XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Rəşid Faxralı : - Esselər kitabı haqqında esse
Ədəbiyyat 14:43 / 26.08.2021

Dünənlər tarixdi, bu gün də tarix olacaq. Dünənlərin də, bu günün də yaşanılmışlarının fəl­­səfəsinin dərki xatırlandıqca (eşidildikcə), yazıldıqca (oxunduqca) asanlaşır, gərəkləşir. Qə­də­min iz olacağına, izin cığıra, cığırın yola dönəcəyinə, sözün fikir, fikirin kəlam, kəlamın işıq, işığın köz, közün ocaq, əməlin çıraq, çırağın bayraq olacağına inamın səni bir boy da dikəldir. Bu da tarixdi – gümanın tarixi...

Ənvər Çingizoğlu tarixlə tarixi kəlmələşmələrinə gərəkli (və tarixi!) söz biçimi verir; bu esselər oxuyanın düşüncələrini tərpədir, sənə elə gəlir ki, oxuduqları (hadisələr) gözlərinin qabağındaca tarixləşir.

Ənvər Çingizoğlunun esselərini oxuduqca özünü şükranlıq namazı qılanların sırasında hiss edisən. Nəyin şükranlığıdı bu? – Tanrının xalqımıza verdiyi söz sərvətinin (folklorumuzun) şük­­ranlığıdı, bu sərvəti tütyə, sözü üzərrik bilənlərin (yazanların), sözə sədaqətinin şükranlığı­dı.

Şükranlığın işığı yaxşı əsərlərin, gərəkli əsərlərin süd anasıdı; bu işığın sehri-ovsunu yox­du, sehri-ovsunu göylərdən endirən, şirin-şirin dindirən işıqdı.

Ənvər Çingizoğlunun "Kim yaman?” kitabı sözlərin poetik düzümüylə gözəldi, nizamı-sı­rasıyla gözəldi. Dilimizin söz nəhrini xatırlatmasıyla gözəldi. Oxuyunca Dədə Qorqudun al­ğı­şını eşidirsən: "Surun yeriisin, Çingiz oğlu Ən­vər. Ad qoyanına rəhmət. Ömrünü Tanrı ver­sin!”. Nə gözəl alğışdı. Bu alğışın səslənişi də "Kim yaman?”ın hünəridi...

"Kim yaman?”ı oxuduqca Qurbanini, Qurbaninin möcüzə "Bənövşə”sini xatırlayıram. Dörd əsr əvvəl də yaz gəlincə kolluqları bənövşələr bürüyərdi, üzə duran kürlüyü,  sər­mənd­liyi, fəndgirliyi göz­dən-könüldən biryolluq kürüyərdi. O əyyamlarda da kolluqlarda bənövşə görən­lər, görüncə diz çöküb qoxusunu ciyərinə çəkənlər, bu qoxulamanı ruhuna salavat bilənlər, kol-kos qana bələsə də əl uzadıb dərənlər bilirdi ki, nə möcüzədi bənövşə. Ancaq bənövşənin duru­şunu kimsə Qurbani kimi duya bilməmişdi; Qurbaninin duyumu bu bənzərsiz duruşu bənzər­siz söz möcüzəsinə döndərdi. Çingiz kişinin oğlu Ənvər zamanında eşitdiklərinə, müşahidə etdik­lə­ri­nə, yetik olduqlarına Qurbaninin ulu (bəlkə də ilahi!) müşahidələriylə baxır. Ruhum xəyalən Ənvərdən soruşur: Belədirmi, Çingiz oğlu Ənvər, belədirmi? "Belədir” deməyə təvazökarlığı, "Belə deyil” deməyə insafı imkan verməyəcək.

"Kim yaman” məntiqi sualı "Kim güclüdür?” biçimində də  könlümcədi. Düşüncələri  tər­­pətdiyinə görə, ilkinin ("Kim yaman”ın) məntiqi davamı olduğuna görə.

Küm güclüdü? – tarix yaradanmı, tarixmi, qılınc tutanmı, qılıncmı, sözmü, söz yiyəsimi, ya­­­ğan yağışmı, torpaqmı, gecənin zil qaranlığımı, cıraqmı? "Kim yaman?”da bu suallara mən­ti­qi cavab deyə biləcəklərimiz el deyimləriylə gözəl çözülüb: Oduna örkənlə gedən örkənsiz ge­dəndən güclüdü, bəyin şapalağına üz, şallağına diz verməyənlər üzünün, dizinin – özünün qəd­rini bilməyənlərdən  güc­­­lüdü. Özününkünü ötə, özgələri gədə bilənlər yaxını atıb yadı tu­tan­lardan güclüdü. Öz atını ifçin nalladıb sürəyə çıxanlar bəy verən atın dişinə baxmayanlardan güclüdü...

