XƏBƏR LENTİ
18 Yanvar 2022
17 Yanvar 2022



Aydın Quliyev: - Nəzakət xanımın heç bir statusu onun insanlığından ucada deyil...
YAZARLAR 09:40 / 06.12.2021

 Tanıdıqca ona daha da yaxınlaşmaq və onu  daha dərindən tanımaq istəyi yarada bilən insandı.Başqa   insanlarla  oxşar və fərqli  cəhətlərini axtarırsan, nəticədə oxşarlıqlardan daha çox onun başqalarından  büsbütün fərqli və uca  keyfiyyətlərinin üstünə gəlib çıxırsan.Onun şairəliyi də, yazarlığı da,kollektiv rəhbərliyi də ,  yaradıcılıq üslübü da beləcə fərqli və orijinaldır.
    Nəzakət xanımın  şairə  kimi , yazıçı kimi, publisist  kimi, kollektiv rəhbəri, valideyn,  ya konkret bir insan kimi hansının daha maraqlı personal status  olduğunu araşdırmağın  indiyədək kiminsə ağlına gəlib gəlmədiyini bilmirəm.Ancaq inanıram ki , bu yöndə axtarışlara baş vuran istənilən kəslər sonda  eyni çətinliyin   üstünə gəlib çıxmalıdır.Nəzakət xanımın şairəliyinin, yazarlığının , ya valideyn və kollektiv rəhbəri olaraq statusunun üstünlüyünü təyin etmək nə qədər çətin olsa da,  sadə və çox asan olan bir mətləb  bu çətinlikliyin üstündən qələm çəkir- Nəzakət xanımın heç bir statusu onun insanlığından yuxarıda deyil, o insan kimi bütün qazanılmış statuslardan yuxarıdadır.
     Bütün müstəvilərdə insanlarla qurduğu və ya quracağı ünsiyyətin çərçivəsini öncədən çox dəqiq bilir, bunu bilməyin vacib olduğunu unutmur.Ən vacib odur ki, qarşısındakılara da  belə bir çərçivə ilə hərəkət etdiyini anlada bilir.Bəlkə də elə buna görədir ki, ünsiyyət qurduğu, işgüzar, əməkdaşlıq  və qohumluq münasibətlərində  olduğu kəslərdən kiminsə onun imkanlarından sui- istifadə etdiyinə dair bircə fakt da göstərmək mümkün deyil.
    İnsanlarla sağlam münasibət qurmaqda bacarıqlı və səriştəli olduğu qədər dostluğu və sağlam münasibətləri  sabit  saxlamağı da bacarır.
  İnsanların heç də hamısının ədalətli, dürüst, həssas və düşüncəli olmadığı ənənəvi cəmiyyətdə Nəzakət xanım az qala paradiqmalar ( çox  şeyin ölçüsü ola bilən)
qədər çoxcəhətli əks- təsir gücünə malik davranış üslubuna sahibdir - Hamı ilə əxlaqlı, mədəni , tərbiyəli və səviyyəli davranış.
   Çevrəsində onunla bağlı bədxah və xudbin niyyətlərdə  olan istənilən xəbis qüvvə ilə onun çox uğurlu mübarizə üslubudur bu .Bunu Nəzakət xanımın müdrik tapıntısı da saymaq olar.
   Abraam Linkoln oğlunun müəlliminə məşhur məktubunda " oğluma öyrədin ki, nəcib adamla nəcib, kobud adamla kobud olsun" deyə yazmışdı.150 ildən çox müddətdə sevilə - sevilə təhlil bə qəbul edilən bu kiçik tərbiyəvi məktubun bəzi mətləbləri Nəzakət xanımın öz şəxsi timsalında yaratdığı uğurlu davranış metodları  ilə rəqabətə dözmür.Nəzakət xanım sübut edir  ki, nadanı da, hissiyyatsızı da, kobudu və mədəniyyətsizi də eyni  nəzakətli davranışla islah etmək, dürüst , ağıllı və mədəniyyətli adamlarla davamlı yol yoldaşlığı qurmaq olar. Sadə olduğu qədər  prinsipial, nəzakətli oldiğu qədər cəsarətlidir, onun daşıdığı saflıq və səmimiyyətin dərinliyindəki polifonik ağılını görməyənlər bir anlığa onun barəsində " sadəlövhdür" qənaətinə gəlsələr də dərhal da yanıldıqlarını başa düşür və geri çəkilirlər..
