XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



XOCALIDA BİR GÜN - Faiq SADIQOV TAM MƏTN
Gündəm 09:38 / 25.02.2022

"ƏDALƏT” QƏZETİ XOCALI FACİƏSİ BARƏDƏ BİR AY ƏVVƏL XƏBƏRDARLIQ ETMİŞDİ

30 il ə"vvəl baş vermiş və bütövlükdə Qarabağın itirilməsinin başlanğıcını qoyan Xocalı qətliamı nədən baş verdi, günahkarlar kimdir, faciənin qarşısını almaq olardımı? Bütün bu suallara cavab tapmaq üçün 30 ildə saysız-hesabsız məqalələr, kitablar yazılıb, təhlillər aparılıb, mülahizələr irəli sürülüb, faktlar araşdırılıb. Qan yaddaşımızda dərin izlər qoymuş faciəyə aparan yol, başvermə səbəbləri, dəhşətləri, düşmənə layiqli cavab verə bilməməyimizin səbəbləri həmin dövrdə qəzetimizdə dərc olunmuş materillarda aydınlığı, tutarlı faktlarla tam əksini tapmışdı. İndiki nəsildə Xocalı müsibətinin baş vermə səbəbləri və nəticələri barədə aydın təsəvvür olsun deyə 30 il əvvəl dərc etdiyimiz həmin materilların bir qismini yenidən oxuculara təqdim edirik.

P.S. Burada  onu da  qeyd edirik ki, "Əməkdar jurnalist" ,  "Ədalət" -in   indi  təqaüddə çıxmış əməkdaşı  olan müəllif  yaşadıqlarını  və  şahidi  olduqlarını  bu  gün də unutmur...

***


Qarabağın qapısı Yevlaxdan, qədim Bərdədən, məğrur Ağdamdan keçən yollarda sıxlıqdır. Yol kənarlarında qışın soyuq-sazağına baxmayaraq üzüm bağlarında, pambıq və taxıl sahələrində yorulmadan

çalışan hazırşan adamlar diqqəti cəlb edir. Elə ki, Ağdamdan keçirsən Əsgəran ərazisinə burada mənzərə tamamilə başqalaşır.Yurdumuzun füsunkar guşəsi olan bu yerlər ermənilərin nadanlığı ucbatından miskin görkəm almışdır. Kəndləri bir-birinə birləşdirən yollar zirehli maşınların, tırtılların altında çat-çat olub. Ətrafda istehkamlar, zirehli geyimli əsgərlər və hər an açılmağa hazır olan avtomat silahlar... Mühasirədə olan kəndlərimizə getmək üçün kimdənsə icazə almalısan , kimsə pasportunu yoxlamalıdır.

Yollar qüssəlidir. Adət etdiyimiz Qarabağ şadyanalığından əsər - əlamət qalmayıb. Oğuz elinin qeyrət yeri, qəhrəmanlıq rəmzi olan Əsgəran qalası yetim kimi görünür. Novruz tonqalının işığına, istisinə həsrətdi bu yerlər. Yol kənarından ermənilərin kin-küdurət dolu baxışları , bəd nəzərləri müşayət edir bizi. Qarabağ faciəsinin ilk qurbanlarını məhz burda vermişik . Nə bu acı tarix , nə ölümsaçan güllələr, nə də ki, ermənilərin bədnəzəri bizi yolumuzdan döndərə bilməz. Çünki bu yoldan Salatın keçib... Bu yol Xocalıya gedir, tarixin müxtəlif dövrlərində dəfələrlə erməni fitnə - fəsadına məruz qalan Xocalıya... İndi Xocalı yenidən tikilməkdə olan böyük bir şəhəri xatırladır. Bütün Azərbaycan tikir Xocalını.

Bizimlə bərabər Xocalıya avtomobil karvanı daxil olur. Tikinti materialları ilə dolu maşın karvanını gətirənlərlə tanış oluruq. Onlar "Kəndtikinti” Birliyinin Masallıdakı tikinti təşkilatlarının nümayəndələridirlər. 9 saatlıq yolun yorğunluğu, Əsgəranda ermənilər tərəfindən daş-qalaq olunmaları onların işgüzar ovqatına qətiyyən təsir etməyib. Yataq dəstlərini özləri ilə gətirmiş inşaatçıların yerləşdirilməsi üçün şəhər Sovetində operativ tədbirlər görülür. Masallı inşaatçıları R.Hüseynov , M.Fəttayev , Ə. Abbasov , A . Məmmədov və başqaları günü sabahdan nəzərdə tutulmuş 100 mənzilin inşasına başlayacaqlar.