Ənvərin "Kim yaman?” sorğusu yaşantılardan süzülən, söz-mətləb, mətləb-fikir biçimli ən­­­dişədi, narahatlıqdı. Bu əndişə də, bu narahatlıq da dili söz, əli qələm tutandan üzü bu yana Çingiz oğlu Ən­və­rin ruhunun can ortağıdı...

"Abidin ibadəti var, səxavəti yox, comərdin səxavəti var, ibadəti yoxdursa”, "kimi ac, kimi ac-yalavac” dolaşırsa, hardan bilək kim yamandı, Çingiz oğlu? ("Tanrım”)...

Biləyinə güvənən igid ("İgidim”) kələyinə güvənən igiddən güclüdü. Həm də mərdlə daş daşıyan namərdlə çörək kəsəndən güclüdü. Bir də el qəhri çəkənlər "azacıq aşım, ağrımaz ba­şım”fəlsəfəsiylə yaşayanlardan güclüdü. Bir də lilparla su içənlər büllur cam sonulayanlardan güclüdü. Bir də yurdunda yoncanın göyərib-göyərmədiyini soruşan ("Obadamısan, yur­dum?!”) el canlı kişi sərhədlərimizdən uzaqlarda haranın yaşıllıq, gözçəkən yer  olduğunu soruşanlardan çox güclüdü...

"Arazbar gülü”nü oxuyunca könlümü "Arazbarı” telləndirir, Ceyid Şuşinskinin avazını eşi­dirəm sanki:

 

Burda yaxşı var, yaman var.

 

Kimdi yaxşı, kimdi yaman? – nə "Arazbarı” deyir, nə də "Kim yaman?”. Bu düşüncələrlə baş-başa qalınca Dirili Qurbaninin, Dirili Surxayın şəbnəmmisal gəraylılarını eşidirəm. Bu, . Qurbani hikmətinə, Surxay hikmətinə biət eşitmədi, qayibanə eşitmədi. Mənə elə gəlir ki, zaman bircə anlığa ayaq saxlasa, Ənvərin esseləri dil-dil ötəcək, daş üstə də Arazbar gülləri bitəcək:

 

Bu  kül sevdalıq külüdü,

Bu kül açacaq kilidi...

Arazbar könül gülüdü,

Harayına obam gələr.

 

Dirili Surxayın ruhu əlini gözünün üstünə qoyub nəvəsinin səsinə sarı boylanacaq, güma­nın­­da­yam. Bu güman mənim gümanım olsa da, "Kim yaman?”ın ijməsidi (yəni qurğusudu, əmə­li­di). Və bu düşüncələr içindəykən mənə elə gəlir ki, Dirili Qurbaninin məzarını ziyarətə Ənvər Çin­giz oğluyla, Dirili Surxayın nəvəsi Sərdar Sərxan oğluyla mən də gedirəm. Zama­nın­da Xə­tai­mizin ruh qardaşı olmuş söz sərkərdəsinin ziyarətinə, həm də uğur duası kimi pıçıl­da­dı­ğım iki misrayla gedirəm:

 

Gəlirəm bir könül xoşluğu ala

Sənin "Bənövşə”ndən mənim "”Bənövşə”m.

 

Ənvərin "Bənövşə”si mənim "Bənövşə”mə baxır, mənim "Bənövşə”m Ənvərin "Bə­növ­şə”sinə. O "Bənövşə”nin də sorğusu dodağını yandırır, bu "Bənövşə”nin də sorğusu dodağını yandırır: "Kim ya­man?”. Bizi Qurbaninin məzarından iraq salan gərdişmi, bu gərdişə yol açan qüdrətmi, bu gər­di­şin süründüyü cığırı-izi çığnayıb keçən sevgimi? Əlimizdən tutub aparan qüdrətdi güclü, bu qüdrətin dönməzliyidi güclü.

"İgidliyin biləkdə deyil, ürəkdə olduğunu” deyənlərdi güclü, "biləyə deyil, kürəyə güvə­nən­­lərdi” güclü ("İgidim”). Kimdi güclü? –  "dikbaşı baş əydirənlərdi, dizibərki diz çökdü­rən­lər­di” güclü ("Onlar”)...

