XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Həmidulla Aslanov ,Fizika-riyaziyyat elmləri doktoru, : Ölüm sevinməsin...
Elm 08:34 / 12.04.2022
      
                                                 professor , Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, 
                                                 Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika       
                                                 İnstitutunun "Funksional-analiz” şöbəsinin müdiri.

Bəşəriyyətin tarixi boyu ən böyük dövlət elm, ən dövlətli adamlar isə alimlər hesab edilmişlər. Lakin elmin ziyası ilə ömrünü nurlandırmaq hər kəsə nəsib olmamışdır.Alimlik qabiliyyəti o kəslərə verilmişdir ki, həyatını cəmiyyətin inkişafına, millətinin və xalqının gələcəyi naminə şam kimi əritsin.Belə insanlar zəhmətdən yorulmayıb, usanmayıb, əksinə ondan qürur duyub, zövq alıblar.
    Tanınmış insanlar, görkəmli alimlər, görkəmli ziyalılar haqqında fikir söyləmək, xatirə yazmaq, oxuculara və elmi ictimayyətə  yetərincə və layiqincə təqdim etmək həm çətin, həm də məsuliyyətli bir işdir.Bu mənada haqqında ürək sözlərimi ifadə edəcəyim görkəmli alim, gözəl insan, xeyirxah dost, qayğıkeş müəllim və səmimi ailə başçısı kimin tanıdığım fizika-riyaziyyat elmlər doktoru, professor,  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Hətəm Hidayət oğlu Quliyev mexanika sahəsində görkəmli yer tutan, sayılıb seçilən və hörmət edilən şəxsiyyətlərdən birirdir.
    Görkəmli alim  akademik Hətəm Quliyev haqqında qələmə aldığım bu sətirlər ürəyimdə yer almış ülvı insani hisslərimin , Azərbaycan elminin görkəmli siması , qayğıkeş müəllim və yaxın dosta olan dərin hörmət və ehtiramımın təzahürüdür.
    Mənim Hətəm müəllimlə tanışlığım tələbəlik illərinə təsadüf edir.Belə ki mən 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakultəsinə daxil olduğum vaxt bizimlə eyni məktəbi bitirmiş həmyerlilərimizdən bir neçəsi mexanika-riyaziyyat fakultəsində təhsil alırdılar.Sonralar Bakı Dövlət Universitetində işləmiş professor Seyidəli Haciyev, dosent Şahbaz Bayramov və dosent Feyrux Həsənov dördüncü kursda oxuyurdular. O vaxtlar  da universitetin bütün tələbələri yataqxana ilə təmin olunurdular. Biz hamımız universitetin iki nömrəli yataqxanasında qalırdıq.Mən ilk dəfə Hətəm müəllimlə orada tanış olmuşam.Mənim həmyerlilərim hamısı seçilən, qabiliyyətli tələbələr idi.Mən onlardan Hətəm Quliyevin də universitetin  qabiliyyətli tələbəsi  olduğunu eşitmişdim.Qeyd edimki,  həmin tələbələr universiteti bitirdikdən sonra bəziləri universitetin bəziləri isə akademiyanın aspiranturasına daxil oldular.
    1972-ci ildə biz universiteti bitirdik və Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olduq. Həmin vaxt Hətəm Quliyev aspiranturanın üçüncü kursunda təhsil alırdı. Aspiranturada təhsil alarkən o, Kiyev şəhərinə ezam olunmuş və orada keçmiş Sovetlər İttifaqının görkəmli mexanik alimi, akademik Quzun rəhbərliyi ilə tədqiqat aparırdı.
    Hətəm müəllim aspirantura müddətini bitirmədən iki il müddətində elmi işini tamamlamış və vaxtından əvvəl müdafiəyə təqdim etmişdir.Bu müvəffəqiyyətə hamı ürəkdən sevinir və heyran qalırdı. Həmin illərdə Riyaziyyat və Mexanika İnstutunun direktoru Azerbaycan riyaziyyat elminin patriarxı akademik Zahid Xəlilov idi. Hətəm Quliyevin bu müvəffəqiyyəti onu çox sevindirmiş, o özü şəxsən müdafiədə iştirak etmək üçün Kiyev şəhərinə getmiş və müdafiədə iştirak etmişdir.Hətəm Quliyevin bu müvəffəqiyyəti gənc tədqiqatçılara, o cümlədən bizə bir stimul vermişdi.Bu uğurdan sonra Hətəm müəllim daha inadla elmi axtarışlarını davam etdirmiş və az bir vaxtda doktorluq dissertasiyasını tamamlamış, çox gənc yaşlarında elmlər doktoru elmi dərəcəsini almışdır.Hətəm müəllim Bakıya döndükdən sonra Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərmişdir.Sonra Hətəm müəllim görkəmli neftçi alim, akademik Midhət Abbasovun dəvəti ilə Akademiyanın dərin Neft və Qaz İnstitutuna dəvət olunmuş və bu istiqamətdə uğurlu tədqiqatlar aparmışdır.Elmi nailiyyətləri  nəzərə alınaraq  Hətəm Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
   Hətəm müəllimin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.Onun rəhbərliyi ilə 20-dən artıq gənc fəlsəfə doktoru elmi dərəcəsi ,onlardan bir çoxu elmlər doktoru elmi dərəcəsi adı almışdır.