Şəhər Sovetinin verdiyi məlumata görə Xocalıya Xankəndindən qovulmuş 5000 nəfərdən çox azərbaycanlı köçüb . Tikinti materiallarının əldə edilməsi və daşınmasındakı çətinliklərə baxmayaraq respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş inşşatçıların fədakarlığına həsəd aparırsan. Yeni binaların yanından ötüb Xocalı milisinə gəlirik. 2 mərtəbəli yaraşıqlı bu bina 3 ay müddətinə tikilib. İş icraçısı A. Azadov bildirdi ki, binanın qısa müddətdə istifadəyə verilməsində milis işçilərinin köməyini qeyd etməmək ədalətsizlik olar. S . Mədətov, İ. Hümbətov, İ . Abışov, Ş. Muradov, H.Hüseynov asayişin keşiyində durmaqla yanaşı

inşaatçılarla çiyin-çiyinə çalışıblar. Respublika daxili işlər nazirinin müavini N . Talıbov tikintiyə şəxsən nəzarət və kömək edib, çox zaman inşşatçılar və milis əməkdaşları ilə birlikdə buradakı vaqonda gecələyib.

Şəhər milisinin rəisi S . Məmmədov bildirdi ki, ermənilərin yaratdığı problemlərlə bağlı əməliyyat şəraitinin çətinliyinə baxmayaraq əməkdaşlar asayişin qorunması üçün xüsusi fədakarlıq göstərirlər.

Ürəyinin hökmü ilə Bakıdan Xocalıya işləməyə gəlmiş leytenant Hüseyn Əliyev söhbətə qoşulur. Əməkdaşların bir hissəsinin mənzilsiz olduqlarından milis şöbəsinin yeni inzibati binasının hələ boya qoxusu çəkilməyən soyuq otaqlarında gecələmələrindən danışdı. Bu fədakar milis işçiləri bəzən həftələrlə , aylarla ev , ailə üzü görmürlər. Lakin bu onları narahat etmir. İstəkləri odur ki, Qarabağın taleyi bu torpağın əzəli sahiblərinin xeyrinə həll olunsun .

Post – patrul xidməti bölməsinin rəhbəri, milis əlaçısı, baş serjant Ə. Quliyev bölmənin Əsgəran rayon DİŞ-nin tabeliyindən çıxarılmasının vaxtı çatdığını bildirdi. O , əmək haqqının , texniki vasitələrin alınması üçün Əsgərana gedən

əməkdaşların çox böyük çətinliklər və təhlükələrlə üzləşdiyini söylədi .

Xocalınınn milis işçiləri ilə söhbətimiz uzun çəkmir. Aeroporta tələsirik. Əslində aeroport Xocalının bir addımlığındadır. Xankəndini isə aeroportdan 12-13 kilometr məsafə ayırır. Bəs nəyə görə Qarabağın hava qapısına Xocalı yox , Stepanakert aeroportu deyilir. Dünyanın böyük şəhərlərdə də aeroportlar ən yaxın yaşayış məntəqələrinin (istər şəhər olsun,istər kənd) adı ilə adlandırılır. Bu da erməni fitnəkarlığının növbəti nümunələrindən biridir.

Nə isə... Üzərində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanan aeroporta daxil oluruq. Uzun müddət baxımsızlıq üzündən bura öz görkəmini dəyişmişdir. Ara qarışana qədər hər gün əsasən Yervana 15 -16 reys edən bədxah ermənilər aeroporta yağı malı kimi baxıblar. İndi burada təmir işlərinə başlanıb. Aviatorlarla tanış oluruq. Yevlax mülki hava dəstəsinin işçiləri Y . Əmirov , N. Rüstəmov, F. Səmədov hər gün Rüstəmov, F. Səmədov hər gün Yevlaxdan gəlib aeroportun hərəkət və təsərrüfat işlərini görürlər. Həmin gün dəstənin komandiri N. Cumayev də buraya gəlmişdi. Hava limanının fəaliyyəti, kəm-kəsirləri aradan qaldırmaq üçün

görüləsi tədbirlər operativ müzakirə olunurdu...

