İkinci Dünya müharibəsindən yarım əsrdən çox bir vaxt keçib, amma
vurduğu yaralar hələ də ağrıdır. Analar oğul, qadınlar ər yolu gözləyə-gözləyə
ömrünü başa vurdu, indi də baba yolu gözləyən nəvələr var. Bəli, müharibə
bitir, dərdləri isə bitmir... Onun gözlə görüməyən, dilə gəlməyən o qədər
ağrı-acısı var ki... 30 ilə yaxın işğal altında olan doğma yurd yerlərimizin əsirlikdən
azad olunması hər bir Azərbaycan vətəndaşının fəxr, qürur yeri oldu. Son zamanlar
ermənistan ordusu tərəfindən artan təxribatlar, sərhəd boyu rayon və kəndlərimizin
atəşə tutulması, bu zaman dinc əhalinin hədəf götürülməsi xalqımızın səbrini
tükəndirdi. 2020-ci il, 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri,
Prezident, Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyilə başlanan və 44 Gün
davam edən müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ən müasir
silah, çevik hərbi texnikaya malik və peşəkar hərbi qulluqçuların olduğu rəşadətli
Azərbaycan Ordusu işğalçıları doğma Qrabağ torpaqlarından qovub çıxartdı. Dövlət
və xalqın sarsılmaz birliyi, mütəşəkkil və peşəkar Azərbaycan ordusunun şücaəti
sayəsində torpaqlarımımz öz əzəli sahibinə qovuşdu. Noyabrın 10-u Azərbaycan
tarixinə qızıl hərflərlə yazıldı. İndi
artıq o doğma torpaqlarda uğurla tikinti-quruculuq işləri aparılır, yollar çəkilir,
şəhər və kəndlər abadlaşdırılır. Torpaq da sevinir, insanlar da...
...İlahi
özü yazıb türkə qalib qisməti,
Istiqbalı,
zəfəri, bu şanı, bu şöhrəti.
Dağıldı
zülmün evi, qurmağa mehr-ülfəti,
Doğma
yurd-yuvamıza-Qarabağa gəlmişik!...
Vətənin
azadlığı uğrunda canından keçən heç kəs unudulmur. Torpaq su ilə qarışanda
palçıq, qanla qarışanda isə vətən olur. Qarabağda da hər qarış torpaq uğrunda
qanlı döyüşlər getmişdir. Ermənistan ordusu ordumuzun qüdrəti, əsgərlərimizin cəsarəti
sayəsində darmadağın edilərək torpaqlarımızdan qovulmuşdur...
Azərbaycanın
hər yerindən mərd oğullar çıxdı meydana, düşmən bağrı dəldi, yağı gözü tökdü.
Şir kimi, pələng kimi atıldı döyüşlərə. Şəhid oldu, qazi oldu!.. Nəticədə
torpaqlarımız erməni vandallarından təmizləndi... Mən Sabirabad rayonundan
döyüşlərə qatılaraq şəhidliyə ucalmış 44 şəhidin ailəsi ilə görüşmüş və onların
şərəfli ömür yolunu əks etdirən esselər yazmışam. Bunlar mətbu orqaqnlarda dərc
edilib, oxunub və hazırda kitab halında çapa hazırdır.
Bu
gün sizə tanıdacağım gənc Əlizadə Elməddin Sübhi oğlu da Azərbaycanın haqq
savaşında şəhidlik zirvəsini qazanmışdır. Elməddin, Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub boya-başa çatmışdır. Biləsuvar
rayonu deyəndə yadıma Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşür. Erməni
postlarına təkbaşına hücum edərək onları vahiməyə salan, çoxlu sayda düşmən əsgərinə
ölüm hökmü verən və özü də müqəddəs şəhidlik məqamına qalxan Mübariz
İbrahimov!.. O zaman mən də Əliabad kəndinə-qəhrəmanın doğulub böyüdüyü kəndə, ailəsi ilə görüşə getdim. Ağakərim
kişi ilə, Şamama xanımla görüşdüm, Mübarizin igidliyinin, hünərinin köklərini
öyrəndim. Sonra "MÜBARİZ” poemasını qələmə
aldım. Azərbaycan torpağı özü müqəddəsdir, ulu Yaradan ondan heç nəyi əsirgəməyib,
onun yeraltı və yerüstü sərvətləri ilə yanaşı, milli qürur mənbəyi olan cəsur
oğulları da vardır...
Torpağı
vətən edən oğullardan biri idi Elməddin. Elə doğulduğu Zəhmətabad kəndi də
Əliabadla qonşudur. Kənd camaatı bir-birini yaxşı tanıyır, xeyiri-şəri bir yerdə
yola verirlər. Bir ailənin kədərindən hər kəsə pay düşür. Bu iki ünvan indi Biləsuvarda
hər kəsin tanıdığı məkandır.
Elməddin 1997-ci il, mart ayının 3-də anadan
olub. Dörd uşaqlı ailənin ikinci övladı olan Elməddin, 2003-cü ildə Ənvər Rəhimov
adına Zəhmətabad kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 2014-cü ildə
məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. 2015-ci ilin payızında həqiqi hərbi
xidmətə çağırılmış və əsgərliyini
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən "N”saylı hərbi hissədə, kəşfiyyatçı
kimi başa vurmuşdur. 2016-cı il Aprel döyüşləri zamanı general Polad Həşimovun
komandanlığı altında kəşfiyyatçı kimi döyüşmüşdür. Lələtəpə yüksəkliyinin
alınmasında xüsusilə fərqlənmişdir...
