XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Əbülfət MƏDƏTOĞLU: - Biri mənəm, biri sənsən, bəs... Xalq şairi Hüseyn Arifin misralarının işığında
YAZARLAR 12:34 / 28.03.2022


Yəqin ki, unudulmaz şairimiz Hüseyn Arifi və onunla bağlı xatirələri hələ də yaddaşımda yaşadan, özü ilə məclislərə, xoş ovqatlı məqamlara aparan soydaşlarımız var və uzun illər də olacaqlar. Bunu ona görə xüsusi vurğu ilə, içdən gələn sevgi ilə ifadə edirəm ki, mən də bu son dərəcə sadə, həm də könül oxşayan poeziyanın yaradıcısı olan şairimizlə, yəni Hüseyn Arif ilə dəfələrlə görüşmüşəm, söhbətlərini dinləmişəm, hətta onu doğulduğum kənddə, Qarabağın gözəl guşələrindən biri olan Tuğda salamlamışam. Yeri gəlmişkən, həmin xatirəni indi bir də həm özüm üçün yaddaşımda təzələyirəm, həm də sizlərə də çatdırıram...
Deməli, 1982-ci ilin yanvar ayı idi. Mən tələbə kimi qış tətilinə getmişdim kəndimizə. Adətən kənddə olanda boş vaxtlarımda kəndin digər sakinləri kimi mən də mədəniyyət evinə gedib orada stolüstü oyunlarla və yaxud hansısa filmə baxmaqla, ya da eləcə çay süfrəsi arxasında söhbət etməklə vaxtımı keçirirdim. Axı, dağ kəndlərinin   qışı  adamın əl-ayağını çöl-bayırdan yığır. Ona görə də cavanlar ümumi bir məkanda vaxtlarını yola verirlər. Bax, həmin günlərin birində mən də mədəniyyət evinə tərəf üz tutub gedirdim. Qar   hər   tərəfi bürümüşdü. Hündürlüyü də az qala qurşağa qədər idi. Bir də gördüm ki, Hüseyn Qağa mədəniyyət evinin qarşısında var-gəl edir. Doğrusu, öncə gözlərimə inanmadım. Amma yaxınlaşanda gördüm ki, bu tək-tənha kəndin ortasında var-gəl edən  həqiqətən Hüseyn Arifdi. Sevincək dedim:
- Hüseyn Qağa, xoş gəlmisən. Amma ,soruşmaq bir az doğru olmasa da,  qışın bu çağında nə yaxşı bizləri yada salmısınız?
Hüseyn Arif doğma bir adamı görmüş kimi sevincək dedi:
- Ay Qağa, nə yaxşı səni gördüm. Bayaqdan var-gəl edirdim. Deyirdim görən məni burda tanıyan olacaq ya yox. Şükür ki, bu dağın başında da məni tanıyana rast gəldim.
Sonra  Hüseyn Qağa əlavə etdi ki, onun sürücüsü (Hüseyn Arif Respublika Aşıqlar Biliyinin sədri idi – Ə.M.) sizin  qonşu kənddəndir. Həmin sürücünün də anası rəhmətə gedib.  Hə, artıq  mən anladım ki, Hüseyn Qağa ona başsağlığı vermək üçün gəlib biz tərəfə. Məclisdə darıxdığından çıxıb kəndin arasına ki, görsün burda onu tanıyan olacaq yoxsa yox?!
Bəli, dərhal kənd məktəbinin direktoru Niyaz müəllimə xəbər çatdırdım. Qısa bir vaxt ərzində kəndə hay düşdü. Mədəniyyət evi adamlarla doldu. Hüseyn Qağa ilə gözəl bir görüş alındı. Təbii ki, görüşdən sonra da bizim evdə məclis quruldu. Və o görüşdən yadigar olaraq rəhmətlik nənəmin cehizlik xurcunu Bakıya gətirildi. Xurcunu görən kimi onun naxışlarını bəyənən Hüseyn Qağa nənəmi dilə tutub həmin xurcunu ondan alıb gətirdi Aşıqlar Birliyinə...
Bəli, bu xatirə məni uzaqlara aparsa da, məqsədim tamam başqadır. Daha doğrusu, səhər-səhər masamın üstünü səliqəyə salanda gözüm Hüseyn Arifin «Seçilmiş əsər»lərinə sataşdı.  Başladım qeyri-ixtiyari kitabı vərəqləməyə. İlk qarşılaşdığım «Biri mənəm, biri sənsən, biri kim?» oldu. Kifayət qədər mənə doğma olan bu şeiri təkrar bir də oxudum və şeiri oxuya-oxuya özüm də hiss etmədən başladım həmin auranın içərisində o şeirin qəhrəmanları ilə söhbət etməyə. Yəni, özümlə, sənlə və bir də ikimizin sığındığımız Allah ilə. Hüseyn Arif yazmışdı ki:

Bir məqamda üç çağlayan görmüşəm,
Biri mizrab, biri pərdə, biri sim.
Bir aləmdə üç çağlayan görmüşəm,
Biri mənəm, biri sənsən, biri kim?