Təyyarələrdə uçuş qaydalarına erməni mətbuatının " Əsədovun dəstəsi” adlandırdığı respublika DİN-nin Xüsusi təyinatlı Milis Dəstəsi nəzarət edir. Hər dəqiqə düşmən fitnəkarlığının və təxribatının qurbanı ola bilən bu qoçaq oğlanların hərəkətlərinə kənardan baxanda qibtə etməyə bilmirsən. Onların fəaliyyəti barədə elə bu gün təyyarə ilə Yerevandan gətirilmiş "Qolos Armenii” ( Ermənistan KP MK-nın orqanı ) qəzetində "Tərs mütənasiblik” başlıqlı yazı verilib. "Erebuni” aeroportu sərnişindaşıma idarəsinin rəisi S.Vanyan bu gün Yerevandan Xocalıya və əks istiqamətə uçan reyslərin 6-7-yə enməsinin günahını "silahlanmış milis işçiləri”ndə görür. Sərnişinlərin yüklərinin yoxlanmasını isə təhqir hesab edir. Görəsən hava nəqliyyatından istifadə qaydalarına əməl olunması haqqında dünya miqyasında uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən yüklərin yoxlanması nə vaxtdan təhqir hesab edilir?.. Bəlkə, benəlxalq qayda və qanunların ermənilərə dəxli yoxdur ?..

Vanyan reyslərin azalmasının digər səbəbini yoxlamaların pilotlara psixi təsiri və bunun da

uçuşların təhlükəsizliyinə mənfi təsiri ilə izah edir. Əslində real vəziyyət belə deyildi. Nə qədər ki, aeroporta XTMD nəzarət etmirdi, Yerevandan əlinə bir süngü, bir silah keçən erməni otururdu təyyarəyə və rahatca gəlib çıxırdı Xankəndinə.

Qəzetin "milis forması geyindirib Bakıdan , Sumqayıtdan, Gəncədən gətirilmiş qaçaqlar" adlandırdığı XTMD-nin qanunauyğun hərəkətləri Qarabağda əmin – amanlıq və qayda-qanun yaranmasını istəməyən erməniləri narahat etməsi təbiidir. Bunun təsdiqini görmək üçün bir neçə saat aeroportun komentantı Əlif Hacıyevin yanında olmaq bizə kifayət etdi. Hələ nəzarətin belə gücləndiyi bir zamanda Yerevandan gələn sərnişinlərdən nələr tapılmırdı. Əlbəttə nəzarətin sərtliyindən qorxan ermənilər təyyarə ilə silah-sursat gətirə bilmirdilər. Lakin onlardan müsadirə edilmiş çoxlu sayda kitablar, şəkillər, plakatlar münaqişənin qızışmasında odlu silah qədər gücə malikdir.

Aeroportun keçid qapısında dayanmışıq. Pasportların əksəriyyətində DQMV-nin Azərbaycana məxsus olması barədə heç bir qeyd yoxdur. Pasport qaydalarını pozduqlarına görə həmin sərnişinlər bütün etirazlara baxmayaraq uçuşdan qalmalı olurlar. Şübhəli şəxslər komendaturada dinlənilir. Bu

söhbətlərin bəzisində iştirak edirik. Yerevanın restoran işçisi Ema Matevosyan öz pasportunu itirdiyini bəhanə edib, qeyri-qanuni olaraq rəfiqəsinin paspotundan istifadə etdiyinə görə təyyarəyə buraxılmır. ..

İqtisadçı S. Badunts özünü dövlət təhlükəsizliyi orqanının əməkdaşı kimi qələmə verib, uzun müddət dələduzluq etmiş yaxın qohumu ilə əlaqədə olmasında şübhəli bilindiyi və saxta xarici pasportu necə ələ keçirdiyi barədə izahat verməli olduğu üçün Yerevana, oradan isə Almaniya Federativ Respublikasına səfəri "təxirə salınır”...

Sonra nəqliyyat milisinin əməliyyat müvəkkili Kamil Məmmədovun otağındakı seyfdəki "eksponatlarla” tanış oluruq. Qeyri- qanuni yolla gətirilmiş əşyalardan, sənədlərdən və kitablardan ibarət "sərgini " xatırladan bu seyf erməni millətçilərinin Qarabağı Azərbaycandan qoparmaq üçün hər şeyə əl atdıqlarını sübut edir. K.Məmmədov gündəlik çətinlik barədə danışanda Yerevandan gələn təyyarələrin müəyyən olunmuş qrafiki qəsdən pozmalarını xüsusi qeyd etdi. Məsələ burasındadır ki, bir də görürsən 10-15 dəqiqə ərzində aeroporta Yerevandan gələn 5-6 təyyarə enir.Bu da yoxlamaların geçikdirilməsinə səbəb olur və bundan

istifadə edən provakatorlar asayişi qoruyanlarla sərnişinlər arasında süni narazılıq yaradır. Digər tərəfdən yaranmış gərginlikdən istifadə edib qeyri-qanuni yüklərin keçirilməsinə səy göstərənlər də var. Lakun bu erməni bicliyi keçmir. XTMD üzvlərinin çevikliyi nəticəsində bütün qeyri-qanuni hərəkətlərin qarşısı alınır.

