XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Əbülfət MƏDƏTOĞLU : - Səssiz dualar... Məmməd İsmayıl ovqatından
YAZARLAR 08:20 / 30.03.2022
Mənə görə bütün dualar eşidilir, xüsusilə ürəyində özün-özünə söylədiyin dualar Tanrıya daha tez çatır və bir də xüsusilə bu dualar dan yeri sökülmək istəyəndə dilə gətirilirsə, o dualar şehdə yuyunub qalxır üzü Tanrıya tərəf. Bir növü dəstəmaz almış kimi... yuyunub  sığallanmış kimi... Allah evinə gedirmiş kimi... Bax, bu dediyim məqamda edilən dua həm adamın bütün içini, ruhunu ifadə edir, həm də hər kəsin ümid yeri olan O TƏK ünvana yetişir. Təbii ki, duanın qəbul olunub-olunmaması başqa bir mövzudur, başqa bir söhbətdir.   Əsas odur ki, için rahatlanır, bilirsən ki, sidq ürəklə, gücün çatan bir formada əlini göyə açıb, dizini yerə atıb duanı etmisən... 

Bugünlərdə dəyərli şairimiz Məmməd İsmayılın şeirləri ilə baş-başa qalmışdım. Birdən gözümə onun «Səsssiz dualar...»ı dəydi. Və bu duaları, yəni bu şeiri təkrar oxudum. Gördüm və anladım ki, o şeirin həmmüəlliflərindən biri də deyəsən mənəm. Çünki ustadın ruhuna qoşulmuşdum. Məmməd İsmayıl yazmışdı ki:

Göndərsəm də xeyri nə, fikir teleqramları,
Eşitdim ki, xəstəsən, halın özündə deyil.
Qanınımı qaraldıb qürbətin axşamları,
Dünya gözündə deyil.

Hə, çox qəribə bir vurğudu, çox içdən gələn bir toxunuşdu və hətta bir anlıq adamı şoka salan pıçıltıdı. Və mən də o pıçıltını bir neçə dəfə içimdə təkrarladım. Axı mən də öz ruh dünyama, öz xəyal aləmimə həmişə bu tövrlə, bu qayda ilə səs atmışam – mehnən, küləknən, xəyalnan... Yəqin ki, onlardan hansısa gedib çatıb və çatmayanda da  gedib çatar...İnşallah!..Və  mən də susmamışam ... O ana qədər   ki, pıçıltılarım misralanıbdı. 

Telefon susur... zəng ləngiyir...
Yoxsa... şəbəkə zəifdi?
Dilimin ucu göynəyir –
Son sözüm daşa dəyibdi...

Hə, son sözünün daşa dəyib üstümə qayıtması nə qədər ağır olsa da, amma o sözün deyildiyi ünvanın varlığı mənə  təsəlli  kimi yetər,.. Bəs edər  ürəyə  təpər kimi, ruha təsəlli kimi və nəhayət gümanın ümid olmasına açar kimi... Deməli, bu ovqatın içində ustad Məmməd İsmayılın dualarının ikinci dalğası vurur məni. Ustad yazır ki:


Diləklərin çatarmı əlin çatmayan yerə,
Ümidlər qapalısa, yolçu durar, tol durar.
Gəmilərin SOS səsi batana ümid verər,
Aradakı boşluğu xatirələr doldurar.

Bax, bu, əslində mənim bayaq söylədiyim o ümidə biçilən dondu. Ustad da deyir ki, xatirələr varsa, boşluğu doldurursa, yol varsa, deməli, hələ son deyil. Hələ yaşamağa da dəyər, səni yaşadanın qapısını döyməyə də, hətta onun üçün şam olmağa da. Axı gəmilərin SOS səsi ümiddi, bunu heç kim də bilməsə, sularla çarpışan, dalğalarla əlbəyaxa olan hər kəs bilir. Ona görə də mən də həmin ovqatın içərisində o şam ömrünü rahatlıqla öz boyuma biçirəm və deyirəm ki:

Fikirlər yorğun...perikdi
Ümid də öləziyən şam...
Solum şum yeri – herikdi –
Dolmusansa... üstümə dam!..

