XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Hikmət Məlikzadə: - «Sən bütün ümidlərin qapısın kilidlədin»
YAZARLAR 11:23 / 11.05.2022


İstedadlı şair Əbülfət Mədətoğlunun yaradıcılığı barədə ikinci yazı

 

Bitdi, səni ağrıdan

O acı sevgi, bitdi!

Ürək saldı taxtından

O tacı, sevgi bitdi!

 

Belə zənn etmək olar ki, acı sevgilərin bitdiyi vadilərdə insan, (çox vaxt) taledən gələn səs-sədadan diksinməmək üçün özünü müxtəlif səmtlərə vurur, öz yaddaşını (saatın əqrəbləri hesabına) zamanın axarına atır. Hec şübhəsiz, qələminin sanbalına adımız kimi əmin olduğumuz Əbülfət Mədətoğlu şeirinin mənəvi təsirləri də bu axarı (bir az sakit, bir az təlatümlü an kimi) xarakterizə edir. Bu yaddaş tablosunda istedadlı şairin kövrək duyğuda təzahür edən qaynar fəlsəfi hissi, milli xarakterdə əks olunan vətəndaşlıq əzmi, bir az da acı girdablara mənəvi ağırlıq verən insan meylləri var. Oxucu məhz bu «vadilər»dən Əbülfət Mədətoğlu şeirini «hədəf alır». Yuxarıdakı bir parça şeirdə də yaddaş anı çırpıntıya məruz qalmış bütün poetik səmtlərə açıq təfərrüat verir. Şeirin «Bitdi, səni ağrıdan o acı sevgi, bitdi!»  konkretliyi aşkar qorxu doğurur; sanırsan bir azdan Qiyamət qopacaq, umduğun şeylər dadını itirəcək. Bu vəhşəti isə tək bir adamın yox, hamının günahı kimi qəbul etməliyik. Çünki həyat «o acı sevgidə zahirdir», o, bitdisə, can da, ruh da solur, adamın üstündən torpaq-tabut qoxusu gəlir...   

Yuxarıdakı yanaşmadan (da) görünür ki, Əbülfət Mədətoğlunun şeirə münasibəti sözə sadə bir yanaşma deyil, bir ehtiramdır. Bu mənada, o, özünün insan-şair dürüstlüyünü poeziyanın ən ovqatlı məqsədi kimi təqdim edir.

 

***

Məni "ah”ına tapşır,

Son günahına tapşır,

Uzaq uzaq tutacaq,

Sən lap yaxına tapşır -

Üzünü görə bilim...

 

***

Özünə bax, ona bax

Səsindəki tona bax...

Ay Əbülfət, sona bax,

Gör nələr soldu səndə...

 

Şeirdə həyat və taleyi adi təzahür kimi vermək oxucuda meyl doğurmur. Əbülfət Mədətoğlu başqalarından fərqli olaraq bu ədəbi prosesi (nümunə gətirdiyimiz parçalardan da göründüyü kimi) zəruri-effektiv səciyyə kimi qabardır, məna və məzmun aralığında bir eyham qurur. Onun, ən adi bildiyi şeir əslində, vacib bir statusdur, hadisələrin xarakterini ədəbi faktlarla açır. Təkcə "Ay Əbülfət, sona bax, gör nələr soldu səndə...» rakursu bir insanın yaradılışdan ta son ana qədərki həyatını ifadə edir, günahda təcəlla edən canın hansı acrı-acıda ah-vay edəcəyinə diqqət çəkir. Bu qorxu ruhu necə sarırsa, insan tövbə etməkdən başqa çarə tapmır. Deməli, ağıllı-düşüncəli oxucu Əbülfət Mədətoğlunun şeirlərini idrak edə bilsə, günahdan - daha doğrusu, cəhənnəm əzabından yaxa qurtarmaq şansı tapar.