Qarabağ torpağına əmin – amanlıq gətirənlərin ilk cığırdaşları olan XTMD barədə erməni mətbuatı az qala hər gün yazır. Budur, dəstənin rəhbəri Vaqif Əsgərov Yerevandan təzə gətirilmiş qəzetlərdən birini bizə göstərir. Qəzet yazır : " İndi Azərbaycanın daxili işlər naziri Əsədovun əmriylə DQMV-nin Azərbaycan kəndlərində qeydiyyata düşmüş , təpədən- dırnağa qədər silahlanmış 600 nəfərdən ibarət XTMD var. Azərbaycan DİN-nin planına yaxın gələcəkdə yaşayış məntəqələrinə daha 5 min nəfərə qədər qeydiyyata salmaq daxildir”.

Düşmənin təbliğat maşınının "faşist” , ”cəllad” adlandırdığı Əlif Haçıyev bütün gərginliyə baxmayaraq sakit və təmkinli görünür. Özü haqqında məlumatı çox "xəsisliklə” verir. Öyrənirik ki, onun bütün taleyi Qarabağla bağlı olub. Xocalıda doğulub boya- başa çatıb. Sərhəd qoşunlarında

xidmət edib. Leninqrad Ali Milis Məktəbində oxuyub. 1985-ci ildə Qarabağda ermənilərin özbaşınalığına qarşı gördüyü işlərdən narahat olan erməni paqon yoldaşları tərəfindən təşkil olunmuş böhtan və fitnəkarlıq nəticəsində Əlif DQMV məhkəməsi tərəfindən 10 il müddətinə azadlıqdan məhkum edilib. Sibirin sərt soyuğu, ağır məhbus həyatı onun əzmini qıra bilməyib. 4 il, 4 aydan sonra SSRİ Prokurorluğunun protestinə əsasən işə yenidən baxılaraq ona bəraət verilib. Budur , Əlif yenə də Qarabağdadır...

... Hava qaranlıqlaşmaqdadır. Sonuncu təyyarələrin təkərləri yerdən üzülür. Fürsət tapıb dəstənin üzvləri ilə tanış oluruq - T. Şirinov, S, Ağayev , Ə. Əliyev , F. Aslanov , M. Mahmudov , A, quliyev və başqaları . Respublikamızın müxtəlif guşələrini təmsil edən bu qeyrətli oğlanların Qarabağ üçün gördükləri işlərin, indiki ölçüylə götürsək, misli – bərabəri yoxdur. Şimaldan əsən soyuq mart küləkləri, qar, çovğun və erməni fitnəkarlığı onları qətiyyən qorxutmur. Onları mətbəxlərinin kasıblığı da düşündürmür. Amma bizim hamımızı düşündürməlidir. Onlar xahiş etmişdilər ki, bu haqda yazmayım. Amma gizlədə bilmərəm – dəstə üzvlərinin ərzaqla təchizatı onların xidmətlərinə layiq səviyyədə deyil . Əlbəttə respublikamızda onların hesabına vəsait keçirənlər var.

İndiyədək Xocalıda əsir düşənlərin 851 nəfərini geri almaq mümkün olmuşdur.Təxminən 500 nəfərə yaxın Xocalı sakini hələ də ermənilərin əsirliyindədir.

"Ədalət”- 13 mart , 1992-ci il .

Əsrin faciəsindən 1 il ötdü...

X O C A L I " D Ü Y Ü N Ü "

