XƏBƏR LENTİ
23 Yanvar 2022
22 Yanvar 2022
21 Yanvar 2022



"Kəlbəcər təxribatına İsrail üslubunda cavab, indi İrəvan..." Zülfüqarov
MÜSAHİBƏ 22:14 / 12.01.2022

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.Bu  müsahibənin aktuallığını  nəzərə  alaraq Yenisəs.az -da  onu  təqdim edir:

- Tofiq müəllim, Ermənistan tərəfinin növbəti dəfə Kəlbəcər istiqamətində təxribata əl atması nədən qaynaqlanır?

- Azərbaycan-Ermənistan sərhəd xəttində ermənilər tərəfindən ara-sıra bu cür təxribatlar baş verir. Ola bilsin ki, Ermənistan tərəfindən hansısa müdafiə səviyyəsində əmrə tabe olmayan müxtəlif ünsürlər bu cür təxribatları törədirlər. Amma Azərbaycanın bu təxribatlara İsrail üslubunda cavabı mühüm diqqət cəlb edir. Hər itkiyə görə, 5-10 qat artıq qarşı tərəfə cavab verilməsi bizim tərəfimizdən çox düzgün bir taktikadır.

- Sizcə, bu təxribatlara təşəbbüs barədə qərar Ermənistanda hansı səviyyədə verilir?

- Bu cür "qərar”lar Nikol Paşinyan, orta və yaxud aşağı səviyyələrdə verilsə də təxribatları fikriləşənlər nəticə haqqında da ciddi düşünməlidirlər. Digər bir amil isə bu və ya digər şəkildə Qazaxıstanda baş verən olaylarla nəyisə əlaqələndirmək cəhdləri var. Bu da anlaşılandır. Çünki Ermənistan Azərbaycanın gücünü bilərək belə təxribatlara əl atır. Onlar öz zəifliklərini dərk edir. Sadəcə məqsədləri odur ki, hansısa üçüncü tərəfi Azərbaycan-Ermənistan sərhədinin "müdafiəsinə” cəlb etsinlər. Bu da ermənilərin çoxdan olan istəyidir. Bir il öncə Paşinyan Fransadan da bu cür "dəstək” istəmişdi. Eyni zamanda onlar dəfələrlə Rusiyaya müraciət edərək sərhədə dəvət edib. Ona görə də, istisna etmək olmaz ki, vəziyyəti gərginləşdirib hansısa bir şəkildə ora müşahidəçi qismində kimisə gətirmək planları mövcuddur.

- Sərhəddin Kəlbəcər istiqamətinin davamlı təxribat üçün seçilməsi necə izah oluna bilər?

- Qarşı tərəf düşünür ki, Kəlbəcər istiqaməti qış vaxtında Azərbaycana hərbi imkanlar, kommunikasiya baxımından çətin ola bilər. Çünki ora gedən əsas yol Ağdərədən keçir. Oradan daşınacaq hərbi yüklər ermənilər məskunlaşmış ərazilərdən keçməli olacaq. Murov dağ aşırımından gələn yollardan isə geniş istifadə imkanları olduqca zəifdir. Bu baxımdan məhz bu təxribatları Azərbaycanın hərbi imkanlarını yoxlamaq üçün edilmiş bir cəhd kimi qiymətləndirilir. Azərbaycanın güclü cavabı nəticəsində qarşı tərəf Kəlbəcərdə belə imkanlarımız barəsində yetərincə məlumatlanmış oldu. Artıq erməni tərəfi bir daha məlumatlı oldu ki, Azərbaycan istənilən yerdə, istənilən zərbəni vurmağa qadirdir.

- Bu cür təxribatlar Ermənistanla Azərbaycan arasında qarşıdakı müstəvidə müzakirə prosesinə necə təsir edə bilər?

- Azərbaycan Ermənistan sərhəddinin Kəlbəcərdən keçən hissəsində postlar arasındakı məsafı 50-100 metr səviyyəsindədir. Bu da vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Ona görə də, oyunçular, Ermənistanda olan bir neçə siyasi mərkəzlər müxtəlif istiqamətlərə hədəflənmiş siyasət həyata keçirirlər. Məhz bu amil ona dəlalət edir ki, təxribatlar aşağı və orta səviyyədə planlaşdırılıb.



2376 oxunub

InvestAZ