XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



KƏLMEYİ-ŞƏHADƏTİ BİLİRSİNİZ?! - Emin Piri yazır
YAZARLAR 15:12 / 21.10.2021

Müharibədə eşitdiyim ən təsirli iki-üç cümlədən biri bu idi. Xeyr, mənim burda nə dindən, nə də hərfi mənalarından bəhs etmək niyyətim yoxdu. Amma o sual verilərkən onun altında yatan mənaların, faciənin, qürurun, şərəfindən gedir...Hə, necə olmuşdu?

9 oktyabr gecəsi, saat 00:00. Təcili çıxış əmri verilir. Çıxışlarımızın 90%i fövqəladə səbəb olmasa gecə yarılarına həmişə təsadüf edib. Səhər tezdən, 6 saatlıq gecə yolundan sonra 06:00 radələrində Daşkəsən kəndinə çatırıq. Hər şeyə dözmək olar, amma siqaretsizlik adamı məhv edir. Əslində, vərdiş də yox, vəziyyət adamı məcbur edir. Həyəcan, məsuliyyət... Amma heç bir qığılcım belə alovlandırmaq, işıq yandırmaq olmaz. Aydındı səbəb niyə. Siqareti puşlatımın içində yandırır, elə çəkirəm. Digərləri də. Açığı belə anda siqaret çəkmək ehtiyacının nə olduğunu hamıda anlayırıq.

Yolboyu erməni meyitləri...Birinin yanında keçəndə müharibənin dəhşəti gözlərimdə daha da böyüyür. Düşmən polkovnik-leytenantının meyiti. Polkovnikin belə meyitinin ayaqlar altına düşməsi bu müharibənin heç bir zarafat sevmədiyini göstərirdi. Əsgər ayaqları altında olan polkovnik...

Eləsə bizim kimi leytenant və əsgərlərin bu müharibədən sağ qayıtması sadəcə möcüzə olardı...

Daşkəsən tərəfdə bizi XTQ qarşılayır. Təpə döşündəyik. XTQ polkovnik-leytenantı təlimatlandırır. Öncə alovlu, vətənpər sözlər...Sakaryadan, Çanaqqaladan birinci Qarabağ savaşına kimi. Sonda deyir; "Qan bahasına alınmış o torpaqlardan bir addım geri çəkilməyiniz vətənə xəyanət olacaq. Türk oğlu qurd olar, basdığı yer yurd olar."

Bu təlimat və çıxışdan sonra batalyonumuz kiçik heyətlə tapşırılan yerə doğru gedir. Yeni bir 5-6saatlıq piyada yolu bizi gözləyir. Hara getdiyimizsə bizə dəqiq deyilmir adlı olaraq. Bu da aydındı, hər hansı satqınlıq və.s təhlükəsizliyə görə.

...Nəfəsimizi dəririk. Təpə döşündə dərəyə məsafələrlə uzanırıq. Tərpənməyə halımız yoxdu. Rəsmi qaydada atəşkəs elan olunmağına baxmayaraq şiddətli döyüşlər gedir. Hər iki tərəf bu vaxt top atışlarına daha çox üstünlük verir.

Bir neçə dəqiqə keçməmişdi ki, təpə tərəfdən bir XTQ zabiti enir; Bizə təcili 10-12 nəfər lazımdı. Hücum vaxtı ərazidə 3 şəhid,5 yaralı var. Onları ərazidən çıxarmalıyıq. Bir anlıq təəccübə düşürəm. Axı, XTQ nin özünün qaldığı mühasirədən bu əsgərlər necə onları çıxara bilərik?! Canından başqa verməyə bir şeyi olmayan, müəyyən qədər təcrübəsizlərlə onlara nisbətdə?

Davam edir; siz hücuma keçməyəssiniz indi. Amma hücum imitasiyası və atəş dəstəyi. Başları sizə qarışacaq. Bizsə yaralı və şəhidləri ərazidən çıxaracağıq.

Sondasa deyir, indi sizdən heç nə istəmirəm, kəlməyi-şəhadəti bilirsinizsə bəsdi...

Bu cümlə artıq hər şeyin nə olduğunu deyirdi. Getməkçün hazırlanan bu 10 əsgərə baxıram...Nə deyəcəyimi bilmirəm. Bu uşaqların yaxınlarına nə zamansa( özüm də sağ qalsam) necə şəhid olduqlarını danışmaq əzabı içimi bürüyür. Allahdan bir möcüzə gözləyirəm bu uşaqlarçün...

Digər bölməmizin də atəş dəstəyi ilə yaralı və şəhidləri XTQ ərazidən çıxarır-Rabitədə bu məlumat həmin zabitə verilir. Gözü doluxsunmuş zabit sevinc içində dönərək:Ananız namaz üstündə olub, sağ qaldınız.

Əslində, "kəlmeyi-şəhadəti bilirsiniz" deməyi ilə öncədən nələr olacağı məlum idi.

Ondan sonra o zabitin dediyi o cümlə dilimizə düşdü . Bütün çıxışlarda deyirdik.

İstənilən halda altında yatan məna və ağırlığına görə ən indiyə kimi qulağımda cingildəyən ən dəhşətli cümlədir: KƏLMEYİ-ŞƏHADƏTİ BİLİRSİNİZ?!

Ara-sıra yenə eşidirəm...

P.S Zəngilanın azad oldugu gün yadıma düşdü, kiçik bir qeydi paylaşım dedim.


5693 oxunub

InvestAZ