XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Xocalı faciəsi heç bir zaman unudulmayacaq
Gündəm 16:28 / 23.02.2022


Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi cinayətdir.

Heydər Əliyev,

Azərbaycan xalqının Ümummilli Lideri.

Gecə təlaşlı gecə,

Güllə yağışlı gecə.

Qanına qəltan oldu,

Xocalılar gör necə.

Qaçır meşəyə sarı,

Xocalı uşaqları.

Gecə fəryad qoparır,

Arvad-uşaq, qız-gəlin.

Ölkəmizin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 30 il ötür. Ancaq onun ağrı-acıları hələ də qəlbimizdə yaşayır. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər sırasında yer aldı. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının daha bir dəhşətli təzahürüdür. Bu, bəşər tarixində ən qanlı olaylar sırasında daim xatırlanmaqla bərabər, ermənilərin əsl mahiyyətini, iç üzünün ifşa edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu soyqırım 200 ildən artıq bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin davamıdır. Həm də keçən əsrin ən dəhşətli faciəsidir. Dinc əhalinin belə kütləvi qırğını əsl milli faciə idi. Dəhşət və işgəncələrə görə bəşəriyyət tarixində analoqu çox az olan Xocalı soyqırımının acı nəticələri belədir : bu faciədə 613 nəfər şəhid oldu; onlardan 106 nəfəri qadındır; 59 nəfəri 1 yaşından 18 yaşınadək olan yeniyetmələrdir; 70 nəfəri ahıldır; 25 nəfər uşaq Xocalı faciəsində hər iki valideynini itirib; 230 ailə öz başçısını itirib; 7 ailə büsbütün məhv edilib; 27 ailənin hərəsində ancaq bir nəfər sağ qalmışdır; 487 nəfər əlil olmuşdur; 150 nəfər itkin düşmüşdür, hələ də onlardan bir xəbər yoxdur; 1275 nəfər əsir düşmüşdür, onlardan yalnız 1165 nəfəri geri almaq mümkün olmuşdur.

Bəli, nə qədər dəhşətli də olsa əsl həqiqət belədir. Xocalı qırğını bizə dərs olmalıdır, milli özünütəsdiqetmə dərsi. Tarixi yada salsaq görərik ki, uzun illər bundan əvvəl dünyanın bir sıra böyük dövlətləri tərəfindən himayə olunan ermənilərin iyrənc siyasəti istər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə ardıcıl olaraq davam etdirilmişdir, Erməni şovinistlərinin "Böyük Ermənistan” sülyaları Azərbaycan xalqına baha başa gədli. 2 milyon azərbaycanlının öz yurdundan-yuvasından didərgin salan erməniləri vaxtında öz

yerinə oturtmaq lazım idi. Əlbəttə ki, bütün bu dəhşətli hadisələrin qarşısının alınmasında, həmçinin Xocalı faciəsinin baş verməsində, erməni işğalçıları ilə yanaşı, Azərbaycanın o zamankı rəhbərliyi də, hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qüvvələri də bilavasitə, yaxud dolayısı ilə məsuliyyət daşıyır. O zaman respublikaya rəhbərlik edən adamlar Xocalının müdafiəsinə kömək göstərmək əvəzində əsl həqiqəti, faciənin miqyasını xalqdan gizlətməyə çalışdılar. Bu gün isə azərbaycan hökuməti qarşısında Xocalı soyqırımının və eləcə də ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər və misli görünməmiş dəhşətlər barədə əsil həqiqəti bütün dünya ölkələrinə, beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin parlamentlərinə daha ciddi şəkildə çatdırmaq, Xocalı faciəsinin soyqrımı aktı kimi tanıtdırmağa nail olmaq, vəzifəsi durur.

Erməni vandalizminin qəddarlığından dəhşətə gəlmiş fransalı müxbir Jan İv Yuner yazırdı: Xocalı faciəsi məni dəhşətə gətirdi. Yüzlərlə cəsəd gördüm. Aralarında şəhərin müdafiəçiləri də var idi, günahsız qadınlar, qocalar, uşaqlar da. Mən alman faşistlərinin yırtıcı xisləti haqqında çoxlu kitablar oxumuşdum. Ancaq ermənilərin bu məzlum insanları və 5-6 yaşlı körpə uşaqları öldürərkən etdikləri vəhşiliklər, faşistlərin törətdikləri cinayətkar aksiyaları belə kğlgədə qoyurdu. Mən xəstəxanada, dağıdılmış uşaq bağçalarında, məktəblərdə və sinif otaqlarında güllələrdən bədənləri deşik-deşik olmuş çoxlu yaralı gördüm”.

Milliyyətcə erməni olan avropalı jurnalist belə, öz soydaşlarının vəhşiliyindən qəzəblə söz açırdı: "Ermənilər Xocalıda öldürdükləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü yaratdılar. Mən həmin qanlı cəsədlər üzərindən keçib, ayağımı körpə bir uşağın sinəsi üzərinə basarkən bədənimdə dəli bir titrəyiş hiss etdim. Fotoaparatım, bloknotum və qələmim yerə düşərək qana bulaşdı. Erməni qatillərinin bu ağlasığmaz cinayətləri önündə özümü tamam itirdim. Beynimdə dəhşətli bir ağrı başladı. Belə daşürəkli, qəddar bir millətin nümayəndəsi olduğum üçün özümə nifrət etdim”.

Mayor Leonard Kravets "İzvestiya” qəzetində dərc olunmuş məqaləsində yazırdı: Mən Xocalıda təpənin üstündə eybəcər hala salınmış yüzə yaxın meyiti öz gözlərimlə gördüm. Bir oğlanın başı yox idi. Balaca bir qızın dırnaqları çıxarılmış, qulaqları kəsilmiş, qoca bir kişinin başının dərisi soyulmuşdu”.

Müqəddəs torpaqlarımızın işğalı hesabına öz ərazilərini daha da genişləndirməyi qarşılarına məqsəd qoymuş erməni şovinistlərinin son iki əsrdə Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsi olan bu qəddar və amansız soyqırımı bəşər tarixinə ən dəhşətli terror aktlarından biri kimi daxil olmuşdur. Xocalı soyqırımından bir neçə ay əvvəl erməni qəsbkarları İmarət Qərvənd, Tuğ, Şəlaxətin, Xocavənd, Axullu, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaydalı, Malıbəyli, Qaradağlı, Yuxarı və Aşağı Quşçular kəndlərini də yerlə yeksan etmiş, insanları amansızlıqla qətlə yetirmişdilər.

Lakin Xocalıların qanı yerdə qalmadı. Sahəsi 0,94 min kv. kilometr, Bakıdan olan məsafəsi 375 kilometr, dəniz səviyyəsindən 582 metr yüksəklikdə yerləşən Xocalı şəhəri, onun bir qəsəbə və 50 kəndi 44 günlük Vətən müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtrəfli bəyanatın

müddəalarına uyğun olaraq düşmən işğalından azad edildi. Ermənilər layiqli cəzalarına çatdılar.

Güləddin Həmzəyev,

ADPU-nun Quba filialının "Təbiət fənləri və

onun tədrisi metodikası” kafedrasının müdiri,

geo.min.e.üzrə fəlsəfə doktoru, dosent.

Şixəmməd Seyidməmmədov,

ADPU-nun Quba filialının "Təbiət fənləri və

onun tədrisi metodikası” kafedrasının baş

müəllimi.


4247 oxunub

InvestAZ