XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



Əbülfət MƏDƏTOĞLU: «Azərkitab»da yandırılan işıq
MƏDƏNİYYƏT 10:46 / 30.10.2021

Ötən gün «Azərkitab»ın Yasamal ərazisindəki möhtəşəm binasında isti bir mühit hakim kəsilmişdi. Təbii ki, bu binanın adı və buradakı kitabların yaratdığı aura özü-özlüyündə hər şeyi deyir. Ona görə mən dəvət edildiyim bu ünvana böyük həvəslə yollandım və burada yaşadığım anlar, müşahidə etdiyim məqamlar mənim üçün unudulmaz oldu. Ona görə ki, ötən gün, yəni oktyabrın 28-də axşam saat 16:30-da «Azərkitab»ın ikinci mərtəbəsində Zəfər günü münasibətilə «Azərkitab» kitab mərkəzi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə fotoqraf Xuan Rodrigo Labardini Floresin və istedadlı gənc rəssamımız Arzu Əhmədlinin «İncəsənət sərhəd tanımır» adlı ilk birgə yaradıcılıq sərgisi təşkil olunmuşdu. Əvvəlcədən onu xatırladım ki, bu maraqlı layihə Azərbaycanda bir ilkdir. Bu ilkin təşkilatçıları da Elnurə və Aygün İsgəndərova bacılarıdır. Onlar artıq bu istiqamətlə bir neçə dəfə müəyyən addımlar atıblar və hətta gənc istedad olan Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi Arzu Əhmədlini də onlar Ağcabədidə kəşf ediblər. Belə ki, həmin rayonda keçirilən tədbir zamanı hələ məktəbli olan Arzu xanım öz rəsm əsərlərini tədbirdə nümayiş etdiribdi. Bu da İsgəndərova bacılarının diqqətini özünə çəkib. Və onlar da gənc istedadın izi ilə Bakı Slavyan Universitetinə üz tutublar. Beləcə bir gənc istedadı üzə çıxarıblar.

«Azərkitab»ın ikinci mərtəbəsində keçirilən tədbirə respublikamızın dəyərli ziyalıları, millət vəkilləri Qənirə Paşayeva, Tahir Rzayev, Aqil Abbas, Azər Badamov, Milli Qəhrəman İbad Hüseynov, AYB-nin katibi Rəşad Məcid, eləcə də ölkəmizdə fəaliyyət göstərən İspaniyanın, Argentinanın, Quzey Kıprız Respublikasının və digər ölkələrin səfirləri, rəssamlar, jurnalistlər, təbii ki, həm də gənc istedadın yaxınları, doğmaları da iştirak edirdi.

Mən böyük maraqla gənc istedadın əl işlərini, yəni onun divarlardan asılmış və hər birinin də özünəməxsusluğu olan əsərlərinə baxdım. Ən çox diqqətimi çəkən «Ana» portreti idi. Ümumiyyətlə, bu sərgidə Arzu xanım portret əsərlərini nümayiş etdirirdi. Əsərləri izləyən yazıçı-publisist Aqil Abbas da həmin «Ana» portreti önündə müəlliflə şəkil çəkdirərkən vurğuladı ki, bu əsərdə Arzu qızımız öz nənəsini əks etdirib. Ona görə də əsər canlı alınıbdı.

Sərgi ilə bağlı söhbət etdiyim millət vəkili Tahir Rzayev vurğuladı ki, Arzu xanımın işləri həqiqətən maraqlıdır. Çünki onun portret əsərləri insan obrazlarının ifadəsidir. Və bu obrazların hər birində həyat əlamətləri diqqəti çəkir. Üstəlik də, portretlərdə bir səmimiyyət də var. Mən Arzu xanıma uğurlar arzu edirəm. İnanıram ki, o, daha da püxtələşib, bundan da gözəl əsərləri ilə Azərbaycan rəssamlıq sənətinə töhfələr verəcəkdir.

Tahir müəllimin fikirlərini davam etdirən millət vəkili Arzu Badamov isə əlavə edib ki, tələbə qızımızın çəkdiyi bu rəsmlər mənə həqiqətən xoş təsir bağışladı. Portretləri gözdən keçirtdikcə, onlarda işıq, həyat əlaməti dərhal diqqətimi çəkdi. Mən də gənc rəssama uğurlar diləyirəm.

Millət vəkili Qənirə xanım Paşayeva isə vurğuladı ki, həvəskar rəsam olan Arzu xanım Bakı Slavyan Universitetindəki təhsilini başa vurduqdan sonra mütləq rəssamlıqla bağlı təhsil almalı və bu sənətin sirlərini daha dərindən öyrənməlidir. Çünki Allah ona gözəl istedad verib. Bu

istedadı inkişaf etdirmək isə Arzu xanımın birmənalı borcudur. İnanıram ki, bu işdə ona atası Rövşən müəllim də dəstək olacaqdır.

Tədbirdə çıxış edən digər iştirakçıların hər biri həvəskar rəssamın bu ilk sərgisinə görə təbrik edib, ona uğurlar dilədilər. Həmin təbriklərə xarici səfirlər də qoşuldular. Mən də fürsətdən istifadə edib Arzu xanımın atası Rövşən müəllimlə ayaqüstü söhbət etdim. Rövşən müəllim vurğuladı ki, Arzu hələ kiçik yaşlarından rəsm sənətinə maraq göstərib, orta məktəbdə o müxtəlif rəsmlər çəkirdi. Necə deyərlər, heç bir rəssamlıq təhsili almadan özü öz ürəyinin səsinə qulaq asıb bir xobbi olaraq bu işlə məşğul olub. Bir ata kimi sevinirəm ki, qızım bu gün özünün qabiliyyətini uğurla nümayiş etdirir. İnşallah, gələcəkdə daha böyük sərgi zallarında daha möhtəşəm əsərlərlə çıxış edəcək. Atasının fikirlərini davam etdirən Arzu xanım Əhmədli də bildirdi ki, o, bu gün çox xoşbəxtdir. Bu xoşbəxtliyi də ona Allah hədiyyə edib. Həmin hədiyyə də nümayiş etdirdiyi əsərləridir. Bu əsərləri seyr edən hər kəsə ürəkdən minnətdaram.

...Bəli, «Azərkitab» ötən gün bir istedadlı, həvəskar gənc rəssamın yolunda yaşıl işıq yandırdı. İnanıram ki, o işıq heç vaxt sönməyəcək.


21512 oxunub

InvestAZ