XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Hikmət Məlikzadə: -«Hələ ki Allah saxlayır, ölüm yola verir məni...»
Ədəbiyyat 18:30 / 13.05.2022

Kəmaləddin Qədim-65

 

Min illərdir aparılan araşdırmalar (da) sübut edir ki, hər insanın (fərd olaraq) yaşadığı ömür onun öz (acı-şirin) taleyinin və (aktiv-sürətsiz) fəaliyyətinin mental çalarıdır. Əslində, bu, (ümumi götürsək) bütün bəşəriyyətin yaşam formasıdır. Yəni, bir insan toplum olaraq bütün bəşərdir; onun həyatı hamı üçün eyni və ya oxşardır, yaxud bütün bəşər, üst-üstə (sadəcə) bir fərddir (Adəmin timsalında eyni şəxsdə bərqərardır)...

Sanki min il yaşamış bir abid kimi fərqindəyik ki, insan onu əhatə edən mühit və ətraf aləmlə (təmasda) axsaqdır - belə deyək, o, Allaha ya asidir, ya müxalif. Buna görə biz çox vaxt bir insanın həyat və fəaliyyətindəki mənəvi dəyərləri, davranışı, o insanın ikisistemli həyat resursu kimi qəbul edirik...

İnsanın, mənəvi aşınmalar üçün ideoloji səbəb olması təkcə bioloji fakt olması deyil, həm də ədəbi zərurət olmasıdır. Tam səmimiyyətimizlə əminik ki, yoxun varolma cəhdini və ya əksinə, varlığın yoxolma çırpıntısını ana laylası, şeir parıltısı, qəlb pıçıltısı kimi mənalandıran istedadlı şair Kəmaləddin Qədim də ədəbi zərurətə təsadüfdə yox, məhz elə zərurətin özündə fəlsəfi çalar qatır. Bəlkə də elə bu ədəbi cəsarətinə görə onun ictimai-poetik zövqü vətəndaş olaraq milli siması, şair olaraq bədii məni üçün çox fərqli təfərrüat verir.

Dediklərimizi əyani şəkildə isbat edək:

 

Qamət verib şax saxlayır,

Görür haqqam, haqq saxlayır,

Hələ ki Allah saxlayır,

Ölüm yola verir məni...

 

***

Borc bir canı bilə-bilə,

Əridəsən gilə-gilə.

Dörd yanını günah ilə

Sarıb Tanrıya gedəsən...

 

***

Qala əllərində canın bu bəxtin,

Nə ötə yan ala, nə bəri çıxa.

Ölə bilməyəsən ölmək istəsən,

Yaşamaq istəyin dəbərib çıxa...

 

...Elə Vətən adlı yer ömür boyu,

Qala səndən yana sirr ömür boyu.

Gəzəsən özünü bir ömür boyu,

Nə öldü, nə qaldı xəbəri çıxa...

 

***

İlin, günün bu vaxtında

Kimdi döyən ac qapını?

Bir dəfə də xeyrə döyən

Tapılmazmı heç qapını...

 

Əlbəttə, Tanrı sevgisində təcəlla etmək yüksəlişə zəmin verir. Kəmaləddin Qədimin yuxarıda nümunə kimi göstərdiyimiz şeir parçaları bu təcəllanın nədən ibarət olmasına diqqət çəkir. Bəlli olur ki, adidən mürəkkəbə qədər bütün aralıqlar sevgidə zahirdir; insan bu ruhi təması öz orbiti ilə uyğunlaşdıra bilmir deyə, qürur onu müti edir. Bu fəlsəfi «ayini» daha sadə şəklə gətirmək üçün yuxarıdakı misraların «yükünü salaq». Əslində, Kəmaləddin Qədim «Qamət verib şax saxlayır, Görür haqqam, haqq saxlayır...» fikri ilə insanın dürüst anına ekskurs edir, demək istəyir ki, başlanğıcdan haqq olana Allah da rəhmət, hüzur verir. Ölümün haqq olan insandan yan keçməsi məhz bu məqama işarədir. 

Müəllif «...Dörd yanını günah ilə sarıb Tanrıya gedəsən...» faktı ilə bəşərin nəfsdən asılılığını, şeytanın zərrəvi deyil, tam mənada hökmran olduğunu qabardır, Qiyamət günü Allah qarşısında bütöv bir günah daşı kimi görünəcəyimizi ehtiva edir.   

Yaxud, «...Gəzəsən özünü bir ömür boyu, nə öldü, nə qaldı xəbəri çıxa...» poetik çırpıntısı da elə bu oxşar «faciə»nin fərqli coğrafiyasıdır. Təkcə bu iki misranın içinə (ağıllı-naşı) insanın başlanğıc və son anı sığıb. 

