XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Poetik vicdanın səsi- Vaqif İSAQOĞLU
Ədəbiyyat 16:45 / 25.04.2022

Qələm dostum Əbülfət Mədətoğlunun yazı masasının üstündə «Xilaskar atanın xilaskar oğlu» kitabını görən kimi içimdən bir sevinc dalğası gəlib keçdi. Söhbətin Müzəffər ordumuzun Ali Baş Komandanından getdiyini dərhal anladım və bu zaman Əbülfətin üzünə şirin bir təbəssüm qondu: «Tahir müəllimin bu günlərdə çapdan çıxmış poemasıdır.

Kitabda Ümummilli liderimizə, Ali Baş Komandan İlham Əliyevə və igid oğullarımıza həsr edilən bu əsərdə qəhrəman xalqımızın poetik obrazı, Xocalı faciəsi, Azərbaycanın başına gətirilən bəlalar, eləcə də İkinci Qarabağ müharibəsinin canlı səhnələri əks olunub», - dedi. Tahir müəllimin adını eşidən kimi istər-istəməz əlimi kitaba sarı uzatdım, çünki onu Milli Məclisin deputatı, fəlsəfə doktoru olduğundan daha çox şair kimi tanıdığımın fərqindəydim. Bəli, Tahir müəllim mənim sevdiyim şairlərdən, sözünə ehtiramla yanaşdığım qələm adamlarından biridir. İki kitabını oxumuşam, hər misrasının məna dəyərini, poetik çəkisini yaxşı bilirəm, sözlərdən ustalıqla istifadə etdiyini, sözü ürəyində bişirməmiş şeirə gətirmədiyini, sözün rəngindən, məna çalarlarından məharətlə istifadə etdiyini yaxşı bilirəm. Onu da bilirəm ki, Tahir Rzayev tarixdə siyasətçi kimi yox, şair kimi qalacaq…Ədəbiyyatın ədəbi dünyasına daxil olan, imzasını imzalar içində təsdiqlədən, ədəbi camedə yetərincə tanınan və sevilən, xalqa və zamana xidmət eləyən əsərlərilə, ədəbiyyatın tarixinə yazılacaq poeziyası ilə oxucuların diqqətini cəlb eləyən Tahir müəllimin mətbəə qoxusu hələ də çəkilib getməyən «Xilaskar atanın xilaskar oğlu» kitabını (Bakı, 2022) bir nəfəsə oxudum, hər misranı suçəkən kimi ürəyimə çəkdim. Həm sehrləndim, həm də duyğulandım. Ədəbi fəaliyyəti boyu sözə vicdanla, namusla xidmət edən Tahir Rzayevin bu poeması bədii-poetik xüsusiyyətləri baxımından diqqətimi daha çox cəlb elədi. Şair «Xilaskar atanın xilaskar oğlu» poeması ilə təkcə xalqımızın yox, həm də türk dünyasının hiss-həyacanını ifadə eləyib. Poemada səmimiyyət və obrazlılıq könül dünyamı işıqlandırdı. Sözünü illər öncə tanıdığım, amma özünü şəxsən tanımadığım bu qüdrətli qələm sahibinə bizə ünvanladığı kitabına görə təşəkkür etmək istədim, Vətən müharibəsini poetik bir dillə qələmə alan şairə zəng edib bir-neçə kəlmə xoş söz demək istəyinə bulundum. Əlaqə nömrəsi məndə olmadığı üçün ürəyimdən keçən fikir və düşüncələri qələmə almalı oldum.

Poemanın təsir gücündən, cazibə qüvvəsindən qurtulmaq üçün yazmalıydım. Yazmasam, rahatlıq tapa bilməzdim.

İkinci Qarabağ müharibəsindən, 44 günlük zəfər salnaməsindən çox kitablar yazılıb və yenə də yazılmaqdadır, amma Tahir Rzayevin yazmış olduğu «Xilaskar atanın xilaskar oğlu» poemasının ədəbiyyat tariximizdə müstəsna yeri olacağı şübhəsizdir.

Üzündə, gözündə xeyirxahlığın sakit işığı yanan, yumşaq və həlim təbiətilə diqqət çəkən, həmişə qayğılı və fikirli görünən Tahir müəllimin iç dünyasında qaynayan vulkanı hiss elədim, odlu ürəyindən qopan misraları oxuduqca poetik vicdanının səsini eşitdim. Şairin şeirlə danışan ürəyinin döyüntülərinə diqqət kəsildim:

Yaratmağa, yazmağa sevən ürək gərəkdir,

Yanmasan, düşünməsən, duymasan yaratmazsan.

Yaşadıb ucalmağa arzu, istək gərəkdir,

Ürəyini Vətənçün qoymasan, yaratmazsan.


