XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



“Qardaşıma dedim ki, ata-anama de bir dəfə də onun yuxusuna girsəniz, nə olar...”
MÜSAHİBƏ 08:42 / 11.05.2022
"Elə bil ki, mənim ürəyimi oxudunuz. Bu quruculuq işlərinin hamısı vacibdir, lazımdır, gərəklidir. Amma dediyiniz ağacəkmə kampaniyası artıq bir neçə qat elə bil ki, adama təsir edir. Bəlkə də simvolik desək, ağac nədir, yaşıllıq, yaşıl işıq isə o deməkdir ki, yol açıqdır. Yəni yaşıllıqdır, yol açıqdır, yola çıx. Biz də yoldayıq, Qarabağa doğru gedirik. Öz ata-baba yurdlarımızı bərpa etməklə məşğuluq”
 
Yenises.az bildirir  ki, bu fikirləri  Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət işğaldan azad edilən torpaqlarımızda  və doğulduğu Füzuli rayonunda aparılan quruculuq işləriylə bağlı danışarkən deyib. S.Səxavət bu quruculuq işlərini dövlətimizin öz hesabına apardığını bildirib:
 
"Hələlik heç kəsdən bir abbası yardım görməmişik. Şükürlər olsun öz gücümüzə Qarabağımızı öz əllərimizlə özümüz üçün bərpa edirik. Bundan gözəl heç nə ola bilməz. Dünyada müharibələr, dağıntılar, uçqunlar, təbii fəlakətlər həmişə olub. Əsas o təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq və o yerləri öz ilkin vəziyyətinə qaytarmaqdır. Bunun üçün də biz də hər cür hazırlıq, imkan və istək var”. 
 
Yazıçı bu illər ərzində bir dəfə də olsun nə doğulduğu Füzuli rayonunu, nə də dünyadan köçən valideynlərini yuxuda görmədiyini bildirib:
 
"Məndə o yuxu məsələsi başqaları kimi deyil. O vaxt qaçqın rayonlarından olan ziyalılar deyirdi ki, kəndimiz, rayonumuz, elimiz-obamız gecə-gündüz yuxumdan çıxmır. Mənim isə bu otuz il işğalda olanda bir dəfə doğulduğum Füzuli və ya kəndimiz yuxuma girmədi. Hətta mənim valideynlərim də yuxuma girmədi. Mənim bir balaca qardaşım var, adı Vaqifdir. O, hərbçidir, Qarabağ müharibəsi iştirakçısıdır. Atam-anam demək olar ki, iki gündən bir Vaqifin yuxusuna girirlər. Bu da mənə yuxusun danışıb deyir ki, qağamla bacım yuxuma gəlmişdi. Axırda bir dəfə zarafata dedim ki, ay Vaqif, nə olar bir dəfə onlara de ki, Seyran da Bakıda olur, bir dəfə də onun yuxusuna girin. Bir dəfə onları mən də tərəfə ötür də. Hələ o yuxu məsələsi məndə alınmır. Görünür mən həddən artıq realistəm, nədirsə real, əlimlə toxunan şeyləri etiraf etdiyimdən yuxu məsələsi məndə belə də qalıb. Oxucularımızdan üzr istəyirəm, yuxu mənim üçün real həyatda gəyirmək kimi bir şeydir. Gül kimi real həyat var, əlinlə toxunan, üzünə dəyən, gözünün düz içində, ürəyinin düz ortasında. Bunların yanında yuxu mənlik deyil və heç deyəsən mən də yuxuluq deyiləm. Mən yuxuluq olsaydım, bir dəfə valideynlərimi yuxuda görərdim. Görünür bu mənim yuxuya və yuxunun mənə qarşı olan münasibətinin nəticəsidir”

1651 oxunub

InvestAZ