XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



Əbülfət MƏDƏTOĞLU :-Vağzallar – ayrılıqların ünvanı...
YAZARLAR 13:21 / 16.03.2022


 

Vaqif Bayatlı Odərin bir  şeirlərinin işığında

 

Mənə elə gəlir ki, İnsan adlı bəşər  övladı Yer üzündə özünü təsdiq edən andan ta bugünə  qədər hərəkətdədi. Həm cismani, həm də ruhui  baxımdan... Bir yerdə ki, hərəkət oldu, deməli, burada həyat da var, dəyişmələr də, yeniləşmə, hətta dağıntılar da... Bu mənada insanın hərəkətlərinin başlanğıc nöqtəsi də, təbii ki,  olur. Bu başlanğıc ana bətnindən başlayaraq sonda ruhun bədəni tərk etməsinə qədər davam edir. Deməli, insan öz hərəkətini gah düşünülmüş, gah da xaotik olaraq nizamlayır. Bax, ən önəmlisi elə bu yazım üçün həmin o düşünülmüş hərəkətdi.

Biz bütün hərəkətlərimizin düşünülmüş cədvəlini quranda adətən orada bir nöqtəni də ya qaralayırıq, ya qızardırıq. Burda rəngin iki mənada önəmi var. Qırmızı rəng, necə deyərlər, qanı ifadə etdiyindən deməli, qan qovuşmaq deməkdir. Bax, o qovuşma da kiminsə dönüşüdü, gəlişidi, qarşılanmasıdı. Bu da sirr deyil ki, görüşlər daha çox özündə sevinc əks etdirir, sevinc daşıyıcısı olur. Hətta gözlərdən axan da sevinc yaşı kimi dəyərləndirilir...

Qara rəng böyüklük olsa da, böyüklük yozumuna daha çox uyğun gəlsə də, amma o göz yaşını – özü də acısını, ayrılığı, həsrəti, qiyaməti, fəlakəti, zülməti, itirməyi özündə təsdiqləyir... Deməli, hər iki rəng bir ünvanda – vağzallarda daha çox qarşımıza çıxır. Biz axı vağzallara həmişə tələsirik -  yola salmağa da...qarşılamağa da!..

Bəli, mən elə bugünlərdə vağzalların önəmini bir daha köynəyimdən, ruhumdan keçirtdim. Çünki səfərə getdim, dost ziyarətinə, doğma olan, ürəyimdə yaşayan ünvanları görüb sevinməyə, təzələnməyə tələsdim. Şükürlər ki, bu görüşlər bütün çalarları ilə həm varlığıma hopdu, həm də qələmimə, sözümə. Və elə Söz demişkən, bu gün səhər-səhər ağlıma bu misralar gəldi:

 

Sən indi səmada – Allaha yaxın,

Mən isə diz üstə dua edirəm...

Ruhum aşıb artıq, ayrılıq dağın –

Mən sənə qoşulub, uçub gedirəm...

 

Bəli, elə bu ovqatın içində bir də gördüm ki, qarşımdakı kitabı vərəqləyirəm. Vaqif Bayatlı Odəri oxuyuram. Ruhuma, könlümə az qala su kimi çilənən misraların işığında vağzala gəlib çıxıram. Bu vağzal yola saldığım, qarşıladığım vağzalların eyni olmaqla yanaşı, həm də indi mənim olmaq üçün can atdığım, lakin ola bilmədiyim vağzaldı. Vaqif Bayatlı Odər yazır ki:

 

Böyük şəhərlərin yanında

Başqa bir şəhər kimidi təyyarə vağzalları.

Bezəndə, darıxanda şəhərdən

Çıxıb gedərəm ən yaxın göyə –

təyyarə vağzalında gecələməyə.

 

Doğrudan da bəzən adam elə bir durumda olur, elə bir nöqtəyə gəlib çıxır ki, hətta özündən də bezir, yorulur, yaşamaq, var olmaq onun üçün əhəmiyyətini itirir, mənasızlaşır. Onda nə isə etmək, nəyi   isə vurub dağıtmaq və yaxud da hardasa özünə əl qaldırmaq da istəyirsən. Lakin... Köməyinə vağzallar çatır. Yaxşı yadımdadı, tələbə vaxtlarımda semestr imtahanları arasında yorulanda, darıxanda yataqxanadan çıxıb piyada dəmiryolu vağzalına tərəf gedərdim və gəzərdim peronda. Sanki kimisə qarşılayacam, sanki kimisə yola salacam. Təbii ki, onda nə qarşılayacağım vardı, nə də yola salacağım. Heç məni də qarşılayıb yola salan yox idi onda. Amma... gedirdim vağzala, ayaqlarım çəkib aparırdı məni ora. Bu yerdə yenə Vaqif Bayatlı Odər  deyir ki:

 

Gərək bağışlasın Bakı şəhəri,

Vağzal göyündən uzağa getməyə

imkanım yox,

Gərək bağışlasın Bakı polisi,

yan qoyub təyyarəçi papağını

ayaqyalın dolaşmaq keçir könlümdən

göyləri.

 

Əslində bu, mənim də könlümdən keçir. Çünki çıxış yolu nə isə etməkdədi. O, «nə isə» deyilən isə bəlkə də bir şair dəliliyi etməkdi. Ayaqyalın, başaçıq, yaxası da sökülüb-tökülmüş, saçları pırpız... dərviş sifətində gəzib dolaşmaq, ətrafdakıların min yozumlu baxışları altında özünü, yəni, içini rahat etmək... Bu rahatlığı da ancaq göy üzünü ayaqyalın  gəzməklə  tapmaq olar.

Mən vağzallarla bağlı düşüncələrimi şeirə çevirəndə bir  xatirə də  tutdu  yaxamdan… Hələ öncəki illərdə yazmışdım ki:

Vağzalda...

lap dəqiqi

perronda dayanmışam...

Qayğılı,

tüstülənən siqaretimlə tək...

Bunu yazmıram ki,

oxusunlar, acısınlar...

ya da sən oxu

fikir çək...

Sadəcə

istəyirəm ki,

özümü

möhkəm tutum

və qəhəri unudum!

Çünki,

yola salan yoxdursa,

qarşılayan da olmayacaq

demək!

 

Misraları oxuyanda sizin nə düşünəcəyinizi təxmin etmək mənə heç də asan gəlmir. Amma içimdə bir əminlik var ki, aranızda mənlə həmfikir olanlar tapılacaq. Odur ki, yerdəki vağzallarla göy üzündəki vağzalların arasındakı məsafəni ölçməyə çalışıram. Bu, ruhun səfər edəcəyi vağzalların arasındakı məsafədi. İnsan gec-tez o məsafəni qət etməyə məhkumdu. Lakin indiki anda mən tamam fərqli vağzalların sevdasındayam. O vağzalları ki, orda gözləyirəm...qarşılayıram. Elə bu ovqatla içimdə öz-özümə deyirəm. Bizim ayrılıqların ünvanı olan vağzallarla görüşlərimizin ünvanı olan vağzalların arasındakı yaşantını yaddaş kartımızda yaşatdıqca bir təsəlli, ümid ağacı da göyərtmiş oluruq. O ağacın adı da Görüşdü!

 

 

 


11307 oxunub

InvestAZ