Görkəmli
azərbaycan alimi Hətəm Quliyevlə məni 50 illik yaxın dostluq və tanışlıq birləşdirirdi. Onu Bakıdan tanısam da, əsas ünsiyyətimiz Kiyev şəhəri ilə bağlı idi. O
vaxtlar (1970-ci illərin sonu) mən həmin şəhərdə aspirant idim, o isə orada
yaşayırdı. Tez-tez qaldığımız yataqxanaya, azərbaycanlı tələbə və stajorların yanına gələrdi. İnanın ki, onun hər gəlişi toy-bayram olardı. Yaşca bizlərdən böyük, həm də artıq elmi dərəcəsi var idi. Ona görə də öz təcrübəsini bizlərlə həvəslə bölüşərdi. Biz ona, bir
növ ağsaqqal kimi baxırdıq və onun tövsiyyələri bizim üçün çox qiymətli idi. Yataqxana şəraitində qurduğumuz sadə məclilərə
onun iştirakı xüsusi rövnəq verərdi. Böyüklə böyük, kiçiklə kiçik idi...
Hətəm müəllim elmin bir çox sahələrində nəhəng alim idi. Beynəlxalq elm
aləmində böyük nüfuz qazanmışdı. Öz elm istiqamətində çoxlu sayda tələbələr
yetirmişdi. Onların arasında çoxsaylı elmlər doktorları, hətta AMEA-nın üzvü
adı alanlar da var. O tələbələrinə qarşı tələbkar, lakin olduqca qayğıkeş və
səmimi idi.
Adətən insanlar uzaq səfərlərdə yoldaşlıq edəndə bir-birlərini daha yaxşı tanıyırlar. Hətəm müəllimlə çoxsaylı birgə səfərlərimiz olub. Bir dəfə Kiyevdən Bakıya gəlməyə hazırlaşırdıq. Qərara aldıq ki, bir kupedə 4 nəfər yaxın yoldaşlar olmaqla qatarla səfər edək. 50 saatlıq yol sanki bir anda gəlib keçdi. Sonralar da Respublikamızın bir çox bölgələrinə (Lənkəran, Naxçıvan, Altıağac və s. ), eləcə də Dərbənd şəhərinə birgə səfərlərimiz oldu..., bunlar yaddan çıxan deyil. Bir dəfə o və digər dostlarla birlikdə anadan olduğum Xanəgah (Culfa r.) kəndində olduq. Hətəm müəllim qədim yerlərə, Əlincə qalasına, Şeyx Nəiminin türbəsinə böyük maraqla baxdı, valehliyini gizlətmədi. Bu xatirələrimə əlavə olunan şəkil də elə orada çəkilib.
Onu da qeyd edimki, Hətəm müəllimin musiqi duyumu yüksək idi. Maşında
gedə-gedə maqnitafondan tanınmış xanəndələrin ifasında muğamları, təsnifləri
səsləndirər, ifaçılar və ifa barədə elə şərhlər verərdi ki, sanki professional
musiqiçi idi. Bununla yanaşı o futbolla da çox maraqlanardı,demək olar ki , idmanın bu növündən yaxşı baş çıxarırdı.
Hətəm müəllim yay aylarını Nabranda
keçirər, bizləri də tez-tez oraya dəvət edərdi. İstirahət etdiyi sanatoriyada
hamının sevimlisi idi. Nərd yarışları, məclislər təşkil edər, camaatı öz başına
yığardı. Elə iş yerində də nahar fasilələri vaxtı imkan olduqca bir qrup dostlarla
Akademiyanın bağında gəzər, mənalı söhbətlər edərdi.
Hətəm müəllim doğma Qarabağın azad olunmasına hədsiz sevinirdi. Əfsus ki,
qələbədən sonra anadan olduğu Füzuli torpağına gedib o yerləri ziyarət etmək
ona nəsib olmadı. Onun əziz xatirəsi biz dostların qəlbində əbədi yaşayacaq. Allah
rəhmət eləsin.
Fizika-riyaziyyat elmləri doktoru, professor Soltan
Əliyev