüş bundan sonra həyatımıza yüz insan girsə də belə heç kimsə ilə yaşanılmayacaq, təkrarlanmayacaq, əvəz olunmayacaq ömür anları kimi yaddaşımıza həkk olunmalıydı...
Bərk - bərk əl - ələ yapışıb üzü pillələrə doğru yüyürüb həyətə çıxdıq. İki yaşı başı oturuşmuş adamın uşaq kimi qaçmasına ətrafdakıların reaksiyası əvvəlcə təlaş - təəccüblü baxışlarla nəticələndi, sonra gülərək qaçmağımızdan bir şey anlamayaraq eləcə başlarını yelləgib öz aralarında irişib qırışıb nəsə danışmaqla sonlandı.
Sanki birdən - birə doğrudan da kiçilmişdik. İki dəcəl qonşu uşaqları kimi meşədə qaçır, ağacların arxasında qaçdı - tutdu, gizlənpaç oynayır, yerdə sürüşüb dığırlanır, xəzəlləri bir - birimizin başına tökürdük. Əllərimiz, üz - gözümüz, üstümüz torpaq, palçıq içində idi...
Qəfildən qarşıma çıxan bulaq və ətrafdakı bihuşedici mənzərə ayaqlarımı yerə mıxladı. Gözlərimi geniş açaraq acgözlüklə həm mənzərəni seyr edir, həm də əllərimi yuyub üstümü təmizləyirdim. O da yavaş - yavaş yuyunmaq üçün bulağa yaxınlaşdı. Gözlərimi yumaraq meşəni dinləyirdim. Üzümə dəyən tövşüyən isti nəfəsə gözlərimi açdım. Qarşımda oturub düz gözlərimin içinə baxırdı. Gözlərinin içində bir dünya dərd, ağrı var idi.
...Mən bundan sonra onsuz nə edəcəkdim, yoxluğuna necə dözəcəkdim, keşkə gəlməsəydim deyə içimdə sızıldadım da, bəlkə də görüşməsəydik, bu qədər yaxınlaşmasaydıq adam məndə sadəcə yay nağılı xatirəsi kimi qalacaqdı. Amma indi...İlahi, sən demə mən bu adama dəli kimi aşıq olmuşammış... Alnımı alnına söykəyib azalan saatlarımızı düşünürdüm. İçimiz qan ağlasa da bildirməməyə, ömrümüzün qənimət payı vaxtımızı planlaşdırdığımız kimi keçırməyə israrlı idik. Artıq hava toranlaşmışdı, meşədən çıxmaq lazım idi. Bu dəfə əl - ələ deyil, qucaqlaşaraq yuxarı qalxırdıq...
Yerləşdiyimiz qonaq evi görünsə də ayrılmaq niyyətimiz yox idi, beləcə bir ömür qopmadan dünyayınn sonunacan getmək istəyirdik. Yer ayağımızın göy başımızın üstündən qaçmışdı. Dünyanın ekvador xətti də, qütbləri də bəlkə də bu saat elə özümüz idik...
Gözəl bir payız gecəsiydi. Qapqara səmada ulduzlar elə gözəl görsənirdilər ki...nişanlı gənclərə dönmüşdük, köhnə skamya tapıb bir- birimizi qısılıb oturmuşduq. Danışan ancaq gözlərimiz idi. O qədər suallarım vardı ki, əslində aylardan bəri məni incidən, cavabını tapa bilmədiyim, bütün günü beynimi yorub özümə verdiyim, saatlarla məni ağlamağa məcbur edən suallar...İndi isə qəfil gəlişilə bütün suallarıma cavab olmuşdu. Heç soruşmurdum da ölkədən qəfil gedişini, qayıtmayacağını və səbəblərini...Zamanımız o qədər az idi ki, söhbətə gedəcək vaxta belə qısqanırdım, qıymırdım. Daha gecə idi, yuxumuz gəlməsə də yorulmuşduq. Qonaq evinə qayıtmalıydıq. Üst - başımızı dəyişib yuyunmalıydıq.