Elməddin
Əlizadə 2016-cı ilin iyul ayında hərbi
xidmətini başa vurub geri-ailəsinin yanına dönür. Bir müddət sonra Bakı Tikiş fabrikində, hərbi geyim
formaları tikilən sexdə işə başlayır. İşində fərqlənir, ona görə təhsilini, təcrübəsini
artırmaq üçün Türkiyəyə ezam olunur. Azərbaycanın haqq savaşı başlayarkən
qardaş ölkədə olsa da, vətən məhəbbəti, düşmənə olan sonsuz nifrət Eləmddini
sakit buraxmır. O, təcili vətənə dönür və Müdafiə Nazirliyinə döyüşlərə könüllü
qatılmaq üçün ərizə ilə müraciət edir. Az keçmiş ərizəsinə müsbət cavab alır.
2020-ci il, oktyabr ayının 1-də Biləsuvar Rayon Hərbi Komissarlığından cəbhəyə
yola düşür. Xüsusi Təyinatlı Qoşunlara aid məşhur 052 saylı hərbi hissənin əsgərləri
ilə birgə döyüşlərə başlayır. Ağdamdan başlayan döyüş yolu sonra Füzuli və
Xocavənddən keçir. Döyüşlərdə kəşfiyyatçı olan bu igid oğlan, düşmən mövqülərini
vaxtında aşkar edir və komandanlığa ötürürdü. Döyüş yoldaşları ilə birgə yeri gələndə
mənfur düşmənlə əlbəyaxa döyüşlərə girir, yaralı yoldaşlarının köməyinə də
yetirdi... Döyüşlərdə həmişə öndə olurdu, yoldaşları ehtiyatlı olmağa çağırsa
da, o çılğınlığından əl çəkmirdi. "Məni düşündürən bu vətənin, torpağın
taleyidir. Bu yolda şəhid olmaq yalnız şərəf olar mənə...” deyirdi...
Qanlı
döyüşlər bir-birini əvəz edir, torpaqlarımız azad olunduqca sevincdən Elməddinin
də ürəyi sinəsinə sığmırdı. Amma qarşıda Qarabağın tacı, Azərbaycanın üzüyünün
qaşı Şuşa vardı hələ... O şəhər ki, ora gedən bütün yolları düşmən öz nəzarətində saxlayırdı. Şuşa uğrunda
döyüşlər tam başqa olacaqdı, bunu hiss edirdilər. Xüsusi Təyinatlı cəngavər
oğullar Şuşaya kanatlarla qalxacaq, sıldırım dağ yollarını dişləri-dırnaqları
ilə qət edəcəkdilər... Ermənilərin elə keşik çəkdikləri postlarda başlarının
üstünü alacaq, "səssiz-küysüz " şəhərə daxil olacaq və qala divarlarına böyük hərflə
"qələbə "yazacaqdılar!.. Amma bu qansız olmayacaqdı əlbəttə... Müharibə
başlayandan ağır və qanlı döyüşlərin iştirakçısı olmuş Elməddin, Şuşanın
azadlığı üçün həyəcan keçirirdi. Hər bir hazırlıq görülmüş, döyüşçülər sonadək
təlimatlandırılmışdı...
06 noyabr
2020-ci il.., həmin gün Elməddin evə zəng vurur, ata-anası ilə danışır, amma əslində
sanki vidalaşır:
-"Mənim telefonuma iki-üç gün zəng çatmayacaq,
narahat olmayın.., enerjisi yoxdur...”-deyir.
8
noyabr 2020-ci il... Döyüşlər artıq Şuşanın içində gedir. Ermənistan ordusu məğlubiyyətin
acısını yaşayır, düşmən silah-sursatıyla bərabər papağını da döyüş meydanında
qoyub qaçır. Qəfil çiynindən güllə yarası alan Elməddini yoldaşları kənara çəkir,
tibbi yardım göstərilir. Amma o yenidən özünü irəli atır, döyüşə girir və bu
zaman snayperdən açılan atəş nəticəsində ən ali məqama yüksəlir... Elməddin qələbəyə
saatlar, dəqiqələr qalmış şəhidlik şərbətini içdi, amma gözlərini bu dünyaya
yumanda rahat idi, çünki uğrunda döyüşdüyü torpaqların bir daha yağı əlinə keçməyəcəyinə
əmin idi...
Qisas
qiyamətə qalmadı, Allah,
Yurdun
üzüyünün qaşı alındı.
Şad xəbər
gətirdi açılan sabah,
Sevin, Azərbaycan,
Şuşa alındı!...
Əlizadə Elməddin Sübhi oğlu 09 noyabr 2020-ci ildə doğulub böyüdüyü
doğma Zəhmətabad kəndində dəfn edilmişdir. Ölümündən sonra "Vətən uğrunda” və
"Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
...Şəhidlər, bu yurdun başı üzərində daim
dalğalanacaq azadlıq bayraqlarıdır. Uğrunda can qurban verdiyiniz vətən sizi
heç vaxt unutmayacaq. Qarabağda qanınnız çilənən daş da göyərəcək, çəmən də çiçəkləyəcək.
Vətən göylərində ruhunuz azad dolaşacaq daha...
Atası ilə söhbət edərkən nə qədər sarsıntı
keçirdiyini hiss edirəm. Deyir, gənc oğul itirmək asan deyil, əlbəttə, dözmək çətindir.
Amma bir təsəllimiz var, o da Qarabağın azadlığı, Azərbaycanın tarixi ərazi
bütövlüyünün bərpa olunmasıdır. Allah dövlətimizi və xalqımızı qorusun. Düşmənlərin
baş qaldırmasına bir də imkan vermək olmaz... Təki Vətən yaşasın!