XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Əbülfət MƏDƏTOĞLU: - Gerçək nağılın yozumu Vahid Əlifoğlunun bir şeiri ilə dərdləşmək
YAZARLAR 08:01 / 14.05.2022
Söz o vaxt özünü təsdiq edir ki, o, birbaşa ünvanına tuşlanır, həm də içdən gəlir. Yəni ürəklə ruhun təmasından qaynaqlanır. Belə olan halda söz yaddaşa köçür, dilə-ağıza düşür və necə deyərlər, özünə «kimlik» alır. Onun müəllifi əslində kimliyin təqdimatçısıdır. Bu mənada istər haqqa qovuşan, istər bu gün yazıb-yaradan söz adamları özlərindən sonra əgər «kimlik»li sözlər qoyub gedə bilirlərsə, onlar yaşamaq imkanlarını, yəni ömürlərini o sözlərlə uzatmağı da haqq edirlər. 
Bu gün ruhu bizimlə olan, sözü yadımızda, yaddaşımızda yaşayan, yaradıcılığı ilə hər zaman sözə dəyər verənlərin diqqət mərkəzində olmuş Vahid Əlifoğlunun bir şeiri ilə baş-başa qaldım, oxudum...və təkrar bir də oxuyanda gördüm ki, hər sözünün alt qatları olan Vahid Əlifoğlu bu şeirində də təkcə imzasını təsdiqləməyib, həm də şeirə  «kimlik» veribdi. 
Oxuculara xatırlatmaq istərdim ki, Vahid Əlifoğlu qısa, amma məzmunlu yaradıcılığında həmişə sözü yontalamadan, rəndələmədən, olduğu kimi birbaşa oxucuya ünvanlayıbdır. Onun istər publisistikasında, istər poeziyasında gerçəklik, reallıq həmişə göz önündə olub. Oxuduqca təkcə sözü yox, həm də reallığı görmək mümkündü. Bax, bu mənada Vahid Əlifoğlunun indi sizə təqdim edəcəyim şeirin də məram və mahiyyəti yəqin ki, diqqətinizi çəkəcək. Vahid Əlifoğlu yazıb ki:

karvan getdi, dalınca bax,
bu kəsərsiz qılınca bax.
yorğana bax, balınca bax,
yatırtdı nağıllar bizi.

İndi bir anlıq düşünək ...uşaqlığımızı, nənə-babalarımızı xatırlayaq... Dərhal yadımıza folklorumuz – nağıllarımız, bayatılarımız, laylalarımız düşəcəkdi və yaşlı nəsil bir anlıq keçmişə üz tutacaq. Qış gecələrinin nağıllarını, dastanlarını xatırlayacaq. Və o nağılları dinləyə-dinləyə yatıb yuxuya qalan kimlərsə yada düşəcək. Onda bizə bəlli olacaq ki, biz nağıllar danışa-danışa ömrümüzü nağıllaşdırsaq da, bu nağıllar bizi hardasa ləngidib, yubadıb, gecikdirib və baxıb görmüşük ki, rəhmətlik Mirzə Ələkbər demişkən «əcnəbilər göydə balonlarla gəzir»! 
Bax, bu bizim nağıllardan gələn nağıllaşan ömrümüzün bir işartısı, bir ştrixidi. Ona görə də mən də bir daxili hesabatla öz-özümü divara söykəməklə bu qənaətə gəldim ki:

Daha dizim titrəyir,
Çənəm, üzüm titrəyir,
Yolda izim titrəyir –
Yüküm, güc gəlir mənə...

Elə bu da hardasa həmin o nağılların içərisində itən, əriyən, bəzən heç nəyə yaramayan, hətta lap gərəksiz olan ömrün bir fraqmentidi. Demək nağılların bu fəsadı da varmış. Ona görə də əlimizi göyə açıb və yaxud üzümüzü kiməsə tutub imdad diləmək, kömək olmaq, ya da bəxti qınamaq mənə görə yersizdi, mənasızdı, hətta artıqdı. Çünki Vahid yazıb ki:

bəxt karxana sərər, görməz,
yetişməmiş dərər, görməz...
Allahdan gün görər-görməz,
səbətə yığırlar bizi...

