XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022



Əlisəfa Azayev : - İNAM, ÜMİD KÖRPÜLƏRİ
Ədəbiyyat 12:54 / 27.08.2021

                                                                                     Əlisəfa Azayev

                            İNAM, ÜMİD KÖRPÜLƏRİ

 

Paytaxtımıza hər gəlişimdə istər-istəməz, böyük dramaturqumuz Cəfər Cabbarlının "Firuzə” hekayəsini xatırlayıram... Və özümdən qeyri-iradi sual edirəm! "Bu uğurları görən yoxdur?!”. Əlbəttə, mən yaradıcı insanları, publistika sahəsində kəsərli qələmi olan jurnalistlərimizi, söz sərraflarımızı nəzərdə tuturam. Öz –özümə hesabat verirəm və düşünürəm:” Bu da bədii ədəbiyyat deyil ki, yaranması üçün illəri gözləsin. Cəbhə hakimiyyəti vaxtı Zakatalada Şeyx Şamilə bir abidə qoyulmuşdu, qazetlər, radiolar, televiziya.!. Bir sözlə bütün informasiya vasitələri bir səs-küy qaldırmış, canlılıq yaratmışdılar ki...

İndi isə, nəinki Bakı şəhəri, bütün Respublikamızın siması dəyişir... Nəinki qələm sahibləri, dövlət sturukturlarında mötəbər vəzifə tutanlar da susur. Elə isə, bu inkşafı, yüksəlişi kim vəsf etməlidir, söz deməlidir?..”

Bu yerdə istər-istəməz bir fikiri xatırladım. Deyir ki, qədim zamanlarda müqəddəs binaları, sinaqoqoları, kilsələləri, məscidləri ona görə əzəmətli tikirdilər ki, onun kəndarına ayaq qoyanlar, İlahinin böyüklüyünü dərk etsinlər. Bu sözlərdə böyük bir həqiqət var.

       ... Dünya fəlakət anında Tanrıya üz tutduğu kimi, 1993- cü ilin o ağır günlərində də xalqımız öz qadir oğluna- Heydər Əliyevə üz tutdu. Bilavasitə onun təşəbbüsü ilə Türkiyə ilə Azərbaycan arasında sərhəddə Ümid körpüsü inşa olundu, salındı...

Bu gün isə meydan bizim, qadir iş adamlarımızındır. Bu sahədə prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi isə göz qabağındadır. Bakı şəhərimiz günü-gündən gözəlləşir, abadlaşır. O, bu gün əsl mənada böyük bir tikinti meydançasını xatırladır. Bunu alqışlayanlar da var, susanlar, gileylənənlər də. Gəlin etiraf edək ki, bu sahədə ki möhtəşəm işlərə sevinənlər, müstəqilliyimizin bu danılmaz uğurlarını alqışlayanlar daha çoxdur.

Bu gün tikilən saysız-hesabsız yaraşıqlı, uca, çoxmərtəbəli binalar şəhərimizə yaraşıq versələr də, təzə salınmış, inşa edilmiş körpülərin yeri tamam başqadı... Onlara baxdıqca, maşınla, piyada üstlərindən keçdikcə, sanki ruhun dincəlir, bir qürur duyur, qəlbimiz, sevinc, iftixar hissi ilə döyünür, millətimizin, xalqımızın böyüklüyünə hər birimizdə bir inam hissi yaranır. Bəli, biz hər şeyə qadirik!... Bu həm də sadəcə möhtəşəm, tikili deyil, birliyimizin, bütövlüyümüzün əsl simvollarından biridir... Bizi bu gün yaşadan, ilhamlandıran, Prezidentimiz ətrafında daha sıx birləşdirən dəyərlərimizə söykənən bir tikilidir... Əzəmət, ləyaqət nişanəmizdir...

Milli ornamentlərlə bəzədilmiş təzə körpüdən bu günlərdə böyük iftixar, qürur hissi ilə keçəndə, cənnət nişanəsi olan səkkizguşəli ulduzumuzu doğmaqda olan günəşin şəfəqləri altında parlayan görəndə, istər-istəməz təsirləndim... Nə gözəl!.. İstər Bakı şəhərimizdə, istərsə də rayon mərkəzlərində ucaldılan hər bir tikilimiz də qoy beləcə milli ornamentlər öz əksini tapsın.  Yurdumuza qədəm qoyan hər bir əcnəbi ilk baxışda hiss etsin ki, o, başqa bir yerdə deyil. Odlar Yurdunda – Azərbaycandadı...

