XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Radioda bir saat - Emin Piri yazır
YAZARLAR 15:52 / 21.01.2022

Aylar öncə radioların birindən zəng etdilər ki, Emin bəy, həm şair, həm də müharibə iştirakçısı kimi istərdik verilişimizin qonağı olasınız. Şou, ailə-məişət mövzulu verilişlərə getmədiyimdən hansı veriliş olduğuna önəm verirəm. Bir saat olacaqdı. Yeganə qonaqsa mən. Özüm-özümə düşünürəm ki, bir saat nə danışacam?

Nə isə, getdim, veriliş başladı. Saat tamamı olduğundan öncə saatın xəbərləri təxminən beş dəqiqə çəkdi. Bundan sonra aparıcı Vətən müharibəsi, şeir, ədəbiyyat və.s haqqında 6-7 dəqiqə danışdı. Daha sonrasa "bu gün bizim gözəl qonağımız var və.s.i. amma qonağımızı sizə reklamlardan sonra təqdim edəcəyik”dedi.

Reklam da bir neçə dəqiqə çəkdi. Baxdım ki, artıq verilişin 20 dəqiqəsi bitib. Bu dəfə aparıcı nəhayət məni təqdim etdi. Daha sonra bildirdi ki, qonağımıza suallarımız olacaq, inanırıq ki, verlişimiz gözəl keçəcək. Ardıyca bir neçə vətənpərvərlik şeiri oxudu. Hardasa beş dəqiqə bu çəkdi. Sonrasa bildirdi ki, əməkdaşları hanısa muzeydən reportaj hazırlayıblar, onu dinləyək. 4-5 dəqiqə də bu sujet çəkdi.

Nəhayət, verilişin yarsında mənə çönərək Emin bəy, "qələbə necə hisdir?” sualını verdi.

Mənsə ağzımı açıb nəsə demək istəyirdim ki,aparıcı anidən, "Emin bəy, gözəl müğənnimiz filankəs telefon bağlantısına qoşulub” dedi.

" Bildiyiniz kimi müğənnilərmizin müharibə dövrü böyük fəaliyyəti olub, istər təbliğat  fəaliyyəti, istərsə hərbi vətənpərvərlik mövzularda mahnılarıyla xalqımıza, ordumuza dəstək olublar” deyimləri.

 Beləcə xanım müğənni ilə 10 dəqiqə telefon bağlantısı oldu.

Bunun ardıyca aparıcı bildirdi ki, sponsorlar olmadan belə gözəl verilişlər ərsəyə gəlməz və.s. Sponsorlar  haqqında bir neçə dəqiqə bəh-bəhli təqdimatdan sonra verilişin bitməsinə 15 dəqiqə qalmışdı.

Aparıcı bildirdi ki, növbəti saatda radionun qonağı bir müğənni olacaq. Onun haqqında, onun dəyərləri,əxlaqı, möhtəşəmliyi haqqında verilişə necə qoşalmaq olar, sual vermək olar və.s mövzusunda beş-altı dəqiqə danışdı.

Mənsə gözləyirəm nə vaxt ağzımı açıb danışmaq bir yana salam deyəcəm.

Növbəti 4-5 dəqiqəni isə artıq dinləmədiyim mövzuda danışdı. 55dəqiqədən artıq vaxt keçmişdi...

Aparıcı:

-Emin bəy, dəvətimizi qəbul edib gəldiyinizə görə təşəkkür edirik. İnanıram ki, həm sizin, həm də dinləyicilərin ürəyincə oldu. İndisə reklamlara bağlanırıq, ardıyca isə həm Azərbaycan, həm də dünyada baş verən ən son xəbərləri dinləyə bilərsiniz....

İki gün sonra həmin aparcı zəng etdi:

-Emin bəy, sizə hörmət etdik,qonaq çağırdıq. Zəng demirəm, heç olmasa Allahın bir çox sağolunu belə yaza bilərdiniz...

 


4525 oxunub

InvestAZ