XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



Tural Cəfərli :- OĞLUMA MƏKTUB
YAZARLAR 19:14 / 29.09.2021


 

Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, şəhid Camal İsmayılovun oğlu Alparslana məktubu.

 

     Torpaq qoxan adamları xatırlayıram. Xatırladıqca torpağı əzizləmək, ona sarılmaq istəyirəm. Oğlum, mən torpaq üstündə gəzdim, ancaq torpağı heç vaxt əzmədim. Torpağı oxşadım, qorudum, ən istəklim oldu torpaq...

    Bir gün yağışda islandım, xəfif əsən mehlə dinclik tapdım.  Bir qış günü idi, güclü qar yağırdı, mən üşüdüm, torpağa uzandım, qar üstümü örtdü. Ancaq mən üşümədim. Torpağın istiliyi məni soyuqdan qorudu. Mən torpaqla böyüdüm, torpaqla bütövləşdim, oğlum...

    İndi sənin gözlərində özümü görmək istəyirəm. İstəyirəm ki, kirpiklərin üzümə batsın. Ətrini uzaqlardan alıram, oğlum. Uzaqlar, səni heç vaxt qorxutmasın. Sizə uzaqları yaxın etdim, özüm sizdən uzaqlara düşsəm də... İndi Qarabağda azad günlərin sevinci yaşanır, indi Şuşada bayramdı, bayrağımız Laçında, Ağdamda dalğalanır. Bu məni çox sevindirir. Nə yaxşı ki, torpağımız, yurdumuz,elimiz, obamız var... Oğlum, torpaq, yurd,el, oba hər şey deməkdir. Torpaqsız, yurdsuz biz heç kimik... Bunu yadında saxla...

     Sənin adını hələ səfərə çıxmadan öncə düşünmüşdüm. Düşündüm ki, oğlum olsa, adını "Alparslan” qoyaram. Vətənə, millətə xeyirli övlad olar, mənim oğlum. Yolumu davam edər, haqq uğrunda yaşayar, halal böyüyər, başımızı uca edər. Elə də olacaq. Çünki o, mənim oğlumdu. Adını da təsadüfən düşünməmişəm. "Alparslan”! Necə də ürəyimə yatır. Sənin adını çəkəndə sanki göydə şimşək çaxır, düşmənin başı əzilir, qara buludlar çəkilir, Günəş doğur üzümüzə...

    Növbəti tapşırıq gəldi. Qarşıda görünən yüksəklik alınmalıdı. Ən böyük yüksəklik isə "şəhidlik” zirvəsidi, oğlum. İnsan dünyanın ən uca zirvəsini fəth edə bilər, ancaq "şəhidlik” zirvəsi hər kəsə qismət olmur. Bunu da heç vaxt unutma. Qəlbimi dinlə, yoluma nəzər eylə, məni duymaq üçün torpağın ətrini içinə çək, torpaq ətri dünyanın ən gözəl ətirlərindən biridi, oğlum...

     Bayrağımız ucaldıqca, mənim gözlərim dolur. Axı bayrağımız bizim kimliyimizdi, mən kövrəlirəm, sən kövrəlmə, oğlum. İstəmirəm, sənin ürəyində mənimlə bağlı kövrəklik yer tutsun. Atanı həmişə sevinclə, gülərüzlə xatırla... Mən sənin kimi uşaqların üzü gülsün deyə bu yola çıxdım. Yolum uzundu hələ, oğlum...

    Bir də ümidlərim var... Sənə danışacağım ümidləri, sən də yaşat, oğlum. Gələcəklə bağlı ümidlərimi səndə ürəyində pıçılda... Qarabağda, ilk gündə ayağım torpağa dəyəndə özümü göyün yeddinci qatında hiss elədim. Dünyalar mənim idi, kainatı əlimdə saxlayırdım sanki... O zaman məndə bir ümid yarandı, o ümidin adı "Qələbə” ümidi idi... Ümidim boşa çıxmadı, oğlum. Bilirdim ki, qələbə bizimdir, ancaq tələsmək istəmirdim. Bu günə çox şükür...

     Sənə ala bilmədiyim oyuncaqları, məktəbə apara bilmədiyim yolları düşünürəm. Düşündükcə, sənin yanında olduğumu bilməyini istəyirəm. Məni yanında hiss etməyini istəyirəm. Bil ki, hər zaman səninləyəm, oğlum, sizinləyəm, oğlum...

     Göy üzündəki buludlardan sənə balınc, çölün düzündəki çəmənlikdən sənə döşək hazırladım, oğlum. Başımı qoyduğum hər daşın üstündə sənin adını yazdım, bu Vətənin hər nəyi varsa sənin adınla çağırdım, sən bildim, əzizlədim, oxşadım, sevdim... Bu məni sakitləşdirdi, ruhlandırdı, inandırdı, deyim biləsən... Hər gün bir az da yaxınlaşıram, öz arzuma. Hər gün bir az da bütövləşirəm. Hər gün bir az da olsa, sənə doğru gəlirəm, oğlum...

      Bir çox dostlarımı Qarabağda qazandım, Qarabağda da itirdim.  Onların yoxluğuna alışa bilmədim. Dostluq çox vacib məsələdi, oğlum. Kiminlə dostluq etdiyinə diqqət elə. Dostluq, çıxdığın yolda səni hansı ünvana aparacığını müəyyən edir. Dostluqda möhkəm ol, sadiq ol, haqqı nahaqın ayağına vermə, oğlum. Bu mənim həyat devizimdir. Sənin də həyat devizin olsun...