XOCALI ... Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələri kimi uzun illər diqqətdən kənarda qalmış bir qəsəbə... Erməni xəyanəti bütün çılpaqlığı ilə özünü biruzə verdikdən sonra respublika rəhbərliyinin gecdən də gec ayılıb Xankəndi İlə Əsgəran arasınad qala-şəhərə çevirmək istədiyi Xocalıya Azərbaycanın müxtəlif yerlərindən inşaatçılar gəlir , külli miqdarda inşaat materialları gətirilirdi . Xocalı az vaxtda öz görkəmini dəyişmişdi . Xocalıda təzə sakinlər görünməyə başlamışdı . O vaxt bu şəhərə təkcə Xankəndindən 5 min qaçqın gəlmişdi . Üçcə il əvvəl buraxılmış "Azərbaycanın fiziki xəritəsi”nə adı belə düşməyən bu şəhərin strateji əhəmiyyətini Bakı duymuşdu. Amma gec idi. Çox gec idi... Qəribədi , Xocalı tikilirdi , amma onun müdafiəsi unudulmuşdu . Şəhərin müqəddəratı bir Allahın , bir də xocalıların öz ümidinə qalmışdı. Faciə ərəfəsində dəfələrlə bu şəhərdə olmuşduq və dəfələrlə bu şəhərin başı üzərini qara buludlar aldığı barədə qəzetimizdə xəbərdarlıq etmişdik . Fəqət ...

... Erməni bizi dişinə vurub sınayırdı.Birinci sınaq düz 4 il əvvəl -ilk şəhidlərimiz Bəxtiyar və Əli qətlə yetiriləndən başladı . Ağsaqqal və ağbirçəklər araya girdilər , dəli –dolu cavanlarımızın qabağına durub intiqam almağa qoymadılar . İki günahsız

gəncin nahaq qanı töküldüyü halda bizi intiqam almaqdan çəkindirdilər.. Ermənilərin ilk "manevri” onlar üçün uğurlu oldu və bu hadisə onları daha da quduzlaşdırdı. Qərbi azərbaycanlı soydaşlarımız bir göz qırpımında dədə-baba torpaqlarından qovuldular . Onlara sakitcə , heç nə olmamış kimi Qarabağdan uzaq kənd və şəhərlərimizdə , tarla düşərgələrində dam və tövlələrdə sığınacaq verdik. Düşmənin bu barbarlıq əməlinə tutarlı cavab vermək əvəzinə rəhbərlərimizin ürəyindən hələ respublikamızda yaşayan erməni uşaqlarının başını sığallamaq keçdi . Erməninin ayağı daha da yer aldı. Sayseçmə oğullarımızın oturduğu vertolyotu partladanda da erməni əmin idi ki, bu ağır cinayətə görə onu heç kim cəzalandırmayacaq. Elə, belə də oldu . Vertolyotun qara qutusunu öz əlimizlə Moskvaya verib bu faciəyə də bir yekə nöqtə qoyduq .

"İradəmizə " ,” dözümümzə” ,” hünərimizə” tam bələd olan erməni əmin – arxayın öz planlarını davam etdirdi . Qarabağı oda qalanmağa başladılar . Meşəli, Cəmilli, Kərkicahan işğal olundu. 1992-ci ilin əvvəlində vəziyyət son dərəcə mürəkkəbləşdi. O günləri doğma ocaqlarından didərgin düşmüş qarabağlıların pənah yeri olan Ağdamda keçirirdim . Prezidentin Qarabaq üzrə nümayəndəliyinin qərargahında

qəribə mənzərələrlə üzləşirdim .Ratsiyada Mlıbəyli, Quşçular imdad diləyirdi .Quş tüfəngi ilə zirehli tankların qabağında durmuş kənd sakinləri qadınları və uşaqları kəndlərdən çıxarmaq üçün vertolyot istəyirdilər . Prezidentin nümayəndəsi Musa Məmmədovu tapmaq mümkün deyildi . Onun keçmiş rayon partiya komitələrinin birinci katibləri - Əhəd Kərimov , Elman Tağiyev , Əhəd Kərimov və başqalarından ibarər "cərimə batalyonu”na bənzəyən komandası aciz qalmışdı .

Qeyrət qalası sandığımız Şuşanın da vəziyyəti ağır idi . Həmin günlərdə biz qəzetimizdə belə bir xəbər verdik : "...Ermənilərin Şuşaya ən böyük həmləsi olub . 10 nəfər ölüb , 35 nəfər yaralanıb”.

Sanki bu xəbər prezident binasının divarlarına dəyib geri qayıtdı.

Malıbəyli ilə Quşçular viranə qoyuldu .

Ermənilərin Əsgəran qalsının nəhəng darvazasını beton plitələrlə hördüklərini qəzetimizdə xəbər verdik. Kimin vecinə idi ?!

Lap axırda - qəzetimizin 28 yanvar 1992-ci il tarixli 7 –ci sayında bu həyəcanlı xəbəri dərc etdik: "Xocalıda vəziyyət gərgin olaraq qalır. Şəhər neçə müddətdir ki, mühasirədədir. Respublika rəhbərliyi tezliklə Əsgəran yolunun açılması ilə bağlı tədbir görməsə, xocalıların vəziyyətinin necə olacağını bilmək üçün Peyğəmbərlik etmək lazım deyil ".