Hətəm müəllim səmimi insan idi.Sədaqətli dost idi.Bizim onunla uzun illər yaxın dostluq münasibətimiz var idi.Biz tez-tez görüşərdik.
    Hətəm müəllim vətənpərvər bir insan idi. Mənfur qonşularımızın Qarabağda yaratdıqları faciələr onu çox həyəcanlandırardı.El-obasından, ev-eşiyindən didərgin düşmüş Qarabağlıların dərdi onu üzürdü.O, əlindən gələn hər bir yardımı əsirgəməzdi.Xeyirxah insan idi.Heyif ki, vaxtsiz ölüm ona bu gün yenidən qurulan Qarabağımızı görməyə imkan vermədi. Mən Fizulinin, Şuşanın və başqa şəhər və kəndlərimizin alınması münasibətilə ona gözaydılığı verərkən hər ikimizin körpə uşaqlar kimi ağladığımız heç vaxt yaddan çıxmaz.Biz dostları onun ata yurdu Fizulini onsuz ziyarət etdik və onun ruhunu özümüzlə oralara apardıq.Mən bu sətirləri yazarkən yenə də göz yaşlarımı saxlaya bilmirəm.Allah rəhmət etsin.Məkanı cənnət olsun.
   Son illərdə biz, Ədalət Axundov, Akif Musayev, Hidayət Həsənov, Təbriz Şəmiyevlə birlikdə may ayında hökmən bizim Şamaxı rayonundakı Cəyirli kəndinə gedərdik, birgə bayram keçirərdik.O, kənd həyatını çox sevərdi. Bir neçə dəfə həyat yoldaşı Kəmalə xanımla birgə kənd evimizdə onu qarşılamaq sevinci bizə qismət olmuşdu. Hər görüşümüzdə, hər məclisimizdə o məndən bir muğam parçası oxumağı xahiş edərdi. Mən də onun sözünü yerə salmaz, oxuyardım.Rəhmətliyə çox xoş gələrdi, bəyənərdi.
   Hətəm müəllimin böyük arzuları vardı.Heyif ki, vaxtsız əcəl buna imkan vermədi.
   Görkəmli alim, gözəl ziyalı, xeyirxah insan, səmimi dost, Vətənə sonsuz məhəbbətlə vuğun bir övlad olan Hətəm müəllimin əziz xatirəsi onu tanıyanların, tələbələrinin, dostlarının qəlbində daim yaşayacaqdır.

        Ölüm sevinməsin qoy, ömrünü vermir bada
        El qədrini canından daha əziz bilənlər
        Şirin bir xatirətək qalacaqdır dünyada
        Sevərək yaşayanla, sevilərək ölənlər.
 
Allah sənə rəhmət etsin əziz Hətəm müəllim.


6270 oxunub

InvestAZ