XƏBƏR LENTİ
24 Oktyabr 2021
23 Oktyabr 2021
22 Oktyabr 2021



Həzi Həsənli yazır: - Kökümüz Vətəndir bizim...
YAZARLAR 11:58 / 17.09.2021

                   

         

 Dünyaya gözümü təbiət qoynunda açmışam. Uşaqlıq illərim dünyanın ən gözəl məkanlarından, dilbər guşələrindən biri olan Borçalının Faxralı elində, təbiət qoynunda keçib. Doğma Azərbaycanımızın gözəl guşələrinə səyahət etdikdə də gördüklərim, duyduqlarım məni uşaqlıq illərimə qaytarır. Uşaqlıq illərinin xatirələri xəyallarımda cövlan edir. Həqiqətsiz xəyal olmasa da,  yenidən o duyğularla yaşamaq mümkünsüzdür.

   İllər bir – birini əvəz edir və mən təbiətə daha çox bağanıram. Fərqi yoxdur, yaz, yay, payız, qış – ilin bütün fəsillərində təbiət məni öz qoynuna səsləyir. Deyirlər, insan yaşa dolduqca torpağa daha yaxın olmağa can atır. Bu, doğrudan da beləymiş...

  Yaradıcılıq  eşqi, görmək, gəzmək həvəsi bu yaşımda da məni davamlı şəkildə təbiətin qoynuna səsləyir. Ürəyimin fərəhi, sevinci böyük olanda, arzularım məcrasına sığmayanda şəhər həyatı mənə darlıq edir və dağlara üz tuturam. Gözəl şairimiz Eyvaz Borçalı demişkən:

Mən qərib deyiləm, qəribsəmişəm,

Salam, a zirvələr, salam, a dağlar!

Sizə atam, anam, balam demişəm,

Gəlmişəm, balanız olam, a dağlar!

 

Yığıb gözlərimə boyalarını,

Ananda bəzəyə royalarını;

Əlimlə oxşayıb qayalarını

Yanında daş olub qalım, a dağlar!

 

   Hələ uşaqlıq çağlarımıdan kürəyimi qayalara, dağlara, ürəyimi qarlı zirvələrə, barlı bağlara verdiyimdən, ömrümün bu çağında da dağlar – bağlar qoynunda gəzməkdən yorulmuram, təbiətdən ayrı qala bilmirəm. Üstəlik, isti yay günlərində dağlara, bağlara çəkiləndə, dəniz gəzintisində olanda insan dinclik tapır... Bu yay Xəzərin sahilində və Vətənimizin dilbər guşələrində istirahət günlərimi mənalı keçirməyə çalışdım. Doğrudan da:

" Kökümüz Vətəndir bizim,

  Kökdən qopan tez soluxur...”

   Azərbaycan təbiətinin misilsiz gözəlliyi var. Ulularımızın gəzdiyi obaları – oymaqları gəzmək, təbiət gözəlliklərini  seyr etmək arzusu ömürboyu yol yoldaşım olub. Səfərlərimin bəzi məqamları mətbuatda işıqlandırılıb, bəzi məqamları da ömür vəfa etsə, zaman – zaman işıq üzünə çıxacaq, inşaAllah.

  Bu günlərdə Şirvan bölgəsinə səfərimiz zamanı ilk ziyarət etdiyimiz müqəddəs ünvan Diri Baba türbəsi oldu. Orada Nasim adlı bələdçi ziyarətə gələnlərə  bu abidənin adının mənşəyi barədə bunları dedi:

-      Bu abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin Sufi Şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirirmiş. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur. Lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün "diri qalır”. Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya Diri Baba türbəsi adı verilir.

 XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səyahət edərkən, Diri Baba haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanasına mehman olduq. Pir "Mərizat” adını daşısa da, əhali arasında "Pir Mərzə”, "Pir Mirza” da adlanır. Amma səhihi "Pir Mərizat”dır, yəni "Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin "Mərizat” sözü fars danışıq dilində "bükülmüş” mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır...”