Yaxşı bilirik ki, örnək yaradıcılığa, nümunəvi, əxlaqlı poeziyaya sahib ola bilməyin də özünün məlum çətinlikləri var. Dəfələrlə demişik: o qələm sahibi ki, zəhmətlə istedadı qoşalaşdırır, onun örnəklik qazanma şansı daha çox olur. Parlaq zəkalı qələmdaşımız Əbülfət Mədətoğlu da poeziyanı bir həyat israrı hesab etdiyi üçün öz fövqündə sadə-səmimi hislər qurur, dərhal da anlayırıq ki, bu, onun şeiriyyətində ləngərli duyğuların kövrək inikasıdır. Əbəs yerə deyil ki, onun şeirləri həcmə deyil, məzmuna, mahiyyətə sığır.

Çox vaxt qürur doğuran hisslərə aludəçilik poeziyada az əhatə cızır. Əbülfət Mədətoğlu idrakında saf meyllər qabartmaqla bu əhatədə bir genişlik tapır. Onun şeirdən-şeirə keçirdiyi mübarizə çək-çevirləri bu cəhdə qapı açır.

 

Sən bütün ümidlərin

Qapısın kilidlədin.               

Qopmuş vərəqlərini

Topladın, cilidlədin

kədərin...

 

***

...Söylə görüm nə çin olub,

Olubsa, bəs neyçün olub?

Ürəyim ki, elçin olub,

Özgə kimi göndərəydim?!

 

***

Allahım, yoruldum daha,

Dincəlmək keçir içimdən...

 

***

İnsan gəlir görə-görə,

Min cürə dəyişir hərə...

Sevgisin anamız yerə

Qoymur ki, dincə Dan üzü.

 

Yuxarıdakı vahimə dolu, ictimai çalarlı şeir parçalarına hakim kəsildikcə adam min hala düşür, min əhvala bükülür, sonra da ovqatına xoş təsir verən obrazların ağrısına tuş gəlir və o ağrıda bişir. Bax, dərdi təsvirə çəkmək, onu ürəyə sadəcə yük yox, həm də naxış etmək budur!

Sanki Əbülfət Mədətoğlu lirik ovqatlı şeirləri ilə ürəyə yol, cığır, səmt tapmaqla xoşhal olur. Onun ömür sayğacındakı zaman diyircəkləri o qədər sakit işə düşür ki, poetik hislərindəki çat fikrin dəqiqliyinə nəzər ayırır. Bu zəruri-şüuraltı faktı yuxarıdakı şeir parçalarında təzahür edən ədəbi israrla sübut edək: «Sən bütün ümidlərin qapısın kilidlədin. Qopmuş vərəqlərini topladın, cilidlədin kədərin...» eyhamında bir insanın bütöv anı əks olunub. Məqsədi insansevərlik olan şair oxucusunu bu fikrin alt qatındakı dəhşətlərdən xəbərdar etmək, onu yanlış etiqadlardan çəkindirmək istəyir. Bu israrı biz onun «Ürəyim ki, elçin olub, özgə kimi göndərəydim?!» ədəbi faktında da aşkar görürük. İçində Allah xofu çırpınan Əbülfət Mədətoğlu cəmiyyətləri günahdan gen tutmaq üçün özünü poetik-fəlsəfi fikirlərin istisində şam kimi əridir. O, (bir növ) şeiryazma işini (həm də) bir tədqiqat işi kimi qəbul edir deyə, hadisələri ehtimal deyil, gerçək kimi qabardır, ən adi fikrində (belə) bədii məğz və məna zərurəti qurur, fərdi mülahizələrdəki pessimist ovqatları durulaşdırır. Ədəbi mühitdə kifayət qədər tanınmış şair bədii zərurətləri daha çox bir kod altında sistemləşdirməyə üstünlük verir. Bununla (sanki) poetik fikri təkcə bir əhatədə yox, həm də geniş təsəvvürdə cilalamq istəyir.

Ən əsası, onun şeirlərinin əksəri həyat materialları əsasında səciyyələnir deyə (ədəbi qayəcə) öz poetik normasına qalxa bilir.

 

Hikmət Məlikzadə,

Prezident mükafatçısı


2518 oxunub

InvestAZ