Görürsünüzmü, necə bir məntiq var burda. Özüdə nağıllardan gələn məntiq boy verir ,özünün arxa plana keçirilməsinə mane olur. Şair də bunu bilərəkdən gizlətmir, əksinə xatırladır ki, bizdə bəzən ağına, bozuna baxmadan, yaşına başına fikir vermədən adamları, istəkləri, arzuları, nələri... nələri... səbətlərə yığırlar. Aparıb əldən, gözdən uzaq yerlərə ya atırlar, ya da basdırırlar. Onda  istər-istəməz düşünürsən bu sondu, yoxsa... Bax elə həmin məqamda da yadıma düşür ki:

Gözlərimi yaş aldı,
De hanı Tuğ, Daşaltı?!
Başımdakı beş-altı –
Tüküm, güc gəlir mənə...

Deyə bilərsiniz ki, yəqin bu yaşdandı, zaman, illər öz işini görür və insan da daxilən razılaşmasa da, amma boyun əyməyə məcburdu. Çünki zamanı dəyişmək, zamanın hökmünü geri oxumaq mümkünsüzdü. Elə Vahid ona görə deyir ki:

göy nə çəkdi, yer bilmədi,
biçən biçdi, vər bilmədi.
anasına ər bilmədi,
bilmədi oğullar bizi...

İndi bir anlıq düşünün: - Şair,  niyə bu  qənaətdədi? 
Düşündünüzmü? Mən düşündüm. Ona görə ki, 30 illik həsrət vardı, yurd nisgili var idi. Qarabağsız, Şuşasız, Füzulisiz ötən zaman qan verən yaralar var idi. Oğullar isə hələ ki, silaha sarılmamışdı. Hardasa bu bir fərsizlik, bir bacarıqsızlıq, bir gücsüzlük anlamını qoymuşdu ortaya. Ona görə də oğullar bizi ər saymırdı analarına. İndi isə zaman dəyişib və mən o günlərin sızıltısına qədərki bir zaman kəsiyini də belə ifadə etməyə çalışmışam. Yazmışam ki:

Şux, ütülü geyirdim
Mənəm, mənəm! – deyirdim...
Bir fətiri yeyirdim –
Büküm – güc gəlir mənə.

Bu o deməkdir ki, işğaldan öncəki durumumla Vahidin yazdığı durumun da müqayisəsi bir reallıqdı. Bir az da sadə və açıq şəkildə ifadə etsəm, biri o birinin əvvəlidi. Son isə yenə Vahidin həmin zaman kəsiyi üçün yazdığı gerçəklikdi. 

Nə fərqi var, erkək, dişi,
tərgitməyək bu vərdişi.
qurutmağa dəyməz, kişi,
onsuz da sağırlar bizi...

Bu Vahidin həqiqətidi. Amma hər birimizə də məlum olan həqiqətdi. Və mən də o həqiqətin içərisində öz həqiqətimi təkrar pıçıldayıram, yəni xatırladıram. Deyirəm ki:

Nə zaman ki, tər idim
Buğum-buğum əridim!
Geri dönən şərikim –
Hürküm, güc gəlir mənə...

Bəli, iki zaman, iki şeir, amma bir-birinin içərisində, bir-birinin davamı. Deməli, məntiqlə diqqət yetirsək, yanaşsaq, onda görərik ki, Vahid Əlifoğlunun şeirinin fəlsəfəsi zamanı artıq keçibdi, adlayıbdı. O fəlsəfə  hər zaman üçün doğrudu, reallıqdı. Mənim fəlsəfəm isə xatirədi, keçmişdi. Bütün bunlar isə bütövlükdə  bizə – Sənə və Mənə, eləcə də hamıya danışılan nağıldı. Amma gerçək nağıldı!

580 oxu


1335 oxunub

InvestAZ