Bu yerdə yazdığı şerə, tikdiyi binaya görə incidilən şairlərimiz, memarlarımız, mühəndislərimiz yadıma düşdü. Bəlkə də çoxlarının xəbəri yoxdu ki, Sovetin sərt senzura illərində yaşıl qələmlə resept yazdığı üçün neçə hakim mühakimə olunub... Bəli, o islamı təbliğata cəhddə təqsirləndirilib... Neçə memar, mühəndis isə elə səkkiz guşəli ulduz şəkilli ornamentə görə... İstər bağ saldığı, istərsə də bina tikildiyi üçün... O vaxtki DTK-nın zirzəmilərində bu səbəbdən neçə-neçə soydaşımız min bir əzab çəkib...

Bütün bunları düşündükcə fəxr edirsən ki, indi azad, müstəqil bir respublikanın vətəndaşısan. Azad söz, sənət... Qəlbində, əməlində nə varsa qoy ortalığa. Sənə kimdi dəyib-dolaşan?.. Ancaq səd heyf, sızağamı qaşıyıb, qan çıxartmaq həvəsində olanlar da var...

Hərdən o min-min trajlarla çıxan qazetlərə lap heyfim gəlir. Axı onlar öz səhifələrində yüngül bulvar ədəbiyyatına, ailə şəcərəsinə yol verincə, yaxşı olardı ki, bu günki yüksəlişdən, möhtəşəm işlərdən yazsınlar. Bilməmiş deyillər ki, böyük Cəlil Məmmədquluzadə hələ o illərdə yazırdı: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir”

Allah sənə qəni-qəni rəhmət eləsin Mirzə Cəlil... Doğrudan da bəzi "saqallı uşaqlarımız” bu gün yollarını çox azıblar. Böyüklük iddiasına düşüblər. Hətta dahilərimizi divana tuturlar. Səd heyf! Belələri yaxşı olardı ki, belə ucuz söhbətlərdənsə elə belə məclislərdə paytaxtımızdakı, eləcə də regionlardakı bu yüksəlişdən, abadlıq işlərindən söhbət açaydılar. Belə yerdə deyiblər də, Kefli İskəndərin yeri görünür... Bir də bir- dəli qanlının... Şapalaqlaya ha... Necə ki, cəbhə hakimiyyəti vaxtı haqqı-həqiqəti yazdığı üçün-jurnalist döyüldü, təhqir olundu, birbaşa studiyaya hücum edildi, televiziyadakıların üzünə tüpürüldü. Demokratiya bu idimi?

Bəzən, indi bir çoxları ehtiyyacdan, çatışmamamzlıqdan gileylənir. Millətin sıxıntı içində yaşadığını dilə gətirir... Belələri heç olmasa 1992-ci ili, cəbhə hakimiyyəti dövrünü yada salsınlar... Heç vaxt yadımdan çıxmaz, o vaxt Kürdəmir rayon Sovetinin təşkilat işi və daimi komissiyalar şöbəsinin müdiri işləyirdim. Səhər evdə bildirdilər ki, evdə çörək yoxdur. Mağazaya gedəsi oldum. Növbədə bəlkə də yüzdən artıq adam vardı. İş vaxtının başlamasına az qalmışdı. Hiss elədim ki, növbədə dayanmaq faydasızdı. Onsuz da gətirilən çörək az adama çatacaq. Qarşıya keçməyə də üzüm gəlmədi, vicdanım yol vermədi. Bilirdim ki, irəli keçib, çörək istəsəm satıcı da mənə bir söz deməyib, yola salacaq... Bəs bu insanlar,  onların gileyli baxışları?.. Bəlkə heç onlar da bir söz deməzdilər, sadəcə olaraq bu mənzərəni gördüyüm üçün ürəyim sıxıldı, keçib bir tərəfdə dayandım... Beləcə, ağır fikirlər aləmində idim ki, bir nəfərin aldığı üç çörəklə mənə yaxınlaşdığın gördüm. Təhkid etdi ki, həmin çörəkləri götürüm. Üzdən tanıdığım həmin adamı xatırladıqca indi də məni körpə uşaq kimi ağır bir kövrəklik tutur. Bəli, biz hər bir sahədə belə olmalı, bir-birimizə əl tutmalı, arxa olmalıyıq... Onda o qədər mütəəssir olmuşdunki...O kişinin çörəyinin pulunu verib-vermədiyimi xatırlamıram. Kaş o kişi ilə bir də qarşılaşaydım. Öz hərəkətləri ilə qəlbimdə özünə böyük bir mənəvi abidə ucaltmış o insanla bir daha qarşılaşsaydım, onu bir qardaş nəvazişi ilə qucaqlayar, əllərini necə də minnətdarlıq hissi ilə sıxardım!