    Nəzakət xanımın zəngin ədəbi - bədii yaradıcılığını təhlil etməyi digər peşəkar dostlarımıza buraxıram.
Tək bunu deyim ki, eyni vaxtda vətənpərvərlik tərbiyə məktəbi missiyası  aparan Xatirə kitabı redaksiyasına rəhbərlik etmək, heç kimdən asılı olmayan " başıuca bir jurnal" yaratmaq, həm də fəlsəfəsi mütləq sadəlik üstündə qurulmuş poeziya yaradıcılığı ilə məşqul olmaq kiçik iş deyil.Nəzakət xanımın apardığı bu işlərin biri digərini qısqanmır, çünki hamısı yüksək və eyni səviyyədə aparılır.
   Onun nəzakətli və yumşaq idarəçiliyi işdə ən sərt diktatorlardan, qupquru administratorlardan prinsipcə qat- qat artıq effekt verir.Çünki Nəzakət xanım öz xislətinə, düşüncə və mədəniyyət səviyyəsinə uyğun orijinal idarəçilik üslubu yaratmış insanlardandır.
  Kifayət qədər ünsiyyətcil, miqyaslı və  əhatəli insan olsa da , fikir və düşüncələrinin , davranışlarının etikliyi və saflığı baxımından tənha görünür.Ancaq tənhalıq onu zəif düşürən xüsusiyyətinə çevrilmir .Əksinə , bənzərsizliyi sayəsində öz tənhalığını özünün ən güclü xüsusiyyətlərindən birinə çevirməyi əla  bacarır.Zəiflik, şikayət , çarəsizlikdən doğan acizlik, qan ağlamaq onun yaradıcılıq üslubuna xas deyil.Tək bir misal deyək." Məni tək qoymusan qəmin yanında " şeiri bədbinlik və zəiflik yox, " tək buraxıldığım qəmə də sonda qalib gələcəyəm" məntiqi altında meydan oxuyan bir döyüşkənlik nümunəsidir.
    Nəzakət xanımın öz sferasında və ümumən bütün növ istedad və yaradıcılıq müstəvilərində hamıdan fərqli başqa bir üstünlüyü də var.O öz yaradıcılığını və istedadını həyat, yaşayış, karyera və dolanışıq mənbəyinə çevirməyən  nadir istedad sahiblərindəndir .Ümumiyyətlə,  heç  karyerist deyil, vəzifə , şöhrət dalınca qaçmır .Ala- babat istedadı ilə yazıb ortaya qoyduğu nəsr- nəzm kitabını qapı - qapı gəzdirənlərlə Nəzakət xanımı müqayisə etmək barədə düşünməyin özünün  nə qədər ədalətsiz olduğunu sübut etməyə ehtiyac yoxdur.Onun üçün yaradıcılıq, şeir , poeziya maddi dəyərlər və cah- cəlal  yaratmağın  mənbəyi yox, istedadın təsdiqindən sadəcə zövq almaq üsuludur.Nəzakət xanım öz yaradıcılıq məhsullarını  kimlərdənsə nəsə qoparmaq üçün cəmiyyətə  təqdim etmir, əksinə , həyatı hər kəsə daha gözəl, daha arzuolunan  etmək üçün təqdim edir.Bax onun yaradıcılığının böyük  təmənnaslzlığı məhz  bundadır.
     Nəzakət xanım öz yaradıcılığından qəti təmənna güdməyən nadir şəxsiyyətlərdəndir.
    Bilmirəm bu ifadəni işlətmək nə qədər doğru olacaq.Məncə yaradıcı insanların yaradıcılıqlarının da xoşbəxti , bədbəxti olur .Onun yaradıcılığı  " xoşbəxt yaradıcılıqlar" tədnifatına aiddir.Çünki onun yaradıcılığından heç bir artıq  yük sallanmır, onun yaradıcılığı və istedadı ailəyə, qohum - əqrəbəyə, dost- tanışa gün - dirrik əldə etmək kimi yükləri daşımağa məhkum edilməyib, daha doğrusu özü bunu  etməyib.Bu o demək deyil ki, çevrəsindəki insanların dərd- sərinə soyuq və laqeyddir, əksinə, onun qədər kimlərinsə problemlərinə çiyin verməyi bacaranlara tək- tək rast gəlmək  olar.Sadəcə , Nəzakət xanımın böyüklüyü özünün heç kimdən geridə qalmayan məhsuldar yaradıcılığını gözlərə soxmamağındadır...


5652 oxunub

InvestAZ