      Bir dəfə təlimdə idim. İsti yay günlərindən biri idi. Bir qurtum su içib, dincəldik. Sonra bərk külək əsməyə başladı. Külək əsdikcə təlim meydançasındakı bayrağımız elə dalğalanırdı ki, baxdıqca qürurlanır, köks ötürürdüm... Elə bil dəniz kükrəyirdi, elə bil böyük bir dalğa özünü sahildəki qayalığa çırpırdı. Bu səhnə uzun müddət mənim hafizəmdən çıxmadı. Bunu unutmadığım üçün sənə deyirəm, oğlum, məni həmin andakı bayrağımız kimi  xatırla...

     Bir dəfə də qızım mənə sual verdi ki, ata nə vaxt evə qayıdacan? Nə vaxt təqaüdə çıxacaqsan? Həmişəlik bizimlə birlikdə olacaqsan? Bu sual məni çox təsirləndirdi. Onda mən qızıma belə cavab verdim: "Qızım hərbçilər təqaüdə çıxmaz, onlar şəhid olarlar...” Bilmirəm, bəlkə də belə cavab verməməli idim, ancaq o an içimdə belə gəldi...

     Sizi dünyagörüşlü, savadlı, vətənini, xalqını, torpağını sevən bir vətəndaşlar kimi, vətən övladları kimi görmək arzusundayam, oğlum. Bilirəm, bu arzuma da çatacam. Bu arzum da gerçək olacaq. Buna o qədər əminəm ki... İndidən sevincimin həddi-hüdudu yoxdu...

    Söz verdiyim kimi, hər qış sizi xizək sürməyə aparırdım, bu qış apara bilmədim. Bu qış bir az soyuq oldu, deyilənə görə qar uçqunu ola bilərdi, bu qış olmadı, gələn qış, oğlum, gələn qış mütləq sizi xizək sürməyə aparacam... Sizi məktəbə yola salanda həmişə ayaqqabınıza, üstünüzə diqqət etməyimi müəllimləriniz də sezib. Bacılarının çantasını özüm aparırdım, sən də bacılarına kömək elə, onların çantasını çiyninə al, oğlum... Səhəttinizə fikir verin, sağlamlığınızı qoruyun, dualarım həmişə sizin üstünüzdədi, unutmayın...

    Tez-tez dinlədiyin bir mahnı var, sözlərini əzbərləmişəm. Bax gör necə mahnıdı, inanıram ki xoşuna gələcək:

Gün gidende ay gelende gel oğlum
Cihan yanar sen gülende gül oğlum
Bir yol vardır hakk yoludur bul oğlum
Yeri bilmek göğü bilmek bil oğlum

Çabuk büyü çabuk yetiş tez oğlum
Çakal gezen şu dağlarda gez oğlum
Çabuk büyü çabuk yetiş tez oğlum
Hayin gezen şu dağlarda gez oğlum

Gez oğlum
Vatanına göz dikeni ez oğlum.!
Dostun kim düşmanın kim sez oğlum
Tarihini şerefinle yaz oğlum
Yaz oğlum.!

       Hərdən mənə elə gəlir ki, mahnının sözlərini özüm yazmışam. Həm də sənə ithaf etmişəm. Gör nə deyirəm, tez böyü, tez yetiş, bu dağlarda gəz oğlum. Bu dağlar sənin Vətənin, sənin elin, sənin yurdundu...

       Laçındayam. Özüm də bilmədən tarixin bir parçası oluram. Tarixin həm özünə, həm özüm tarixə çevrilirəm. Bunu sonra biləcəksən, oğlum, bu barədə sənə danışmaq istəmirəm. Özün hər şeyi biləcəksən, darıxma... Hər günün öz şanı, öz şərəfi, öz duyğusu var burada. Yaşadıqca, bu şanı, bu şərəfi, bu duyğunu xoşbəxt oluram. Mənim xoşbəxtliyim qartal kimi qanad açıb Vətənin hər yanına çatır, bu xoşbəxtliyi necə izah edə bilərəm ki...? Məncə izah edə bilməyəcəm, ancaq bunu duyacağına əminəm, oğlum...

    Sənin ilk addımlarında yanında olmasam da, addımlarını görürəm, sənin addımların mənim ürək döyüntələrimi artırır, mən də addımlayıram səninlə, sənin addımlarınla ölçürəm addımlarımı...

      Hələlik onu deyim ki, mənə bir sözün olsa, göylərə bax, mən ordayam, buludların arxasında, səni yaxşı eşidirəm, bir sözün olsa, de, çəkinmə, sənə buludlardan xəbər göndərəcəm, küləklər öpəcək mənim əvəzimdə səni. Mən indi torpağam, buludam, dağam, çayam, Vətənəm, oğlum. Mən indi sənin adınla çağrılıram, sənin gözlərinlə görürəm, sənin səsinlə danışıram...

     Hələlik bu qədər. Gəlmişəm deyim ki, bu dağın o üzü də bizimdi. Bu dağın o üzü də bizim yurddu. Bu dağı aşıb gəlmişəm... Sənə bir ovuc torpaq da gətirdim, bütöv Azərbaycanın bir ovuc torpağını...Bütövlüyümüz mübarək, oğlum!

 

 


4764 oxunub

InvestAZ