    Abidə kompleksi ziyarət etdikdən sonra  Xilmilli, Sündü, Mədrəsə və s. kəndlərlə tanış olduq. Bu kəndlərin hər birinin fərqli xüsusiyyətləri var. Bir zamanlar Xilmillinin şöhrəti geniş yayılmışdı. Amma bu dəfə burada əhalinin susuzluq probleminin olduğuna çox təəssüfləndik. Sündü kəndi haqqında isə gələcək yazılarımda ayrıca söhbət açacağımı düşünürəm. Bu, bir növ mənə Xınalıq kəndini xatırlatdı. Mədrəsə kəndi də yaşıllığı, saf havası ilə diqqətimi çəkdi. Orada iş görən zəhmət adamları  ilə salamlaşdıq, görüşüb hal - əhval tutduq. Xoş ünsiyyətimiz zamanı bizə bir – iki salxım üzüm verib dedilər ki, bu yerlərin üzümünün bir başqa tamı var. Bu, doğrudan da beləymiş, Şirvan torpağının üzümündən daddıq, ağzımız dada gəldi. Ağzınız şirin olsun!..

  ... Biz səyahətə dostum Hacı Vahid Hüseynovla birlikdə getmişdik. O, Diri Baba türbəsi haqqında  bəzi maraqlı bilgilərini danışmışdı. Hacı məni özünün doğulub  boya – başa çatdığı Şirvan bölgəsinə qonaq aparmışdı. Onun ata yurdu Qobustan rayonunun Cəyirli kəndindədir. Hal – hazırda özü Bakıda yaşayıb işləsə də ürəyi doğulduğu yurda daha çox bağlıdır. Vaxtaşırı ata yurduna baş çəkir, əzizlərinin xatirəsini yad edir, onların  ruhunu şad edir.  Ata – anasının ruhu qarşısında öz oğulluq borcunu yerinə yetirir. Hələ səfərə çıxmazdan əvvəl demişdi:

-      Həzi müəllim, son vaxtlar bir sıra səyahət yazılarınızı oxuduqdan sonra qərara aldım ki, bir dəfə də bizim yerlərə ziyarət edək. Həm təbiət qoynunda gəzərik, həm də gördüklərinizdən yazarsız...

Maşınımız irəlilədikcə yolboyu mənzərələri seyr edirdim. Birdən Vahid maşınının maqnitofonunu işə saldı. Aşığın könüloxşayan "Kərəm Gözəlləməsi” üstündə oxuduğu şeir də lap yerinə düşdü:

Könül, bir müqəddəs Vətən eşqinə,

Dur gəzək Muğanı, Miliynən belə.

Hənirtiyə turac qalxsın yuvadan,

Çolpasıynan belə, çiliynən belə.

 

Muğanda bağ salaq, Mildə gül əkək,

Lənkaranda limonlu çay dəmləyək.

İmkan olsa, Təbrizə də baş çəkək,

Axan Xan Arazın seliynən belə.

 

Tez ol, çataq Qarabağın bəhsinə,

Ana laylasıtək xoş nəfəsinə,

Qulaq asaq Xanın şikəstəsinə,

Ucalaq Cabbarın ziliynən belə.

 

Qəmkeş, çöldə çoban çalsın tütəyi,

Ayılsın yuxudan dağlar mələyi,

Başında həcərin ismət ləçəyi,

Özünün qeyrətli eliynən belə.

  Vahid də yolboyu doğulduğu, boya – başa çatdığı bölgənin zəngin tarixindən söz açır,   burada yaşayan insanların mədəni – mənəvi həyatından, Şirvan torpağının yetirdiyi adlı – sanlı adamlardan, şahidi olduğu, eşidib bildiyi əhvalatlardan həvəslə danışırdı. Həm dostumun söhbətlərindən, həm də viki mənbədən oxuduğum məlumatlardan bildim ki, Cəyirli kəndi Qobustan şəhərindən səkkiz kilometr şimal-qərbdə, Şamaxıdan isə 25 km şərqdə yerləşir.

   Vaxtilə bu kənddə üzümçülük yüksək inkişaf etdirilimişdi.  Hazırda ancaq dəmyə taxılçılıq  üstünlük təşkil edir. Kənddə qoşa palçıq vulkanı mövcuddur. Burada mülayim iqlimli yay, çox sərt qış olur. Yazı və payızı yağıntılı keçir.

    Cəyirli kəndində 1993-cü ildə Qarabağ uğrunda canlarından keçmiş Şəhid Ayaz Quluyev və Şəhid Rasim Hüseynov adına iki məktəb (orta və əsas) vardır. Ümumiyyətlə, birinci və ikinci Qarabağ uğrunda döyüşdə bu torpaq on şəhid vermişdir. Kəndin girəcəyində Cəyirli şəhidlərinin xatirə kompleksini ziyarət etdik. Hacı Vahid şəhidlərin ruhuna dualar oxudu.

