XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



"Əks halda antiterror əməliyyatının qaçılmaz olduğu qarşı tərəfə bildirilməlidir..."
HÜQUQ 23:30 / 23.03.2022
22 mart günündə maraqlı siyasi hadisələr baş verdi. Təbii, dünyanın diqqəti Ukraynadadır və  orada baş verənlər hər kəsi, o cümlədən bizi də həyəcanda saxlayır. Amma, həmin gün Azərbaycan üçün əhəmiyyətli olan bir görüş keçirildi və görüşdə 44 günlük müharibə bitdiyi gündən bəri bizi narahat edən məsələ nəhayət ki, rəsmi şəkildə müzakirə edildi. Azərbaycan Respublikası MN Baş Qərərgah rəisi general-polkovnik Kərim Vəliyevlə Rusiya Quru qoşunları komandanının müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti arasında danışıqlar aparılıb. MN-in verdiyi məlumata görə tərəflər 10 noyabr 2020 ildə imzalanmış üçtərəfli razılaşmanın yerinə yetirilməsini, eyni zamanda sülhməramlıların nəzarət etdiyi ərazilərdə əməliyyat şəraitini müzakirə ediblər. Ən əsası, razılaşmanın 4-cü bəndinə görə erməni silahlı birləşmələrin Azərbaycandan çıxarılması üçün hərtərəfli fikir mübadiləsi aparılıb. 
16 aydan çoxdur ki, müharibə bitib və bu müddət ərzində ən çox narahatçılıq və bəzən gərginlik yaradan məsələ-erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması, nəhayət, rəsmi şəkildə Rusiya Silahlı Qüvvələri ilə gündəmə gətirildi. Doğrudur, ötən il dekabrın 2-də Stokholmda ATƏT-in xarici işlər nazirlərinin görüşündə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və bu ilin fevralın 22-də isə Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanandan sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Ermənistan silahlı qüvvələri hələ də Azərbaycan ərazisini tərk etməyib” fikri səsləndirilmişdi. Düz bir ay sonra martın 22-də artıq bu məsələ konkret tərəflə-Rusiya dövləti ilə müzakirə edildi. Qeyd edək ki, bir gün əvvəl-martın 21-də RF XİN başçısı Sergey Lavrovla Ceyhun Bayramovun telefon danışığının da 10 noyabr 2020 razılaşmasının və 22 fevral müttəfiqlik bəyannaməsinin həyata keçirilməsinə həsr olunduğu barədə rəsmi məlumat yayıldı. Qoşunların çıxarılması Rusiyanın öhdəliyi olsa da, təəssüf ki, indiyədək bu vəzifə yerinə yetirilməyib. 
Rusiya-Ukrayna müharibəsinin bu prosesə təsiri varmı? Birbaşa təsiri böyük olmasa da.., var. Müharibə başlamazdan iki gün əvvəl Rusiyanın Azərbaycana ehtiyacı yaranmışdı və Moskvada müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Ukrayna müharibəsinin 27-ci günündə, dünya Rusiyanı Ukraynaya təcavüzdə ittiham edib təcrid dövlətə çevirdiyi zamanda, Moskva həm də sülhməramlı olduğunu nümayiş etdirmək istəyir. Rusiyanın erməni silahlı birləşmələrin Azərbaycan ərazisini tərk etməsini həll etməsi müqabilində Azərbaycandan başqa bir istəyi ola bilərmi? Rusiya hər situasiyadan maksimum öz maraqları naminə istifadə etməyə çalışıb və Azərbaycan da yeri gələndə öz qırmızı xəttini gözləməklə müəyyən güzəştlərə gedib. Rusiyaya tətbiq olunan sanksiyalara Azərbaycanın qoşulmaması, iqtisadi əlaqələri davam etdirməsi, hava məkanını açıq saxlaması indiki beynəlxalq şəraitdə çətin olsa da, Azərbaycanın Rusiyaya qarşı etdiyi xoş məramlı münasibətlərdi. Bəs, bu danışıqların konkret olaraq Ukrayna müharibəsi ilə birbaşa bağlılığı nə dərəcədə mümkündür? Ukraynada canlı qüvvə itkisi verən Rusiya üçün müəyyən hazırlığı olan hərbi qüvvələrə ehtiyacı var. Azərbaycanda yerləşdirilmiş Rusiya hərbçiləri Ulyanovskda daimi dislokasiya olunmuş döyüş qabiliyyəti yüksək olan hazırlıqlı motoatıcı diviziyanın tərkib hissəsidir. Əvvəllər də Rusiya sülhməramlılarının bir hissəsinin Ukrayna cəbhəsinə aparılması barədə xəbərlər yayılmışdı və mümkündür ki, qalan qüvvələrin də müharibə bölgəsinə göndərilməsi zərurəti yaranıb. İki minə yaxın hərbiçinin Qarabağı tərk edəcəyi halda Azərbaycanın Qarabağda hərbi əməliyyatların başlamaması üçün yüksək rütbəli hərbi heyətin danışıqlar aparması inandırıcı təsir bağışlayır. Verilən rəsmi məlumatlardan məlum olur ki, danışıqlarda məhz erməni silahlı birləşmələrin də Azərbaycanı tərk etməsi, həm də bunun 10 noyabr 2020 bəyanatına görə Rusiyanın öhdəliyi olduğu müzakirənin predmeti olub. 
 
Erməni silahlı birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması bundan sonra necə və nə zaman reallaşa bilər? Ən optimal yol konkret vaxtın verilməsidir. Necə ki, 10 noyabr razılaşmasında Kəlbəcər, Ağdam və Laçının tərk edilməsi konkret vaxt verməklə həll edildi, indi də bütün erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etməyin vaxtı dəqiqləşməlidir. Əks halda antiterror əməliyyatların keçirilməsinin qaçılmaz olduğu qarşı tərəfə bildirilməlidir.
 
Erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etdikdən sonra növbəti mərhələ Azərbaycan qaçqınlarının keçmiş Dağlıq Qarabağ ərazisindəki doğma yurdlarına qayıtması olmalıdır. Problemin Qarabağdan çözülməsi Azərbaycan -Ermənistan dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, sonda isə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək və artıq ermənilərin Minsk Qrupu bəhanəsinə də ehtiyac qalmayacaq. 
 
Yaranmış situasiyadan Azərbaycan maksimum istifadə etməli, hərbi, diplomatik addımlarını bu istiqamətdə intensivləşdirməlidir.
 
İlham İsmayıl

3844 oxunub

InvestAZ