XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



SAMİR MƏTLƏB OĞLU SƏMƏDOV
YAZARLAR 07:31 / 08.10.2021


18.01.2002 – 20.10.2020

Samir Mətləb oğlu Səmədov 2002-ci il yanvarın 18-də Pensər kəndində anadan olub. Orta təhsilini Astara rayonu Ziya Bünyadov adına 2 saylı tam orta məktəbdə alıb.

2020-ci il yanvarın 18 - də 18 yaşı olan Samir yanvarın 24 - də həqiqi hərbi xidmətə çağrılır. Bərdə korpusunda başlayıb xidməti. Sonra Tərtərdə davam edib xidmətə. 703 saylı hərbi hissənin əsgəri kimi sentyabrın 27-də döyüşlərə qatılıb.

18 yaşlı Samirin cəsurluğu döyüş yoldaşlarında heyrət doğururdu. "İgid bala” deyirdi hamı ona.Taborun sevimlisi idi Samir. İkinci Qarabağ savaşı başlayanda hamı kimi Samir də həyacanlı idi. Bu həyacanda qələbəyə inam vardı. Bu inamla da gecə səhərəcən "torpaqlarımızı azad edəcəyik, bilirəm” deyib.

Bütün döyüş boyu yoldaşları onu qorumağa çalışıb. Amma qoruya bilməyiblər sonacan. Ağdərə istiqamətində olan döyüşlərdən sonra oktyabrın 19-dan Samirdən xəbər tuta bilməyib kimsə.

"Bir aya yaxın axtardım oğlumu. Arada telefonla danışırdıq. Sonuncu dəfə oktyabrın 17-də qardaşıyla danışıb. 2 - 3 gün xəbər çıxmadı. Heç kim bir söz deyə bilmirdi. Müharibədi, düşündüm ki, şəhid olub. Müharibə qurtarandan sonra noyabrın 12 - də Bərdədə tapdım oğlumu. Xəstəxananın morqundaydı. Yoxlama analizi də oldu. Oğul təkcə ailənin deyil, həm də Vətənin oğludur. Nə etmək olar” – bunları deyib susdu Mətləb bəy.

Samirin 11 nəfər döyüş yoldaşları ilə birlikdə oktyabrın 20 - də şəhid olduğunu öyrənir ata.

Çox ürəkağrıdıcıdı ki, Mətləb bəy oğlunun hərbi geyimini, nə də Hərbi Biletini hələ də ala bilmir. Samirin adına təmir elədiyi otağın tavanında başdan-başa Azərbaycan bayrağı təsvir olunub. Samirə aid əşyalar, xatirə şəkilləri, amma 18 yaşlı şəhidin hərbi bileti yoxdu.Tərtər rayon 703 saylı hərbi hissənin soyuqqanlılığı məni də üşütdü. Tərtər rayon Hərbi Komissarlığının laqeydliyindən qanım dondu.

Ata Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də müraciət edib. Astara rayonu Hərbi Komissarlığının müraciətləri də cavabsız qalır.

Səmədovlar ailəsində 4 oğul böyüyüb: Real, Samir, Seymur və Tunar.

Ailənin böyük oğlu Real Səmədov da Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçısıdır. Real 44 gün ərazi bütövlüyü uğrunda düşmənlə ağır döyüşlərdən keçib. Minamyot zərbəsindən yaralanan Real hospitalda müalicə alıb.

Real Səmədov "Füzulinin azad olunmasına görə, "Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

"Həqiqi hərbi xidmətdə olmuşdum. Müharibə başlayanda getməyə bilməzdim. Ali Baş komandan səfərbərlik elan edəndə könüllülərin sayı - hesabı yox idi. Belə bir vaxtda dövlətini sevən hər bir kəsin borcu vətən uğrunda döyüşməkdi. Ərazilərimizin düşməndən azad edilməsində mənim də payım olduğundan özümü şanslı hesab edirəm. Qardaşım Samirlə eyni taborlarda olmasaq da onun cəsurluğu haqda çox eşitdim. Hərdən kövrəlirdim. Yaşda məndən kiçikdi. Amma qürurlanırdım. Son dəfə oktyabrın 17-də danışdım. Elə danışırdı ki. Mənə elə gəldi qardaşım böyüyüb bu müddətdə” – dedi döyüşçümüz Real Səmədov.

Elədi Real. Qardaşın – "Vətən uğrunda” medalı ilə təltif olunan 18 yaşlı Samir Səmədov böyüyüb o günlərdə: anbaan, saatbasaat, günbəgün böyüyüb. O qədər böyüyüb ki, Vətən boyda olub. İndi Vətən boydadı Samir.


8430 oxunub

InvestAZ