Tahir Rzayev həm Milli Məclisin deputatı kimi, həm alim kimi, həm də şair-publisist kimi ürəyini Vətən üçün qoyan ziyalılarımızdan biridir. O, əsl ziyalıdır. Bütün varlığı ilə milli mənafedən çıxış edən, xalqın ağrı-acısını özünə hopduran alicənab bir insandır, işıqlı bir ziyalıdır, ürəklərə yol tapan şairdir. Onun hər misrasında Füzuli kədəri, Məcnun məhəbbəti, Kərəm yanğısı, ən başlıcası isə torpağa, yurd yerinə, xalqımıza, vətənimizə Şah İsmayıl sevgisi var; həm Ulu Öndərimizə, həm möhtərəm prezidentimizə, Ali Baş Komandanımıza böyük hörməti, ehtiramı, inamı, ümidi, vətəndaş-şair kimi ürəyində göyərən sevgisi var…

Şair haqlı olaraq yazır ki, zəfərə gedən yolun özülü ulu öndər Heydər Əliyev tərəfindən təmkinlə, siyasətlə, inamla…tökülüb. Xalqın gücüylə möhtəşəm xarüqələr yaradan rəhbərin Vətən dərdi ürəyindən heç zaman azalmadı. Ulu Öndərin Vətən dərdinə oğlu İlham Əliyev 44 günlük Vətən müharibəsində son qoydu. Ulu öndərin Vətən dərdi xalqın dərdiydi. Heydər-Xalq, Xalq-Heydər birliyi, İlham-Xalq, Xalq-İlham birliyilə əvəzləndi və boş vədlərdən, qətnamələrdən bezən Ali Baş Komandan böyük inamla ordumuza əks hücum əmri verdi.

Vətən müharibəsinə başlanan günə qədər möhtərəm prezidentimiz milyonlarla insanların arzularında əbədi yaşayan ulu Öndərdən dərs almışldı:

Ata dərs öyrədir, oğul dinləyir,

Hər kəlmə incidir, nurdur, mayakdır.

Atanın köksündə bir səs inləyir

Əvvəli və sonu ədalət, haqdır.


Poemanı oxuduqca şairin poetik vicdanının səsini eşidirdim. Kitabda 1828-ci ildən üzü bu yana – 2022-ci ilin 10 noyabrına kimi, çəkdiyimiz bəlalar, Azərbaycanın ikiyə bölünməsi, erməni işğalları, Xocalı faciəsi, Qarabağın qara taleyi, qaçqınlıq həyatı, bir sözlə, başımıza gələn müsibətlər ürək ağrısıyla, ürək qanıyla yazılıb və yazılanları həyəcansız oxumaq mümkün deyil. Poemanı oxuduqca gözümün nəmləndiyini, ürəyimin qəmləndiyini hiss edirdim. Ürək ağrısıyla yazılan bu misraları ürək ağrısıyla oxuyurdum:

…Başımız üstündən qanlı küləklər,

Gah Cənubdan əsdi, gah da Şimaldan.

 

..Gülüstanda xalqın beli qırıldı,

Yarıya bölündü ciyərim, canım.

 

…Yarıldı sinəsi Azərbaycanın,

İkiyə bölündü bir qələm ilə.

 

…Qəlblərə sıxılan güllədi, oxdu,

Kim dözər Xocalı faciəsinə?


Azərbaycanın, Azərbaycan xalqının başına gətirilən faciələr, illərdən bəri şəhər və kəndlərimizin göz görə-görə dağıdılması, erməni qaniçənlərə, işğalçılara «gözün üstə qaşın var» deyilməməsi…ATƏT-in lal olması, BMT-nin susması şairin ürəyində haqlı sualların baş qaldırmasına səbəb olur:

Qəsd etmək, öldürmək bir şüar olub-

Kim verib bu haqqı hər yetən «yan»a?

BMT dillənmir, ATƏT lal olub,

Hərə yaxasını çəkib bir yana.


Və nəhayət:


Ali Baş Komandan böyük inamla,

Orduya əks hücum əmrini verdi.

Vətən uğrunda müharibə başlandı və şairin yazdığı kimi:

ATƏT-in yerinə tanklar danışır,

BMT dil açır avtomatlarda.

Və yaxud bu misralara diqqət yetirək:

…Səngərlər, mövqelər alınır bir-bir,

Döyüşə köklənib əsgərlərimiz.


«Xilaskar atanın xilaskar oğlu» poemasında 44 günlük Vətən müharibəsinin tarixi işıqlandırılıb. Azərbaycanın öz halal haqqını özünə qaytaran, doğma Qarabağı erməni faşistlərinin işğalından azad edən, xalqın tükənməz məhəbbətindən güc alan, xilaskar atanın xilaskar oğlunu Tahir Rzayevin  yazdığı kimi:

Nəsillər ucaldar, tarix unutmaz,

Məğrur rəhbərləri, xilaskarları…

Və ən nəhayət, poema haqqında yazmaq istədiklərimin onda birini yaza bilməsəm də fikrimi Tahir müəllimin kitabda yer almış bu sözlərilə tamamlamaq istəyirəm: «Böyük, tarixi qələbəmizi təmin edən hörmətli Prezidentimizin, Ali Baş Komandanımızın, hər bir əsgər və zabitin, hər bir insanın, şəhidin, qazinin adı, hünəri xalqımız üçün əziz, unudulmaz və qiymətlidir. Biz hər birimiz bu qiyməti, ehtiramı öz fəaliyyətimizlə, əməli işimizlə reallaşdırmalı, tariximizi yazanları müqəddəsləşdirməli, əbədiləşdirməli və daimi yaşatmalı, ucaltmalıyıq.

Mən də bu məqsədlə bu sətirləri qələmə aldım və istəyimə şərik olsanız sevinərəm».

Tahir müəllim! Sizin istedadlı  bir şair kimi qələmə aldığınız sətirlərə və istəyinizə şərik oluram və bundan məmnun olduğumu bildirirəm. Onu da bildirirəm ki, əsl ədəbiyyat nümunəsi sayılacaq bu əsərin rəflərdə yox, masanın üstündə olacağına ürəkdən inanıram. İnanıram ki, belə də olacaq.

Vaqif İSAOĞLU
yazıçı, publisist


5175 oxunub

InvestAZ