Yəqin ki, bu mənzərəni də gözünüzün önünə gətirdiniz, bu çırpıntıları da canınızdan, qanınızdan keçirtdiniz. Hətta ola bilsin ki, mənə dəstək verənlər də, qoşulanlar da var . Mən də  öz növbəmdə dəstəyə sığınıb özümü daha ümidli, daha inamlı hiss etməyə başlayıram. Çünki ustadımın səsi işıq kimi düşüb üstümə:

Köməyimi çağırsam mələkləri, cinləri,
Nəyə yarar ümidin boşa çıxan əlləri?
Nə qurbət durnaları, poçta göyərçinləri
Nə Füzuli nəfəsi bəxtin səhər yelləri...

Bir həqiqətdir ki, adam üzünü Tanrıya tutanda təkcə O TƏKdən deyil, həm də bütün dünyadan kömək diləyir. Bu kömək daha dözümlü olmaq, istəyinə qovuşmaq, haqqına çatmaq və ən əsası isə sevgisinə qovuşmaq üçün dilə gətiriləndə onda inanmıram ki, kimsə laqeyd qalsın. Axı bu duada başqasının haqqını tapdamaq, haqqını əlindən almaq, payına şərik olmaq kimi naqislik yoxdu. Burda söhbət yalnız ürəyin ikinci parasına qovuşmasından gedir. Yarı olanın bütövləşməsindən gedir. Təbi ki, Məcnun sevgisini ilahiləşdirən Şeyx Füzuli də köməyə çağırılanlar sırasında öz yerini neçə yüz ildi ki, təsdiq etdiyindən onun da qapısı döyülür, ondan da kömək dilənir. Və mən şeirlərimin birində bir az əndazəni aşıb demişəm ki, «Məcnundan sonrakı Məcnun özüməm!»  Amma indiki anda:

Şəklin gözümün içində
Nəm çəkib, bir az saralıb...
Mesaj qutum da bomboşdu –
İlahi, səbrim daralıb...

Həqiqətən təklik, tənhalıq, səssizlik, sükut, bir sözlə, Yer üzündə özünü kimsəsiz, hətta artıq hiss etdiyin məqamda səni baltalayan, səni çarmıxa çəkən bir gücə çevrilir, bir yalquzaq olub daraşır canına. Onda ümid yalnız xəyallara, xatirələrə, köhnə şəkillərə qalır, onlarla danışıb, onlarla əlbir olub dözüb dayanmağa, durmağa çalışırsan. Çünki Tanrıya ünvanladığım duaların bir ucu həmin o xatirələrdən, xəyallardan, şəkillərdən başlayır. Yerdən üzü göyə gedən yolun bir təkançısıdı, bir səyyahı da həmin o xatirələr, xəyallar, şəkillərdi. Şəxsən mən onların gücü qarşısında həmişə susmuşam, daha doğrusu, xatirələr, xəyallar, şəkillər məni susmağa qoymayıb. Dörd divar arasında Allahla, Sənlə məni danışdıran həmin şəkillər, xatirələr, xəyallardı. Bu məqamda yenə ustada üz tuturam:

Keçmişindən xəbəri varmı gələcəklərin,
Bəxtlə bəhsə girənlər qismətindən yarımır?
Çatmaz sənə zənglərim, ümidsiz diləklərim,
Bəlkə Allah eşidə səssiz dualarımı...

Şeirin son misrasında vurğulanan bir damarı «bəlkə» olan duanın yozumu çox dərindi. Yəni Allahın duamızı eşidəcəyinə ümidsizlikdən tutmuş şübhəyə qədər, o cümlədən gümandan tutmuş  inama qədər hər şey ağıla gələ bilər. Mən də bu dualarım, o cümlədən də mənim hər an təkrarladığım, Allaha əl açaraq hər an Allaha və Sənə etdiyim dualarım damarımdakı şübhəni çoxdan özümdən qovub uzaqlaşdırmışam. Artıq mənim bütünlüklə əmin olduğum bir gerçəklik var. O da:

Pəncərəm torsuz, şüşəsiz
Telefon da sükutdan dəm...
Bir dən ver mənə nəşəsiz –
Yeyib, qovulum tay, Adəm!

Bütün bu düşüncələrim, yəni dua ətrafında gəzişmələrim gəlib bir nöqtədə kəsişir. O nöqtənin də adı:
- İLAHİ SEVGİNİN ƏBƏDİLİYİDİ! 
Bu sevgini verən Allah, ürəyində yaşadan bəndə, onun ömrünü uzadan, yaşadan isə  etdiyimiz dualardı.

4964 oxunub

InvestAZ