Amma əfsuslar olsun ki, respublika rəhbərliyində bu harayı eşidən, bu həqiqəti dərk edən də tapılmadı.

Təpərimizi, tərpənişimizi tamamilə ələkdən keçirən məkrli düşmən daha da quduzlaşdı .

... Bu da fevralın 25-i axşam. Qışın sərt soyuğu Xocalı üzərinə hüznlü bir duman çökdürmüşdü. Şəhərdə işıq yanmırdı .Güllə və mərmilərin işıqları qəflətən şəhəri süd rənginə boyadı . Rus və erməni hərbi birləşmələri şəhəri oda qalamağa başladı. Xocalı müdafiəçiləri son güllələrinədək vuruşurdular . Fəqət güclər nisbəti ağlagəlməz dərəcədə qeri – bərabər idi .

Xocalı düşmən tanklarının tırtılları altında fəryad qoparırdı .Yerdən və göydən əli üzülmüş binəva insanlar hansı səmtə, kimin üstünə qaçdıqlarını bilmirdilər . Öz torpağında, öz yuvasında ölümə məhkum olunmuş adamların ah – naləsi ərşə bülənd olmuşdu . Sanki bu nalə Tanrıya da çatmırdı .

Bakı isə oturub dünyanın informasiya vasitələrindən Xocalıda baş verənlər barədə məlumat gözləyirdi . Bədəni düşmən gülləsindən şan – şan olub meyidləri meşələrdə , düzənlərdə üşüyən körpələrin, düşmən tərəfindən hər cür həqarətə məruz qalan qızların, qadınların, gözləri şıxarılmış kişilərin taleyindən yalnız bir neçə gün sonra xəbər tutdu Bakı , Azərbaycan...

Təsadüfən canını qurtarıb o soyuqlu - sazaqlı günlərdə Ağdama gəlib çıxmış miskin görkəmli adamlarla üz – üzə dayanmaq nə qədər ağır , nə qədər dəhşətli idi . Həmin günlərdə girovların və meyidlərin alınmasın yeganə can yandıran Allahverdi Bağırov oldu. İkrahla və qəzəblə xatırlayıram ki,

meyidləri və girovları almaq üçün dövlət səviyyəsində heç bir iş görülmədi .

Həmin günlər Ağdam rayon xəstəxanası qarşısındakı mənzərəni Kərbəla müsibəti ilə müqayisə etmək olardı . O günlərdə dəftərçəmə köçürdüyüm qeydlərə hər dəfə , ürək ağrısı , qəhərdən boğula – boğula baxıram . Buraya toplaşmış adamlar sutkalarla gözlərini məchulluğa dikib itkinlərinin ya ölüsünü , ya da dirisini gözləyirdilər. Paradoksa bax-ölüsünü tapanlar da dirisini tapanlar qədər sevinirdilər ...

Tək –tək gələnlərdən isə ancaq acı xəbərlər eşidilirdi .

... 18 yaşlı Dürdanəni və 25 yaşlı Səidəni 5 yaşlı körpəsi ilə birlikdə quldurlar apardılar .

... 150 nəfər Dəhraz kəndindəki toyuq fermasında əsir saxlanılır .

... Tofiqə öldürülüb . 2 yaşlı körpəsi bir sutka inləyə -inləyə anasının sinəsində qalıb . saonra isə donub.

... Qaryağdı kişi 9 nəfər ailə üzvü ilə birlikdə Abdal Gülablıya tərəf üz tutub .Yolda qardaşının ayaqları tutulub .Ailəsini ötürüb ş gecə meşədə

qalmalın olub.Sonra qardaşını çiyninə alıb Ağdama gəlib .Amma ailəsi gəlib çıxmayıb.

... Bakıdan Gəlmiş B . Məmmədov bircə onu bilir ki,qardaşı vaqif öldürülüb . Qalan 30 nəfər qohum - əqrəbasından heç bir soraq yoxdur.

... Eminin babası Məhəmməd,nənəsi Bağdad gözləri qarşısında qətlə yetirilib,atası Сəfər itib ...

Düşmən çox zalım imiş. Erməni həmin gün Allahın insanlara bəxş etdiyi bütün hisslərdən məhrum olmuş , zatı bilinməyən bir məxluq olduğunu bir daha sübut etdi .