Milli ruh... Bunu ilk növbədə özümüz yaşatmalı, başqalarına da nümunə olmalıyıq. Qarabağ dərdimiz, müsibətlərimiz, bu qədər qaçqın, köçkün, didərginimiz olduğu vaxtda, yaraşarmı bizə ki, çəkişək, vəzifə davası edək. Yox... O ağır günlərimizi yada salaq, unutmayaq. İnsan ona nəsib olan səadəti qiymətləndirməyi bacarmalıdır. Yoxsa böyük Allahın qəzəbinə gələ bilərik. Bu qəzəbə biz bir dəfə gəlmişik axı. Yoxsa unudulub o məşəqqətli günlər?!.Zazımı qədər qidalanmadığı üçün məktəblərimizdə şagirdlər taqətsizləşir, özündən gedir, təcili yardım maşınları çağırırdılar!.. Bütün bunların az-çox canlı şahidi olmuş bir adam kimi Xocalı faciəsini, Şuşanın təslim edilməsi, Kəlbəcərin işğalı ömrümün ən ağır anları hesab edirəm. Bu dəhşətlər bir mənim yox, minlərin, milyonların ürək ağrısı, faciəsi idi. İlahi, böyük bir xalq o günlər necə də sarsılmışdı! Səriştəsiz rəhbərlər isə kabinetlərdə bir-birinə külqabı atmaqda, silah qaldırmaqda idilər...

Əziz vətən oğlu, vətən qızı! Fəxr et ki, fəlakətli anlarda da xalqımız öz mərd oğluna- Heydər Əliyevə üz tutdu. Onun gəlişi, xilaskarlığı unudulmazdı! Qoy kim nə danışır danışsın... Dahilər mühakimə olunmurlar! Onlar öz ölməz işləri, əməlləri ilə həmişə özlərinə ölməzlik qazanmışlar. Azərbaycan durduqca Heydər Əliyev var olacaqdır!.. Öz işıqlı əməlləri, böyüklüyü ilə!.

Gənc dost! Heç vaxt unutma! Cəmiyyətimizdə ilk inam, ümid körpüsünün əsasını da o qoydu. Ağır, üzücü müharibəyə cəlb olunduğumuz bu münaqişədə o atəşgahı mail olmasaydı, təsəvvür edirsənmi, indiyə kimi necə say-seçmə oğullarımız öz həyatı ilə vidalaşardı? Mən səni qürur hissindən məhrum etmək, döyüş əhval-ruhiyəni əlindən almaq fikrində deyiləm. Həmişə beləcə mətin, hərbə hazır ol! Sadəcə olaraq reallığı xatırladıram. Nə qədər güclü, qüdrətli olsan da, düşdüyün vəziyyəti nəzərə al... Nəzərə al ki, o vaxt zamanın əqrəbləri bizim xeyrimizə işləmirdi. Düşmən arxalı, güclü idi. Bunu son döyüşlər, cəbhədəki uğursuzluqlar da göstərirdi. Bizə isə ilk növbədə daxili sabitlik, iqtisadi yüksəliş lazim idi. Belə ağır anlarda Heydər Əliyev qüdrəti öz işini gördü. Atəşkəsə nail olundu, əsrin neft kontraktı bağlandı. Sonra da xarici siyasətdəki uğurlar...

Bəli, bu gün o cismən böyük insan bizimlə olmasa da, mənən həmişə bizimlədir. Doğan parlaq günəşin qizli şəfəqləri, məğrurcasına dalğalanan aylı-ulduzlu üçrəngli al bayrağımız fonunda o həmişə bizimlədi, bizimlə də olacaqdır!..

Qoy onun qadir ideyaları, əməlləri prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da yaşasın, möhtəşəm olsun, iqtisadi yüksəlişimiz bundan daha sürətli olsun, xalqımızın firavan, gözəl həyatı, yaşayışı təmin edilsin. Gözəl, yaraşıqlı inam, ümid körpülərimiz daha çox olsun...

 

 

 

 


9362 oxunub

InvestAZ