İlk toy gecəsinin həyəcanını yaşayacaq gəlin kimi idim. İkimiz də bu günü elə arzulayıb o qədər danışmışdıq ki...bu gecə hisslərimizin səxavət gecəsi olmalı idi, duyğularımız okean sunamilərini qaldırıb bütün sahilləri səhərəcən aşmalı, bütün bənd - bərə, məsafələri qoparıb atmalı, dağıtmalıydı...
Arxadan boynunu qucaqlayıb başımı başına söykəmişdim, astaca saçlarını qarışdırıb alnına dağıdır, kiçik öpüşlərlə sifətini bəzəyirdim. Adam gözlərini yummuş üzündə məstanə təbəssümlə halından məmnun idi. Keçib başımı dizlərinə qoymaq üçün qarşısında oturmaq istəyirdim ki, qolumdan yapışıb qaldırmaq istədi, razı olmadım.
- Mən ayaqlarını deyil xoşbəxtliyimi qucaqlayıram - dedim.
Zaman susmşdu desəm ...dünya itmişdi desəm ...təkcə yer üzündə biz idik desəm ... yer kürəsi öpüşlərin, sevişmələrin savaşlarının dalğasından uçulurdu desəm ...
...Səhərəcən oyaq qaldım, əllərimi üzümə qoyub özümü yatmış kimi göstərib barmaqlarımın arasından onu seyr edirdim. Ağladığımı görməsini istəmirdim. Bilirdim, o da yatmamışdı. Özümüzü guya yatmışlığa vurub bir - birimizə tamaşa edirdik. Sabahı necə açacaqıqq bilmirəm. Hələ ki, hələ ki qollarının arasında ölməkdə idim ...
Bal ayımızın bitməsinə saatlar qalırdı. Təyyarə ikidə havaya qalxacaqdı. Son deməyə dilim gəlmədiyi bu gediş onu bilmirəm, məni öldürəcəkdi bəlkə də.
- Hər gün yazacam darıxma mənimçün yaxşımı, hər gün zəng edəcəm sənə Çiçək, ayrılıq ölüm deyilki, internet bütün məsafələri yaxınlaşdırır bilirsən.
Gözəl təsəlli idi, sadəcə təsəlli...ayrılıq ölüm deyildi əlbəttə, ölüm əzablara birdəfəlik son qoyurdusa ayrılıqsa zamanla sağalan izləri ürəyindən heç vaxt silinməyən ağır yanıq yerləriydi.
Kamera kimi bütün hərəkətlərini izləyir, hamısını yaddaşıma köçürməyə çalışırdım. Bir də yaşamayacağımız bu günün heç bir detalını qaçırmaq istəmirdim. Qorxurdum onu itirərəm, heç olmasa məni yaşadacaq xatirələrim olsun onunla bağlı. Qısa bir zamanda özünü çox güclü sevdirə bilmişdi mənə zahirən zəhmli, acı adam təsiri bağışlayan, əslinďə pişik kimi yumşaq olan bu adam. Unutmağı çox istəmişdim, uyğun deyilik və sair kimi bir çox yalançı səbəblər tapıb özümü inandırmaq istəmişdim də, amma bacarmamışdım. Mən zəif iradəli, gücsüz qadın da deyildim, adam sanki maqnit kimi hər getmək istəyəndə məni geriyə çəkib özünə birləşdirib dırnağımdan saçımadək vücuduma işləmişdi. Gün - gündən ürəyimdə daha da güclənən bir eşqə çevrilmişdi...Keçməyəcək ağrı olduğunu anladıqda hər şeyi zamana buraxıb platonik sevməyə qərar vermişdim.
Artıq getmək vaxtı idi. Otağa son dəfə göz gəzdirdim, ürəyimdə mənası izah olunmayacaq qəribə hisslər vardı, sanki otaq qulaqlarıma bağıraraq qışqırırdı: - məni unutma deyə. Ürəyimə dammışdı bilirdim, bilirdim, mən bu otağa haçansa yenidən qayıdacağımı bilirdim...