Qarı düşmənin caynağından qurtulub qar üstündə ayaqyalın addımlayan iki gənc qadının biri qəşş edib gülürdü . Hamı bu meydan üçün yadlaşmış qəhqəhə gələn tərəfə baxdı . Milliyyətcə tatar olan Nəsimə hərdən gülüşünə ara verib qəribə şeylər danışırdı . Və qəfildən o , bütün vücudu ilə dəyişib qadına xas olmayan nərə çəkib, acı fəryad qopardı .

Nəsimə həmin gecə yüzlərlə həmşəhərlisi kimi üzü Şelliyə tərəf qaçmağa başlayıb . Düşmən onu

haqlayanda körpəsi Sarvanını itirib. Onu 30 nəfər əsirlə birlikdə Əsgəranın milis şöbəsinə aparıb , dözülməz işgəncə veriblər . Nəsimənin vəziyyəti ağırlaşıb .Qatillər onu "sağaltmaq” üçün damarına iynə vurublar . qadın huşunu itirib .Ayılanda görüb ki, onu Elza adlı bir həmyerlisi ilə buraxırlar ki,gedin sizi meyidlərimizlə dəyişirik . Nəsimə əsirlikdəki yerlilərindən və həyat yoldaşı Elxandan ayrılmaq istəməyəndə quldurlar avtomatın qundağını işə salıb və hər iki qadını saçlarından tutub sürüyə - süryə bayıra atıblar.

Xocalının ümidi, pənahı – ömrü boyu erməni hiyləsinin qurbanı olmuş Əlif Hacıyev və silahdaşları , son gülləsinə, son nəfəslərinə qədər düşmənə müqavimət göstərmişdi .

Xocalı soyqırımının bütün dəhşətlərini yazmağa qələm acizdir .O gün , o saat olmur ki, Xocalı müsibəti Xocalı qurbanları göz önünə gəlməsin.Xocalı ürəklərimizdə düyünlənmiş bir yaradır .

Yadımda qalan ibir epizodu xatırlayanda bu yara daha çox qövr edir.

Bir milis əməkdaşı danışırdı ki , həmin günlər postda durmuşduq . Ermənilər işgəncə verdikləri bir Xocalı qadınını qışqırğını , fəryadını ratsiya ilə bizə eşitdirirdi . Qadın bizdən imdad diləyirdi...

İndiyədək cəsarətin çatıb qələmə ala bilmədiyim bu sətirləri oxuyanlar arasında məni qınayanlar da tapılacaq . Amma həqiqəti gizlətmək olmaz . Azərbaycan qadınının ismət və ləyaqətinin ayaqlar altında tapdanmasını açıq yazmağa məcbur oldum . Ona görə məcbur oldum ki, hələ də Xocalı dəhşətini duymayanlara düşmənimizin kim olduğunu göstərim . İntiqam zamanının yetişdiyini anladım . Çünki hələ də ermənilərin əlində oyuncağa çevrilmiş , istədikləri kimi rəftar etdikləri Xocalı qız – gılinləri var ...

Danılması mümkün olmayan bu acı həqiqətləri oxucuya çatdırmaqda daha bir məqsədim var .Xocalı faciəsini təhqiq edən deputat istintaq komissiyasının fəaliyyəti Milli Məclisdə müzakirə olunanda və hər dəfə bu müzakirənin gedişinə baxanda həmin məclisi boş və mənasız ,

baş qatmaq üçün yaradılmış bir toplantıya bənzədirəm .

Xocalı faciəsinin günühkarları axtarılır...

Mən bilmirəm, bu "çanaq kimin başında çatlayacaq”. Amma ürəyimə damıb ki, araya bir şeytan girib və bu şeytan hər an millət vəkillərimizin diqqətini əsil faciəyə yönəltmələrinə məharətlə mane olur..

Lap tutaq ki, faciənin beş-üç nəfər günahkarı tapıldı – asdılar onları , boyunlarını vurdular , güllələdilər . O zaman erməni Xocalını qaytarıb verəcəkmi ? O zaman zindanlarda zillət çəkən əsirlərimiz qaytarılacaqmı ? Xocalı şəhidləri diriləcəkmi?

Yox ! Bunların heç biri baş verməyəcək . Günahsız insanların qanına boyanmış Xocalı düşmən tapdağında inləyir. İntiqam barədə müzakirə aparmaq vaxtıdır - İ N T İ Q A M !!!