Bu poetik çırpıntılarda bəlli bir gerçək var: insan nə qədər mətin, mübariz, xeyirxah və sadə, qayğıkeş və mehriban olmaq istəyirsə, mühit (sosial-iqtisadi çətinlik, adamsızlıq, maddi üzqaralıq və s.) onu bir o qədər şeytana - pis vərdişlərə yaxınlaşdırır. Bu dilemmada əsas ideoloji-poetik xətt insanın hansı tərəfi daha üstün tutmasıdır; ya insan (dolanışıq, ailə-uşaq yanında başıaşağı olmaması üçün) nəfsə aludə olmalı, ya da səbr yaşmağını ağlına çəpər edib Allahda qalmağı bacarmalıdır. Kəmaləddin Qədim yaradıcılığı boyu ən çox bu zəruri fakta diqqət çəkir. Hətta onun lirik, sevgi şeirlərində də biz bu aktual təlatümü aydın sezirik. Düşüncəli oxucu bu istedadlı şairin həyat yanğılı şeirlərində sanki əvvəlcə əzabın dadına baxır, sonra ona aludə olub-olmamaq barədə fikir yürüdür.

Yanılmırıqsa, aşağıdakı parçalarda da ədəbi məğz elə bu ictimai acıdır:

 

Görmür çətin, dar da çoxdan

Bardaş qurub burda çoxdan.

Dönüb bir ac qurda çoxdan

Kəsib ehtiyac qapını...

 

***

Sözünü bu qədir-qiymətdə, canım,

Adını bu kökdə, soyda tutasan.

Özünü bir ömür bu ucalıqda,

Elə bu qamətdə, boyda tutasan...

 

***

...Ha duy, anla, qan bu sonu,

Ha gördükcə yan bu sonu.

Qan yuyacaq, qan, bu sonu,

Axırı qan aparacaq...

 

***

Xəbərin yox özündən,

Yanında ayrılıq var.

Həsrət yağır gözündən,

Canında ayrılıq var...

 

...

Heç, ölmək də son deyil,

Sonunda ayrılıq var...

 

Açığı, bu şeir şəkillərində insan şəxsiyyət surətini bəlli səbbələrdən itirir, bir növ, sosiallaşır, maddi-mənəvi imkan daha geniş mənada özünün açıq fazası ilə çıxış edir. Bu misralardakı mənəvi aşınma yaddaşa əks təsir gücünü artırır, gerçək münasibət (məcburən) yalançı əlaqə ilə əvəzlənir. Məsələn, «Dönüb bir ac qurda çoxdan, kəsib ehtiyac qapını...» faktında «Qan yuyacaq, qan, bu sonu, axırı qan aparacaq...» dəhşəti yaşanır. Bu fərqli-oxşar acıda «...Heç, ölmək də son deyil, sonunda ayrılıq var...» çək-çeviri insanın yoxolma - sıfırlaşma həddini qabardır. Oxucu bu misralara ürək qızdırdıqca anlayır ki, insan var ikən özünü yoxolma faciəsindən qurtara bilər. Belə deyək, düşüncəli-ağıllı oxucu Kəmaləddin Qədimin poeziyasını düzgün dərk etməklə bu çoxşaxəli gerçəyi tapmaq şansı qazanar.

Heç şübhə yoxdur ki, Kəmaləddin Qədim 65 illik yaşantıda (bizim düşüncəmizcə) bir neçə ideoloji əhatə qura bilib; məsələn, əmin olub ki, ibtidai xalq varlığı, həyat amili insansevərlik və nisgilədözmə faktlarıdır, bu ictimai dərki yaddaşa yerləşdirmək üçün bütün klassik sərhədləri aşıb keçmək gərəkdir. Çünki hansı tərəfindən baxırsan, bax, həyat bulanıq, kollu, daşlı-kəsəkli vadi kimidir; insan tez-tez bu vadidə öz könül duyğularını gah rəngli, gah da rəngsiz hislərə batırır, kəpənək uçuşu ilə qarşıdakı çöllüklərə şütüyür, bəzən özünü tapır, çox vaxt (özünü) itirir...

Biz çalışdıq ki, bu yazıda fəlsəfi təhlildən çox ictimai tədqiqə yer verək, Kəmaləddin Qədimin «lirik mən»inin hansı səbəbdən mətin, cəsur obraz  olmasından bəhs edək. Açığı, biz onun bitkin vətəndaşlıq yanğısında bir yenilməzlik aşkar etmişik. O, (bütün mənalarda) ədəbi-sosial çətinliklər qarşısında canlı sədd kimi dayanmağı bacarır. Zövqünü korlayan ibtidai çırpıntılara vulkan çırpıntısı ilə qarşılıq verir. Sevgi və ürək yanğılarına poetik su səpməyin fəlsəfəsini bilir.

Kəmaləddin Qədim əzablı qayğılar, insan və cəmiyyət üçün maraq doğuran, lakin hərfən və mahiyyətcə fərqli ideyaları eyni müstəvidə tutmağı da yaxşı bilir. Bu da oxucuda mənəvi, emosional qabiliyyətin artmasına zəmin yaradır. Onun poetikasında insanın taleyi özünə tabe etmək və yaxud dəyişdirə bilmək zərurəti var. Bu da onu deməyə əsas verir ki, Kəmaləddin Qədim öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Əbəs yerə deyil ki, biz dəfələrlə onun səmərəli ədəbi fəaliyyətini özümüzə bələdçi etmişik...

 



1272 oxunub

InvestAZ