Yol boyu məni əyləndirmək üçün bütün meymunluqlarını işə salmışdı. Var gücü ilə düşünməyə vaxtım qalmasın deyə hər cürə zarafatlarla məni güldürməyə çalışırdı. Əslində, əslində isə adam özünün də xəbəri olmadan gözümün qabağında saniyə - saniyə qocalırdı...
Bu da hava limanı, beynim qurumuşdu, artıq təyyarəyə minik vaxtına dəqiqələr qalırdı. Budur artıq ayrılmaq zamanı... ətrafda nə varsa, kim varsa unutmuşduq. Bir - birimizə sarılıb nəfəs - nəfəsə dayanmışdıq. Bir dəfə mənə zarafatla - mənim ağlamağımı heç vaxt görməyəcəksən, helə çərriyib öləcəksən, - deyən adamın indi gözləri payız buludu tək dolmuşdu...
Artıq getməliydi, rəngi qapqara boğulmuşdu, addımlarınıi çətin - çətin atırdı. İki dəfə dayanıb fikirli - fikirli baxaraq əl elədi. Bu da son! Beləcə təyyarə mənim xoşbəxtliyimi vicdansızcasına qoynuna alaraq göylərə qalxdı...
Beynimin içi göynəyirdi, ayaqlarım şişmiş kimi dalımca getmirdi, yeriməyə halım yox idi, bir yer tapıb otirmalıydım. Özümü güclə sürüyüb oturacağa saldım. Başımı çiynimə qoyub için - için zülüm - zülüm dayanmadan ağlayırdım. Gözümdən yaş üstümə yağış kimi səpələnirdi. Gözlərim şişmişdi və ixtiyarsız yumulurdu. Haçan, oturduğum yerdə necə yuxuya getmişdim bilmirdim.
Qəfil qucağıma atılan yumşaq bir şeyə diksinərək gözlərimi açdım, balaca pişik balası idi. Sığınmağa bu boyda dünyada nədənsə məni seçmişdi. Anlamırdı ki mən bu dəqiqələrdə dünyasını salıb itirmiş adam idim...
Telefonu götürüb saata baxdıqda təşvişləndim. Təyyarənin qalxmasından atıq 4 saat keçmişdi. Məni geriyə qaytaracaq tanış taksi dəfələrlə zəng etmişdi. Demək bu gecəni də şəhərdə qalmalı olacaqdım. Hansı rəfiqəmgildə qalacağımı fikirləşirdim. Şölə daha yaxın idi, onlara gedəcəyimi bildirmək üçün votsapa girməliydim. İnterneti açıb nədənsə votsapa girməkdən vaz keçib xəbərləri oxumağa başladım. Yenə bir sürü bekara gündəm xəbərləri... birdən gözlərim bir xəbər çarxına ilişdi. Ölkə gündəmi sarsılaraq çalxalanırdı. Tanınmış rəssam Rövşən Azəroğlu qəfil ürək tutmasından təyyarədəcə vəfat etmişdi. Təyyarədən xərəkdə tibb işçilərinin əhatəsində düşürülən meyiti təcili yardım maşınında morqa götürürdülər...
- Ola bilməz, ola bilməz, - deyə necə bağırdığımı xatırlayıram. Səsimdən qorxan pişiyin tullanıb necə qaçmasını belə hiss etməmişdim. Ətrafdakı adamların üstünə qaçır - ola bilməz - deyə hönkürüb dəli kimi gah ağlayır gün da gülürdüm... sonra, sonra tək xatırladığım - məni ağ xalatlı adamları təcili yardım maşınına mindirmələri və iynə vurmaları idi...
Gecə gündəmə ürəkləri ağrıdan daha bir xəbər əlavə olundu.
