XƏBƏR LENTİ
04 Dekabr 2021
03 Dekabr 2021
02 Dekabr 2021



“Qiraət zamanı şeiri yaşamaq, hiss etmək lazımdır” - MÜSAHİBƏ
MÜSAHİBƏ 11:28 / 16.09.2021

Həmsöhbətimiz gənc yazar, qiraətçi Turanə Şıxəliyevadır.

-Səs var deyə qiraətçi ola bilər yanaşması yanlışdır. Əslində, səsləndirəndə müəllif kimi o şeiri duymalısan. Bir növ özün də yenidən şeir yazırsan. Necə düşünürsünüz?

- Tamamilə razıyam.Səsin gözəl olması heç də gözəl qiraətçi olmağımıza təsir etmir. Düşünürəm ki,qiraət zamanı şeiri yaşamaq, hiss etmək və ən önəmlisi onu anlamaq lazımdır.Nədən bəhs etdiyi dərk etmədiyimiz cümlələri dinləyiciyə çatdıra bilmərik.Ümumiyyətlə qiraətlə məşğul olmaq həm zövq verir ,həm də çox məsuliyyətli işdir.Bir yazıçının,şairin bütün qəlbini verərək ərsəyə gətirdiyi möcüzəsi sənin səsində,nəfəsində canlanır və bunu aliləşdirmək də,adiləşdirmək də sənin əlindədir,məsuliyyəti sənin çiyinlərindədir.

-Qiraət sahəsində özünüzü daha böyük səhnələrdə sınamaq fikriniz yoxdur?

-Qiraət sahəsində özümü daha böyük səhnələrdə sınamaq fikrim var. Lakin buna öncə özüm inanmalıyam ki,artıq mən bu məsuliyyəti daşıyacaq gücdəyəm.İlk addımım isə Ağdaş Regional Mədəniyyət İdarəsi və ARB telekanalının Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Sözün sehri" müsabiqəsi olacaq.

-Ağdaşda Bilik fondunun tabeçiliyində olan"Toxuculuq və xalçaçılıq” dərnəyinin rəhbərisiniz. Hazırki dövrdə bunu sənət kimi qorumağın, əlavə dərnəklər yaratmağın, maliyyə ayırmaq və.s hansı zərurətdən doğur?

- Ağdaş Heydər Əliyev Mərkəzində bir çox kurslar təşkil olunur. Onlardan biri də "Toxuculuq və Xalçaçılıq"dır. Ucqar kəndlərdə elə xanımlar var ki,onlar hansısa bir ixtisasa yiyələnə bilməyiblər və bir peşəyə sahib olmaq istəyirlər. Onlar toxuma peşəsini öyrənərək həm öz maddi durumlarına dəstək olurlar , həm də bu bizim qədim zamanlardan qalma ən gözəl peşələrimizdəndir. Azərbaycan xalqı dünyanın hər bir yerində əl bacarığı,qabiliyyəti ilə seçilir.

-Öz ixtisasınız ibtidai sinif müəllimliyidir. Müəllimlikdən imtina və bu sahəyə keçid. İbtidai sinif müəllimliyi çətin gəldi, ya hazırki işinizə olan həvəs?

- Əslində düşünürəm ki, incəsənət sahəsində çalışmaq üçün təkcə bu sahəsinin təhsili almaq gərək deyil. Mənim incəsənətin hər sahəsinə həvəsim böyükdü və bu sahəyə yönəlməyim də böyük sevgimdən, həvəsimdən doğdu. Hər bir sahənin mütəxəssisini məhz elə ibtidai sinif müəllimlərinin yetişdirdiyini,onların istiqamətləndirdiyini,sevdirdiyini düşünsək bir ibtidai sinif müəlliməsinin özünün incəsənətə meyl etməsi məncə yanlış sayıla bilməz.

-Pandemiya dövründə bu kimi işləri necə yoluna qoyursunuz? Hər halda toxuculuq, rəqs sahəsində onlayn fəaliyyət qəribə gəlir adama...

- Təəssüflər olsun ki, pandemiya bizimdə bir çox işlərimizə maneçilik törətdi. Ancaq yarıda qoyduğumuz işləri yenidən tamamlamaq üçün bütün gücümüzlə çalışacağıq.

- Bu arada həm də rəqsdən də təlimlər keçirsiniz. Qiraət, toxuculuq, rəqs...Tam fərqli sahələr. Bu insan potensialını yarımçıq qoymaz?

- Əslində fərqli sahələr deyil. Musiqini duyaraq sözün sehrinə düşə bilməyi bacaran insan üçün ilmələrlə yenilik ərsəyə gətirmək çox maraqlı olur.Düşünün ki, bəzən bir musiqi dinləyərkən hansısa şeiri özüm üçün səsləndirən zaman hansısa bir əl işi ,naxış hazırladığım zamanlar olub.Ya da milli ritmlərin hərəkətini edərkən o muqisinin ruhunu duyaraq cızma-qara etdiyim olub. Qısacası bacarıq və incəsənətin heç bir sahəsi bir-birindən əlaqəsiz deyil mənim üçün.

-Öz şeirlərinizdən çox başqalarının şeirlərini səsləndirirsiniz. Öz şeirlərinizə olan ögeylik nə ilə bağlıdır?

-Şeirlər yazıram. Daha doğrusu bəzən insan dilinə gətirə bilmədiyi və ya kimləsə bölüşə bilmədiyi hissləri kağız üzərinə köçürür. Mənim şeirlərimdə bu səpkidədir.Ögeylik deyil də,bəlkə elə doğmalıqdan və mənə,mənim öz dünyama məxsusluğunu itirməsin deyə gizlində saxlamağa üstünlük verirəm.

Söhbətləşdi:Emin Piri


3552 oxunub

InvestAZ