XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgər mükafatlandırıldı - VİDEO
HÜQUQ 15:28 / 26.04.2022

Aprelin 16-da Kəlbəcərdə 20-dən çox soydaşımızı minaya düşməkdən xilas edən əsgər Mərdəli Aşurov mükafatlandırılıb.

M.Aşurov nümunəvi xidmətinə görə məzuniyyətə göndərilib.

M.Aşurov əslən Qubanın Qımıl kəndindəndir. 86 yaşlı nənəsi Asya Aşurova deyir ki, Mərdəli hələ uşaqlıqdan hərbçi olmaq istəyib: "Deyirdi ki, mən əsgərliyə gedəcəyəm, komandir olacağam. Özü də vətənpərvər uşaqdır”.

Kəlbəcərdə mərdliyi ilə seçilən əsgər 3 uşaqlı ailənin böyüyüdür. Qardaşı Cəmil Aşurov Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsilini davam etdirir. Atası Fərhad Aşurov deyir ki, övladları lap əvvəldən hərbiyə meyillidir. Hərbi xidmət zamanı isə bu meyl peşə seçiminə çevrilib: "Soruşanda deyir ki, ata, heç nədən narahat olma, burada hər şey Vətən üçündür”.
Kəlbəcərin Günəşli kəndində aşkar olunan minaya gəldikdə isə, Mərdəli Aşurov hadisəni belə xatırlayıb: "Kəlbəcər sakini öz evini ziyarət etmək istəyərkən bölük komandiri müşayiət üçün məni göndərmişdi. Getdik, evin həyətinə birinci mən daxil oldum. Tank əleyhinə minanı aşkarladım”.

İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina buraya 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - Kəlbəcərin ermənilər tərəfindən Azərbaycana təhvil verilməsi üçün istənilən vaxtda basdırılıb. Məqsəd evlərinə qayıdacaq dinc əhaliyə qarşı təxribat törətmək, kütləvi insan tələfatına nail olmaqdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə sıfıra bərabərdir. 

Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanları da mina təhlükəsindən xilas edir. Mərdəli Aşurovla birgə qəhrəmanlıq göstərən xilaskar əsgərlər də nümunəvi xidmətlərinə görə fəxri fərmanla təltif olunublar.


3830 oxunub

InvestAZ