XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Seyran Səxavət : - Məzarından nur paylayan Hətəm
Elm 11:35 / 16.04.2022
Məndən dostlar, tanışlar soruşurlar ki, Hətəm Quliyev kimdir? Mən də hamıya, elə sənin özünə də deyirəm ki, Hətəm Quliyev dünyanın barmaqla sayılan, sayseçmə 5-10 alimindən biridi və Hətəm Quliyev   də nə qədər elm var, dünya var, həmin o 5-10 alimin içində qalacaq, yaşayacaq. Bilirsən ki, Hətəm uzun müddət Ukraynada yaşayıb. Mən də Orta Asiyada Müdafiə Nazirliyinin xətti ilə işləmişəm, sonra İranda, sonra da qayıdıb gəlmişəm Bakıya. 
Biz bir-birimizi 10-12 yaşımızdan tanıyırıq. Yəni, uşaqlıqdan Hətəmin dünyasını dəyişdiyi günə qədər biz bir yerdə olmuşuq. Elə gün olmayıb ki, zəngləşməyək, bir-birimizdən hal –əhval tutmayaq. Yadıma düşmüşkən, sənə Hətəmlə bağlı bir xatirəmi deyim:
- Deməli, Yazıçılar Birliyində mənimlə görüş keçirilirdi. Həmin o görüşü elə mən özüm aparırdım. Bir də gördüm ki, Hətəm, yanında da akademik, rəhmətlik Mitəd Abbasov keçdilər içəri. Görüş Natəvan klubunda idi. Mən bu məqamdan istifadə edib dedim: 
- Bilirsiniz də, mən Hətəm Quliyevdən çox üstün adamam. Amma Hətəm də məndən bir cəhətdən çox üstündü. O mənim yazdıqlarımı, fikirlərimi birmənalı şəkildə duyur, qavrayır, dərk edir. Amma mən Hətəm Quliyevin elmini yalnız təxmin edirəm. Bax, buna görə də  Hətəm Quliyev məndən üstündü. 
Əbili, sən bilirsən ki, Hətəm, Azik və bir də Adil mənim üçün tam fərqli, yəni ayrı kişilər olublar. Allah Hətəmlə Adilə rəhmət eləsin, Azikə də ömür versin. Onların yanında da və hər yerdə də demişəm də və yazmışam daki,  Hətəm Quliyev təkcə yaxşı kişi, yaxşı adam yox, həm də böyük Alim idi! Onun alim kimi çəkisi haqqında akademik Rəşid Cavanşir, Akif Əlizadə, İbrahim Quliyev, Mitəd Abbasov və digərləri elə mükəmməl sözlər, fikirlər deyiblər ki, hərəsinin çəkisi neçə-neçə kitaba bərabərdi. Sənə bir şey də deyim. Hətəm son dərəcə gözəl ailə başçısı idi. Çox möhkəm dost, qonşu, dizi bərk kişi idi. Yəni onda alimliyi kimi insanlığı da bütöv və möhtəşəm idi. Mən onun   barəsində özümün «Qaçaqaç» və «Bəhanə» romanında çox yazmışam.

 Təbii ki, ayrılıqlar, ölüm-itim qaçılmazdı. Hər kəs bir gün öləcək, bunu adamlar bilirlər. Amma hansı günü öləcəklərini bilmədiklərindən bəzən adamlığa yaraşmayan işlərə də meyl göstərirlər. Kiminsə haqqına girirlər, mərdimazarlıq edirlər. Amma Hətəm təpədən-dırnağa möhtəşəm idi. Onda çox güclü yumor hissi də var idi. O, xəstələnəndə telefonla zəng etdim və aramızda belə bir söhbət oldu. Daha doğrusu zarafat etdim ki, bir az könlü açılsın.  Yəqin ki, bilirdin də. O pis xəstəlik Hətəmin başından tutmuşdu. Bax, mən də zarafatca dedim ki: 
- Hətəm, haran xəstələnib? 
Dedi ki:
- Başım.
Gülə-gülə dedim:
- Ə, sən əsl alim imişsən, mənim  tay şübhəm qalmadı!
Hətəm də güldü. Bildim ki, hara işarə etdiyimi göydə tutub. Axı adətən elm adamları daha çox başqa yerlərindən xəstələnirlər. Amma Hətəm ağlı ilə, başı ilə işlədi   və  özünü elmə fəda elədi. Onu da deyim ki, mənim uşaqlarım Hətəmə, onunkular da mənə əmi deyə müraciət ediblər. Bu müraciətdə tamam başqa bir ləzzət var. Bir ona sevinirəm ki, Hətəm qəflətən getmədi. O, bir müddət xəstə yatdı və bizi öz ayrılığına hazırladı. Biz yavaş-yavaş anlamağa, hiss etməyə başladıq ki, Hətəm gedir. Amma heç nə edə bilmirik. Onu saxlamağa bizim gücümüz yoxdu. Hətəm başdan-ayağa işıq idi. Adətən deyirlər ki, qəbrin nurla dolsun. Amma mən əminəm və inanıram ki, Hətəmin qəbri nurla doludu və o bu dünyada etdiyi xeyirxahların davamı kimi o biri dünyada da öz qəbrindəki nurdan kimlərəsə pay verir. Onun yeri cənnətdi. Mən bir də deyirəm: 
- Yerin cənnət olsun, Hətəm!

5755 oxunub

3761 oxunub

InvestAZ