Tanınmış şairə Ülkər Qaraqızı keçirdiyi ağır psixoloji sarsıntıdan Maştağadakı ruhi xəstəliklər xəstəxanasına yerləşdirilmişdi!..
...Bəzən sonluqlar düşünüldüyü kimi bitməz, bəzən bədbəxtliklər hansısa xoşbəxtliyin başlanğıcı, yaşam səbəb də ola bilərmiş...
Ağır günlər arxada qalmışdı. Möcüzəvi xoşbəxtlik həyatını xilas etmişdi...
Gözləri yol çəkirdi. Yenidən düşüncələrində geriyə qayıdaraq o ağır günləri çətinliklə də olsa xatırlamağa çalışdı. Ruhi xəstəxanada beş ay sürən gərgin və ağrılı günləri...bir gün ginekoloji testdən sonra aldığı inanılmaz gözlənilməz müjdə onu ruhi sarsıntılardan xilas edərək həyata qaytarmişdi. İnana bilmirdi, ana olacaqdı! Bir gecəlik xoşbəxtliyi əlindən birdəfəlik uçsa da Allah yerinə inanılmaz səadət payı göndərmişdi göylərdən.
Beşikdəki qımıltı onu xəyallardan özünə qaytardı, yatmış körpəsini deyəsən "şeytanlar" güldürürdü. Körpənin sifət cizgilərinə diqqətlə baxdı, gözlərinə gələn buludu dağıdaraq, ‐ ilahi, necə də atasına oxşayır, bir damcı belə məndən oxşarlıq götürməyib, hətta "oxşayıb oxşamışlarına" buymuş demək, ‐ deyə düşünüb özlüyündə gülümsədi də. Qısa sürən dəli sevgidən yaranmış bu səadətin adını Rövşən qoymuşdu Ülkər, atasının adını daşıyacaqdı bir ömür balaca Rövşən, atasını heç vaxt tanımadan...
Ülkər Rövşənin Misirə uçarkən təyyarədə infarktdan ölməsi xəbərindən havalanmışdı. Aylarla dəlixanada müalicə olunmuşdu, həkimlər bir gün onun başgicəllənmə, ürəkbulanmasından şübhələnərək ginekoloqun yanına göndərənəcən ölmək istəyirdi. Rövşəndən sonra onu həyata bağlayan heç bir bağ qalmamışdı, həyata tutulmağa heç bir səbəbinin olmadığını düşünürdü. Testin pozitiv nəticəsini həkimdən eşitdiyi zaman itmiş ağlının sürətlə yerinə necə qayıtdığına nə özü nə də həkimlər inana bilmişdilər. Günlərlə pəncərə önündə öz ‐ özünə danışıb gülən, ağlayan, solğun çöhrəli, gözlərinin altı torbalanıb göyərmiş, saçları pırtlaşıq, üst ‐ başı səliqəsiz, baxımsız olan dağınıq geyimli qaramat basmış bu qadın onu görən hər kəsin ürəyini dağlayırdı.
İndi yaşamalı olduğunu anlayırdı, körpəsi üçün sağlam olmalıydı. Sürətlə sağalması hər kəsi təəccübləndirsə də sevinirdilər. Və bir gün doğum sancıları başladı, mamaçanın qarabuğdayı, qıyıqgözlü, qıpçaq türkü soyunun cizgilərini daşıyan totuq oğlan uşağını onun qucağına qoyaraq, ‐ "al çağanı əmizdir" ‐ deməsi anı... ilahi, bu nə boyda xoşbəxtlik idi. Göz yaşları içində balasını sinəsinə sıxaraq körpə dodaqlarının südlə dolu döşünü hələ tutmağı öyrənməsə də əmmək üçün acgözlüklə axtarmasına həsrətlə tamaşa etmişdi. İndi altı aylıq şeytanlaşmış şipşirin bal olan oğlunu xəyalən Rövşənlə danışa ‐ danışa böyütmüşdü.
