Ədalət Axundov, riyaziyyat elmləri doktoru, professor :-Hətəm müəllim haqqında xatirələrim
Hətəm müəllimlə mənim ilk tanışlığım 1965-ci ilin mart ayının sonlarında olmuşdur. O vaxtlar bir qayda olaraq məktəblilərin mart tətili günlərində müxtəlif fənlər üzrə respublika olimpiadaları keçirilərdi. Həmin ildə keçirilən olimpiadada Naxçıvan şəhər riyaziyyat olimpiadasının qaliblərindən biri kimi mən də iştirak edirdim. Qeyd edim ki, riyaziyyat üzrə respublika olimpiadasına görkəmli alim, respublikada Azərbaycan dilində riyaziyyat fənninin tədrisinin təməlini qoyanlardan biri, bəlkə də birincisi, azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Maksud Cavadov rəhbərlik edirdi. O olimpiadanın işçi qrupuna Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət universiteti) riyaziyyat və mexanika fakultəsinin fəal tələblərindən bəzilərini cəlb etmişdi. Həmin tələbələrdən biri də Hətəm müəllim idi. Hətəm müəllim mənim də olduğum 9-cu sinif qrupuna təhkim edilmişdi. O bizim qaldığımız internat məktəbdə olimpiadadan bir gün əvvəl qrup üzvləri ilə ğörüşdü. Bir-bir hamı ilə tanış oldu. Özümüzü nəcə aparmalı olduğumuzu,təmkinli, diqqətli olmağı, yazılarımızı təkrarən yoxlamağı məsləhət gördü. Hətəm müəllimlə sonralar daha iki dəfə-olimpiadanın keçirilən günü və yekunu vaxtı görüşdük.
Mənim Hətəm müəllimlə ikinçi görüşüm 1966-cı ilin sentyabr ayına təsadüf edir.Dərs ilinin əvvəllərdə hamı kimi mənim də yataqxana ,kitabxana kimi problemlərim var idi və bu səbəbdən ora-bura qaçırdım. Qəfildən Hətəm müəllimi bir dəstə tələbə yoldaşları arasında gördüm və tanıdım. Sən demə, Hətəm müəllim də məni görübmüş. Mən necə yaxınlaşım, nə deyim fikirləşənə qədər özu mənə yaxınlaşdı və salamladı, tələbə olmağım münasibətilə təbrik etdi. Nə problem olduğunu, nəyə ehtiyac var soruşdu, hər bir məsələ üçün ona müraciət edə bilərəm dedi. Hətəm müəllim bunları elə səmimi şəkildə. gülərüz tərzdə söylədi ki, ona inanmamaq mümkün deyildi.
Universitetdə oxudum illərdə Hətəm müəllimlə tez-tez, həm də böyüklük-kiçiklik gözlənilməklə , səmimi və çoxsaylı göruşlərimiz davam edərək AMEA Riyaziyyat və Mexanika İnstitutunun , AMEA-nın müxtəlif institutlarının əməkdaşları kimi də unudulmaz oldu. Həmişə də səmimi.,xoş əhvalruhiyyə ilə görüşürdük. 2017 ildən başlayaraq Hətəm müəllimlə mənim görüslərim intensif xarakter aldı və həm elmi, həm də yoldaşlıq-dostlüq sahələri əhatə etdi.
AMEA Rəyasət Heyətinin qrantını udan akademik Hətəm Quliyev müxtəlif elmi müəssisələrdən, müxtəlif profilli alimlərdən ibarət bir elmi qrup yaratdı. Məni də həmin qrupa üzu kimi dəvət etdı və bizim əlagələrimiz genişlənməyə başladı. Onun rəhbərliyi, bilavasitə iştirakı ilə keçirilən elmi seminarlar çox maraqlı olmaqla yanaşı , həm də çoxsaylı diniləyicilər cəlb edirdi.
Mənim xatirəmdə Hətəm müəllimlə məişət səviyyəsində çoxsaylı görüşlərim də silinməz izlər buraxmışdır. Rayonlarımıza dəfələrlə səyahətə getmiş, yoldaşların-dostların xeyir-şər məclislərdə birgə iştirak etmişik.Bütün görüşlərdə Hətəm müəllimin özünəməxsusluğu dəyişilməz qalırdı.Elə bu ilin yanvar ayının 6-da onu yad etməyə, onunla görüşə getmişdik. Yenə həmin gülərüz, xoşsifət oğlan öz mənalı nəzərləri ilə bizə baxırdı.
riyaziyyat elmləri doktoru, professor
Ədalət Axundov
6148 oxunub