Şuşanın , Laçının düşmənə təslim edilməsinin təqsirkarları axtarılır. Burada bir məntiq var –Qarabağın incilərinin düşmənə verilməsində əli olanların mövcudluğunu bilən varsa , deməli onu ,yaxud onları tanıyanlar da var .Bəs , onlar nə üçün susurlar ? Niyə gizlədirik ki, xalq haqlı olaraq həmin dövrlərin ictimai – siyasi hadisələrini an

digər yaşayış məntəqələrimizin düşmənə təslim edilməsini siyasi oyunların nəticələri kimi qiymətləndirir. Xalq həmin oyunların oyunçuları arasında istər keçmiş rəhbərlərin , istər indiki iqtidarın və siyasi partiyaların nümayəndələrini olduğuna qəti şübhə etmir . Bu mənada Milli Məclisimizdəki millət vəkillərini də , iqtidarda olanları da , müxalifəti də mən göz –gözə yatmış qurdlara oxşadıram .

Beləliklə hər bi kəndimiz , hər bir şəhərimiz işğal olunduqca yeni istintaq komissiyaları yaradılacaq . Hər uğursuz əməliyyatın günahkarı axtarılacaq . Milli məclis mübahisə edəcək , düsskusiya açacaq .Küçədə , dükanda , bazarda ağzımız köpüklənə - köpüklənə hərəmiz bir mülahizə yürüdəcəyik . Heç nəyə gücü çatmayan hərbi komissarlıqlar gecələr evlərə girib , yaşına , hərbi peşəsinə , sağlamlığına ailə vəziyyətinə baxmadan "əsgərləri " avtobusa doldurub cəbhəyə yollayacaq , sovet ordusunda " stroybatta”, " kuxnada " xidmət etmək alnına yazılmış oğlanlarımız ilk dəfə avtomatı əlinə alıb ən müasir silahlarla yaraqlanmış düşmənlə çarpışmaya girəcək ,hər əməliyyatdan sonra şəhər və kəndlərimizdə çoxlu yas çadırları qu

rulacaq . düşmən isə addım – addım torpaqlarımıza yiyələnəcək .

Vətən müharibəsində qələbə çalmaq üçün ən düzgün yol bütün ölkədə müharibə vəziyyəti elan etmək,qələbəyədək bütün siyasi tədbirləri dayandırmaq, partiyaların fəaliyyətini dondurmaq ,bütün diqqətimiz , gücümüsü , varımızı , yoxumuzu müharibəyə həsr etməliyik .İndiki vətənpərvərliyimiz igidliyimiz özümüzə də saxta görünmürmü ?.. Ölkənin müdafiəsinə cavabdeh şəxs deyirdi ki, Şuşa getsə təpəmə güllə çaxacam. Bəs nə oldu?! Şuşanı verməklə bütün millətin ürəyinə güllə çaxdı, özü isə sudan quru çıxdı.

Boş yerə hay–küydən əməli işə keşmək lazımdır . Yoxsa uduzacağıq – itirdiklərimiz artacaq , onları geri almaq müşkülə çevriləcək . Bunu "Ədalət " qəzeti deyir! Xocalının , Şuşanın , Laçının işğal olunacağı barədə çox – çox əvvəllər xəbərdarlıq etmiş, lakin səsi qulaqardına vurulmuş "Ədalət " qəzeti !

Müharibə qanunlarına əməl etməyi əsrin ən böyük faciəsi olan Xocalı qurbanlarının ,torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ruhu tələb edir . Son və qəti döyüşümüzü düşmən əsirliyində

olan soydaşlarımız həsrətlə gözləyirlər. Dədə Ələsgərin uyuduğu torpağı , suyu , havası murdar nəfəslərlə zəhərlənmiş Zəngəzur mahalı gözləyir ...

FaiqSADIQOV,

"Ədalət” in bölgə müxbiri .

27 fevral , 1993 –cü il .

Faiq Sadıqov. 66 illik ömrünün 44 ilini jurnalistikaya həsr edib. Uzun illər Azərbaycan radio və televiziyasında çalışıb. 1-ci Qarabağ müharibəsinin əvvəlindən sonunadək könüllü olaraq "Ədalət" qəzetinin cəbhə müxbiri kimi ən qaynar nöqtələrdən operativ xəbərlər verib, müharibə ilə bağlı maraqlı publisistik yazılarla çıxış edib. Müxtəlif vaxtlarda "Qızıl qələm", "Zərdabi", "Dan ulduzu" ədəbi mükafatları ilə təltif olunub. 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb. Hazırda təqaüddədir və müstəqil jurnalist kimi Heydər Əliyev irsini araşdırmaqla məşğuldur.


4774 oxunub

InvestAZ