XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



UCUZ ÖLÜM -Fəridə RƏHİMLİ yazır
YAZARLAR 08:36 / 02.10.2021
Rüşvət çayırotu kimidir, bir dəfə əkdinsə, daha kökünü kəsə bilməzsən. Yaxud da illərlə əmək verməlisən, bu otdan yaxa qurtarmaq üçün...
Rüşvətin insan övladının bəlasına çevrilmə tarixi zamanın hansı dönəminə gedib çıxır, bilmirəm. Amma bildiyim odur ki, tarixin mən oxuduğum, öyrəndiyim hansı döngəsi olubsa, orda rüşvətə rast gəlmişəm. Dünyanı söz sərvəti ilə heyran qoyan böyük Füzuli də deyirdi ki: "Salam verdim, rüşvət deyil deyə, almadılar..."
...Rüşvət üzündən ölkəsindəki bütün qanunların pozulduğunu görən bir dövlət başçısı bu bəladan qurtulmaq üçün təğyiri-libas olub, müdrik ağsaqqalın yanına gələrək məsləhət almaq istəyir və qapıdakı uzun növbədən önə keçmək üçün adamlara... rüşvət təklif edir. Müdrik qoca onu əmin edir ki, nə qədər ki, sən bu dövlətin başındasan, heç vaxt rüşvətin kökü kəsilməyəcək...
Eşitdiyimə görə, Saakaşvilidən soruşurlar ki, necə oldu ki, ölkəndə rüşvəti qadağan edə bildin, cavabı çox sadə olur: Mən özüm rüşvət almadım...
Rüşvət söhbəti çox uzandı və bunun ucuz ölümlə nə əlaqəsi olduğunu indi yazacam. Rüşvət insan yaşayan hər nöqtənin bəlası olsa da, bu yazımda bircə misal çəkəcəm. Hər gün xəbərlər proqramlarında yol hərəkət qaydalarının pozulması nəticəsində ölən və yaralananlar haqda məlumatlar gedir. Xatırlayıram ki, bir dəfə aparıcı sevinclə söylədi ki, şükürlər olsun, bu gün yol qəzasında ölüm olmayıb! Yəni, qəza olub... ölən olmayıb!
Bugünlərdə xəbərlərin son proqramında bir gecədə on beş nəfərin öldüyü və otuz nəfərin yaralandığı haqda məlumatı eşidəndə, bu sahədəki məmurların laqeydliyi məni təəccübləndirmədi. Çünki o məmurlar da, sən də, mən də yaxşı bilirik ki, bu qəzanı törədənlərin əksəriyyəti sürücülük vəsiqəsini Şaban demiş: bakkaldan alıb! Bəli,bu  acı da olsa  gerçəklik, reallıqdı. Həm də bu   hər kəsə məlum  reallıqdı.Bax elə  "bakkaldan" alanlar  yalnız sükanı tutmağı bacardığı halda anında, biliyinə, təcrübəsinə əmin olanlar isə, yeddi-səkkiz dəfə təkrar imtahana girməklə vəsiqə ala bilirlər. Bu da gündəlik qəzalar, insan tələfatı, mənəvi, fiziki travmalarla nəticələnir.
Yəni, bu ölümlər çox ucuza , yəni  "bakkal" qiymətinə  alınır! Bu da ğz  növbəsində  yol kənarlarında ağaclıqda gizlənib "ov" gözləyən   bəzi yol müfəttişlərinə, "vəsiqə satanlara" və onlara himayədarlıq edənlərə "əməlli-başlı" sərf eləyir.
Yeganə ölkəyik ki, başqa ölkələrdə valideyn övladının öyrənməsi üçün pul verdiyi halda, bizdə oxumadan, öyrənmədən yüksək qiymət yazılması üçün rüşvət veririk. O cümlədən də ölümə, dəhşətə, göz yaşlarına, faciəyə səbəb olan sürücülük vəsiqəsini almaq üçün...
Bu qiymətə ölüm satanların vicdanını pul kar, kor edib, onlar üçün ölənlərin faciəsi, onların yaxınlarının əzabı, geridə qalanların travması maraqlı deyil, bəs bu ucuz ölümü övladlarına alanlara nə deyək?..
Siz pul verib vəsiqə alarkən Əzraillə müqavilə bağladığınızın fərqində deyilmisiniz...
8465 oxunub

InvestAZ