XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Əbülfət MƏDƏTOĞLU:- Ümidin ölümü
YAZARLAR 09:08 / 10.03.2022

Xalq şairi, unudulmaz Musa Yaqubun ruhuna

Deyirlər ki, dünya 5 gündü... Deyirlər ki, bu 5 günün axşam-səhərini, nahar fasiləsini, nəbilim, telefonla, televizorla keçən anlarını çıxsaq, (hələ mən bazar-dükanını demirəm – Ə.M.) yerdə qalan bir gün ola, ya olmaya. Deməli, bu deyilənlərin hamısını ələkdən keçirib, necə deyərlər, sağmal-subay edəndən sonra mən də razılaşdım. Yəni, qoşuldum dünyanın 5 gün olduğunu deyənlərə. Və bir də baxıb gördüm ki, həmin o 5 günü ələkdən keçib   və  yerdə qalan hissəsində də deyəsən heç mənim payım yoxdu. Axı bu dünya döyüş, vuruş, savaş meydanıdı. Çarpışmalı, mübarizə aparmalı, alıb-aldatmalı, çapıb-talamalı, hətta həyasızcasına yalan hay-şüvən qoparılmalı bir ərazidi. Bax, bu qədər fəsadları, çalarları, olayları, cizgiləri, daha nələr olan dünyada hərə bir yol seçir. Mən isə seçimdə əlimi uzadıb bir ətəkdən tutdum. Onun da adı ,   ÜRƏK  dostumun dediyi  kimi , ÜMİD idi.

ÜMİDİN ətəyindən tutanda düşündüm ki, yolum nə qədər çətin, dolanbac olsa da, mənzil başına gedib çatacam... Amma... Görünür, atalar doğru deyiblər. Yəni o müdriklər söyləyib ki, «Su axar  çuxurunu tapar», və yaxud da «Taylı tayı ilə qovuşar».   Bu baxış bucağı altında mən də öz istəyimə nəzər saladım . Daha doğrusu, onun nəticəsinin barını dərməyə məhkum oldum. Ötən illərin içərisində ÜMİDİN necə öləzilədiyini, saralıb-solduğunu, tükəndiyini anlamağa başladım və gördüm ki:

Yoxdu bir kədərim, bir iztrabım,

Yoxdu ürəyimdə qorxu əsəri.

Qurumuş ağacın nə dərdi, səri...

Əzilmiş xəzəlin ağrısı nədi?

Bir küləş kömürün yanğısı nədi?..

Çoxdan köçürülüb bülbülü ölmüş

Taxtası ovulmuş qəfəsəm indi,

Heç nəyəm, heç kiməm, heç kəsəm indi.


Bəli, bax heç nəyin, heç kəsin, heç kimin olması artıq ÜMİDİN öləziyən şam həyatını xatırladır, həmin görüntü gəlir durur adamın gözlərinin qarşısında. Baxa-baxa yaşadığım zaman kəsiyindəki qarşılaşmaları, çarpışmaları, ağrı-acıları, həsrəti, kədəri və bir də sevinci, vüsalı xatırlamağa çalışırsam. İstəyirəm ki, onları çeşidləyəm. Hansının boy sırasında ön yerdə duracağını görəm. Qəribədi, heç böyük zəhmət, əziyyət çəkmədən,necə deyərlər, bir anın içərisində bu saydığım məqamlar düzlənir boy sırasına. Öndə, ən qabaqda kədər, həsrət, ağrı-acı dayanmışdı. Elə bil ki  ,qəsdən   əl-ələ tutub dayanmışdı onlar,..  Və  bir-birindən qopub ayrılmaq, uzaq düşmək istəmirdilər sanki. Elə bil ki, dayandıqları yeri, guşəni zəbt etmişdilər, qamarlamışdılar. İstəmirdilər ki, daha doğrusu, imkan vermirdilər ki, o yerə sevincin, vüsalın işartısı düşsün. Bax, onda yenə köməyimə, daha doğrusu, demək istədiyimin təqdimatına misraları gəldi:

Qurumuş dəyirman arxında otum,

Elə bil yüz ildir kül olub odum.

Gözümdə gözümün yaşı sükutda,

Yazısı pozulmuş, tini əyilmiş

Mamırlı bir məzar daşı sükutda...

Bir açıq əlində didilmiş şəkil.

Yoxdur qonum-qonşu, yoxdu aşnagil

Ki, gedib gəlməyə tələsəm indi.

Heç nəyəm, heç kiməm, heç kəsəm indi...…

Hə, bu misraların köməyi ilə bir daha sizə demək istədiyim, daha doğrusu, artıq dediyim ÜMİDİN durumunu təqdim etdim. Yəqin ki, anlayanlar artıq ÜMİDİN halına ağlayırlar. Onun sonunu təkcə dərk etmək yox, həm də öz canlarından, ruhlarından keçirib dəyərləndirirlər. Sağ olsunlar, anlayışa görə, dəyərə görə. Amma bu ÜMİDİN xilası deyil!.. Ümumiyyətlə, bu yerdə, bu durumda ÜMİDİN xilası yoxdu. Və bu, həm də artıq gücdən düşən, barmaqlarının tutumu zəifləyən, bir əlin yavaş-yavaş boşalmasıdı, üzülməsidi, ətəkdən ayrılmağa başlamasıdı. Axı:

Bir taxta körpünün seldə taleyi,

Bir əlçim buludun yerdə taleyi,

Dəryazda suvaqlı yuvası uçmuş

Küskün bir torağay ahı kimi lal,

Bir uçqun daşından sinəsi para

Quzğun həmləsində yaralı qartal, -

Sonuncu nəfəsdə sonuncu zaval –

Güzgüdə tərləmiş nəfəsəm indi.

Heç nəyəm, heç kiməm, heç kəsəm indi...…

Doğrudan da, bu artıq SONdu! Bu artıq yazı boyu deməyə çalışdığım, göstərmək istədiyim ÜMİDİN SONudu. Bu çətin də olsa, özümü toparlayıb demək istəyirəm:

- ÜMİDİN ÖLÜMÜDÜ!..

P.S. Xalq şairimiz, ölməz Musa Yaqubun «Ümidin ölümü» şeirinin əsasında yazdığım bu yazı əslində nə vaxtdan bəri içimdə ölümünü hiss etdiyim ÜMİDƏ, hardasa həm də ÖZÜMƏ  bir nekroloqdu. Ruhu şad olsun böyük şairin. Bu məqamda da əlimdən tutdu!



5378 oxunub

InvestAZ