    Cəyirli səfalı kənddir. Camaatı da səmimi, mehriban və qonaqpərvərdir. Bu kənd Şirvan aşıq məktəbinin beşiyi adlanır. Bir çox Şirvan aşıqlarının ustadı olmuş Aşıq Abbas Söhbətov bu kənddə yaşamışdır. Tanınmış Şirvan aşıqları Aşıq Məmmədağa Babayev, Aşıq Barat bu kənddə doğulmuşdur.Ümumiyyətlə, bu kənddə həmişə aşıq və muğam sənətinə böyük maraq olmuşdur. Yeri gəlmişkən, bu kəndin yetirməsi, gənc Anar Kərimli də bu gün  saz sənətini ləyaqətlə yaşadır. Ona bu yolda uğurlar diləyirik.  

  ...Qobustanın və Şamaxının bir sıra kəndlərini gəzib dolaşdıqdan sonra Cəyirli kəndinə, dostumun bacısıgilə gəldik. O, gülərüz və xoşxasiyyət  bir evdar xanımdır. Gəlişimizdən məmnun olub bizi gülərüzlə qarşıladı.

-      Bizim yerlərə xoş gəlmisiniz, - dedi.

Sonra da süfrə açdı, bişirdiyi təamlara və dəmlədiyi kəkotulu samavar çayına bizi qonaq etdi. Bilsəniz, necə ləzzət verir, Cəyirlinin yamaclarında bitən kəkotudan dəmlənmiş samovar çayı?!.

   Elza bacı həyatın acısını – şirinini dadmış ana, həm də cəfakeş nənədir. Gənc yaşlarında rəhmətə getmiş iki oğlunun kədəri ilə yaşadığı sifətindəki nisgilli ifadədən hiss olunur. Bu dərd ana ürəyinin ən gizli nöqtələrində qərar tutub. Üçüncü oğlunun həyat yoldaşı isə lap erkən – 25 yaşında rəhmətə gedib. İndi beş nəfər körpəcə qız uşaqları  Elza nənələrinə həm də analıq mehri ilə bağlanıblar. Mehrə bax, qəhrə bax, ilahi!

  Balaca Rüqəyya, Bətul və digərləri  Elza nənələri ilə nəfəs alır, başına pərvanə kimi dolanırlar.  O, bu gün öz sevinci, fərəhi, ağrı – acıları ilə nəvələrinin əhatəsində ömr edir. Üzüntülü dərdin- qəmin içində anadan və atadan  yetim qalan bənövşə boylu  balaca beş qız nəvəsinə həm ana, həm də nənə olmaqla, onları özü üçün Tanrı töhfəsi sayır. Şair sanki bu şeiri Elza bacının keşməkeşlərlə dolu taleyinə ithaf edib:

Gözlərimdə göz yaşımın dəryası,

İsmətimdə həsrət, hicran səhrası.

Kiçildikcə köhnə dərdin sırası,

Yeni dərdin sıraları görünür.

 

Tənələrnən çox başımı qatdılar,

Öyüdlərnən qollarımı çatdılar.

Qəlbimi yüz yerə bölüb atdılar,

Ayaq altda paraları görünür...

 

 ...Doğrudan da kasıbın ürəyi böyük olur. Artıq Bakıya qayıtmağa hazırlaşanda Elza bacı kəndin nemətlərindən ibarət payımızı da gətirib maşına qoymuşdu. Bundan imtina etsəm də, Elza bacı təkid etdi. Hələ üstəlik özünün  yüksək zovqlə tikdiyi iki ədəd balaca güllü döşəkçəni də hədiyyə edib dedi:

-      Qardaş, eşitmişəm ki, şair təbiətli insansınız. Vaxtaşırı təbiət qoynuna çıxırsınız. Bu güllü döşəkçələri sizə bağışlayıram ki,  dostlarınızla təbiət qoynunda dincələndə bu döşəkçələrə dirsəklənib təbiəti seyr edəsiniz, rahatlıq tapasınız...

     Əlbəttə, bu söhbətlər zaman  - zaman könlümdə şeirə, sözə çevriləcək. Hələliksə bu sözləri deyib, Elza bacı ilə xudahafizləşdik:

-      Payın çox olsun, Elza bacı! Süfrənin bini – bərəkəti tükənməsin.

Beləcə, əziz oxucum! Bu səfərdə də bizə qalan gözümüzün gördükləri və könlümüzün duyduqları oldu...

       

   


7213 oxunub

InvestAZ