Çox qəribə sualdı. Həm də qəribə olduğu qədər də adamı düşündürən, adamın iç dünyasını ələk-vələk edən, onu haldan-hala, təbdən-təbə çəkib aparan sualdı. Doğurdan da əgər gözümüzün qabağına gətirsək: -,mizrab, pərdə və sim...
Bunlar bir-birindən ayrı bütöv bir mənanı ifadə etmək gücündə deyil. Onlar birlikdə tamlıqdılar, bütövlükdülər, həm də zənginlikdilər! Mizrab simə toxunub pərdənin yaratdığı auranın içərisində musiqiyə çevrilir. Danışan, dindirən, fikrə qərq edən və bəzən də adamı oturduğu yerdə oynadan musiqiyə...
Mən həmin o  musiqinin ovqatına kökləndiyim an şeirin məni apardığı aləmdə səni, özümü, bir də bizim sığındığımız Allahı da gördüm və onda yazdığım «Nə gözəl...» yadıma düşdü. Yazmışam ki:

Ayağını şeh öpürsə
nə gözəl!..
yanağını meh öpürsə –
nə gözəl!..

Bəli, bu Hüseyn Arifin poeziyasının məni çəkib apardığı aləmdə ilk baş-başa qaldığım, daha doğrusu özümü unudub sənə və Allahıma qovuşduğum gerçəkliyin bir işartısıdı. Elə həmin işartıda yenə əlimdən Hüseyn Qağa tutur. 

Qartal olsam qanadımı salardım,
Palıd olsam, böyrü üstə qalardım,
Bir dağ olsam, yanıb külə dönərdim,
Günəş olsam birnəfəsə sönərdim.

İnsan idim, yavaş-yavaş əridim,
Gözdən uzaq, qəlbə yaxın olan yar,
Bu dünyada üç sinəsi dağlı var –
Biri mənəm, biri sənsən, biri kim?

Bu misraların arasında itib-batmaq, tərki-dünya olmaq, necə deyərlər, heç kimin gözünə görünüb izini tapdalamadan çıxıb getmək gəldi birdən ağlıma. Amma «Bu dünyada üç sinəsi dağlı var» tutub saxladı məni. Anladım ki, mənim dünyamın özəlliyi və gözəlliyi olan varlıqlar, yəni Sən, Allahım və mən ayrı-ayrılıqda fərd olsaq da, bütövlükdə əl çatmayan, həsəd aparılası bir dünyayıq. Ona görə də «Nə gözəl...»dən bu bənd gəldi ağlıma.

Saçlarına külək daraq,
Qələminə ürək varaq...
Dilinə Yar sözü yaraq –
nə gözəl!..
 
Baxışına Günəş çəpər –
Olub, alıb səndən təpər,
Baxışından o nur səpər –
nə gözəl!..

Doğurdan da saçlarını külək darayan, qələminə ürəyim varaq olan biri üçün hər şeyə, hər çətinə dözmək, kədərin sonuna çıxmaq, təkcə ümid yox, həm də mübarizə olmalıdı. Mən də məhz Hüseyn Arifin söz dünyasının içərisində əmin olduğum bu haqqa demək olar ki, özümü bütünlüklə tabe etdim. Çünki birdən-birə hər şeydən çəkilmək, gözdən, könüldən uzaq düşmək nə Sevgiyə, nə Sevilənə, nə Sevənə baş ucalığı gətirməz. Axı, Hüseyn Arif deyib ki:

Günəş olsam birdən-birə sönərdim,
İnsan idim, yavaş-yavaş əridim.

Görürsünüzmü, ürəyin, fikrin bir-birini necə tamamladığını. Bu tamlığın içərisində mənə də bir əminlik hakim oldu. Mən də o əminliyin içərisində yenə «Nə gözəl..»in son bəndinə söykəndim.

Varlığına səcdə varsa,
Səcdəgah Allah, həm yarsa...
Məni bu sevgi aparsa –
nə gözəl!..

Doğurdan da öz-özümə az qala neçə dəfələrlə təkrar etdiyim «Biri mənəm, biri sənsən, biri kim?» təkcə misrasının yox, həm də hökmünün qarşısında artıq özüm üçün bütün gerçəkliyi ilə qəbul etdiyim inancımı ortaya qoyuram və deyirəm:
- BİRİ SƏNSƏN, BİRİ ALLAHDI, BİRİ DƏ MƏN!
Biz ikimiz, yəni sən və mən Allahdan gələn sevgi ilə yaşayırıq bu dünyada. Ona görə də artıq bizim üçün Biri kim sualı ortadan götürülüb.



4031 oxunub

InvestAZ