Telefon zəngi onu çulğamış xatirələr burulğanından ayırdı, sifariş verdiyi taksi idi, gəlmiş və aşağıda onu gözləyirdi. Özünə söz vermişdi, balaca Rövşəni o xoşbəxt gecənin sevgi dolu ehtiraslarından yarandığı məkana, Xızıya aparacaqdı. Hətta həmin nömrənin boş olduğunu da öyrənib qabaqcadan ödənişini ikiqat edərək kimsəyə verilməməsini tapşırmışdı. Balasının paltarları olan çantasını qoluna taxaraq ehtiyatla beşikdən yuxulu olan körpəsini qucağına götürdü. Və yolboyu əzablı xatirələri başladı, ilyarım qabaq Rövşənin onu qarşılaması və bu yolu necə xoşbəxtcəsinə gedib qayıtmaları...kim deyir sevgi yalandı, insanı yaşadan, xoşbəxt edən, həyata bağlayan elə sevgi deyilmi?!
Sürücünün ‐ "xanım, sizə necə kömək edə bilərəm" ‐ səsinə şaşmış, döyükmüş halda baxdı. Güzgüdən ona yazığı gələrcəsinə baxan sürücünün, ‐ "bacı ağlayırsız, nə cür yardım edə bilərəm" ‐ deməsindən işin nə yerdə olduğunu başa düşdü.
‐ Narahat olmayın, bu səfərimin məndə ağır təsirli xatirələri var, bir anlıq xatirələrə qapılmışam, ‐ deyərək gözlərinin yaşını silərək gülümsədi...
Bəli, bu da həmin otel!..
Nömrənin açarını götürərək tələm-tələsik yuxarıya qalxdı, biraz dincəlməli, körpəsini yedirtməliydi. Ürəyi həyəcandan ağzına gəlirdi, sanki yerindən qopacaqdı. Hətta ona elə gəlirdi ki, Rövşən sağ-salamatdır, sürpriz edərək otaqda onu gözləyir.
Qapının ağzında donub durmuşdu, nəfəsi də kəsilmişdi. Əlləri əsə ‐ əsə qapını birtəhər açdı. Qapıdaca göz yaşlarına boğuldu,heç nəyi unutmamışdı, detallarınacan xatırlayırdı, otağı, hadisələri, Rövşəni... axı bir an belə unutmamışdı sevgisini. Balaca Rövşən qığıldayaraq qəribə uşaq səsləri çıxarıb maraqla otağa baxırdı. Ülkərin ürəyi qan ağlayırdı, beynindən nələr keçirdi bir özü, bir də Allahı bilirdi...
Biraz dincəldikdən otelin həyətinə çıxıb ətrafdakı meşəyə doğru getməyə başladı. Hara getmişdilər, harda dayanmışdılar... hər yeri didik ‐ didik, qarış ‐ qarış gəzdi. Hər yer eyni idi, təbiət, dağlar, hətta bulaq da eyni səslə axırdı...Ağır, əzablı bir gün olsa da ağlar ‐ gülər gözlərlə sanki ata Rövşənlə söhbət edirmiş kimi xatirələrini balasına danışa ‐ danışa gecəni gözlərini belə qırpmadan səhəri açdı. Baxmayaraq ki, qarşıda uzun bir yol vardı. Balaca Rövşəni atasının doğulduğu torpağa aparacaqdı. Birtəhər özünü toplayıb oteldən dalğın halda ayrıldı. Burda sadəcə xatirə vardı...
Rövşəninə qovuşmaq arzusundan başqa gözünə heç nə görünmürdü. Oğlu ilk dəfə atasıyla üz ‐ üzə gələcəkdi, onu daş şəklindən tanıyacaqdı. Taksi onları Qazağa, Rövşənə aparırdı...
Aida Adıgözəl
05.12.2021
Bir 3 nəfər, ayaqüstə duran insanlar, açıq hava, abidə və ağac şəkili ola bilər

2201 oxunub

InvestAZ