Kimdi güclü? – "Oğuzun yayxanan dəniz misallı ordusunun ayaqdan başa, torpaqdan daşa dünyanı tutduğuna” inanıb da rastlaşdığından "haralısan?” soruşmayıb, kökünü soruşandı ("Haralısan?”) güc­lü...

"Arazbar gülü” ilə "Yurd yeri” arasında mənəvi-ruhi bağlılıq var. Hansı hansını tamam­la­yır, hansı hansının əvvəlidi? – ayırd eləmək mümkünsüzdü. Niyə? – ikisi də Vətən deyir, torpaq deyir, yurd, ocaq deyir.

Bir bayatının sonluğunu xatırlayıram:

 

...Dərdlini dindərməyin,

Dərd özü dilləndirir.

 

Elindən iraq düşənlərin dərdini yellər daraqlayır, sellər varaqlayır. Dərdin əriş-arğacı qəhr­di. Qəribliyin qəhri can üzür, ruh sarsıdır. Eldən uzaq düşənlər elin dünənini xatırlayır, dünənin qılınc tutanlarını, at çapanlarını, boy boylayanlarını, soy soylayanlarını xatırlayır. Günyəsi igidlik olan eli zamanında döyüşə Tanrı uğurlayardı, qazavata gedənlərə göylər də, yerlər də "Qəzan mübarək!” deyərdi. "Yurd yeri” "at minib axına varanların, qalalar yıxanların” yur­du­du: "Haçan savaş olsa, meydan dolu baş olardı”. Niyə qada bəd gətirdi? Ənvər evindən, elin­dən didərgin düşənlərin ruh qardaşı kimi elinə xitabən deyir ki, "Səni yağı nə yaman darımış, nə yaman dağıtmış, gözəl yurdum! Səni yağı nə yaman talamış, nə yaman dalamış, gözəl yur­dum! Ağban evlər yanmış, örəni qalmış. Yamyaşıl bağlar qurumuş, viranı qalmış...”. Müra­ciət­də məntiqi qınaq da var, suşlama da. Kimsə qınanmır, kimsə suçlanmır. Hamı qınanır, hamı suç­lanır. "Qol salıb yağı basan qılınclar” nədən korşalıbmış? Kimdi güclü? – qılıncına bülöv çə­kən­lərdi, məqamı çatanda yağı sinəsinə çökənlərdi, yağının can evini sökənlərdi, yağını  urvat­sız­laş­dır­dığı ömrünü "quru yuyub yaş sərənlərdi”. Elin "ot basmış yoluna, qurumuş ar­xı­na” ağrıyan bədii "mən” bir sevginin, sevgi boyda bir ümidin işığında gedib yurd yerinə. Uçun­tu-dağıntını da onda görüb, qayıdışı (özünün də elin-obanın da qayıdışını) o yaralara məl­həm bilib – "Yurd yeri” torpaqlara söz məlhəmidi (Kimdi güclü? – "Yurd yeri”di güclü, "İgidim”di güclü, "Ba­ba”­dı, "Zümzümə”di güclü, ...)...

Əski uyğur mənbələrində "türk” sözünün bir yozumunun güclü, qüvvətli olduğu deyilir. Kim­­di güclü? – türkdü güclü...

Yolçu yol gedəndi. Hər yol gedən yolçu deyil ha. Yolçu mənzillər kəsəcək, dağlar aşacaq, dərələr keçəcək, dizləri dağlardan daş da qoparda bilər. Yollar yora-yora mənzilini mənzillərə tələsdirən, qarşı yatan qara dağların sinəsində yel əsdirən, kələ-kötür yollara törpü olan, yorğun yola, yarğan yola körpü olan inadına yol yoldaşım deyənlərdi güclü. Ənvər Çingizoğlunun "Yol­­çu”su hamımızın ruh qardaşımızdı – kökünün ardınca getdiyinə görə. Yollar niyyəti bəl­li­ləri yora bil­məz.

Ənvər Çingizoğlunun "Yolçu”su "Günəşin qovurmasından, küləyin sovurmasından, toz olub yelə, su olub selə qarışmaqdan çəkinməyən  yolçuya” uğur duasıdı. Kim güclüdü? – har­dan hara gedəcəyini bilənlərdi güclü, yolun toz-tomurunu diziylə silənlərdi güclü, yolun ina­dına, tərsinə gülənlərdi güclü, yolu "yorğa at əvəzi çapırdanlardı” güclü, kökünü tapmağa ge­dənlərdi, tapanlardı güclü. O yolçunu tanıyanlardı güclü. Tanıdınmı onu, oxucu qardaşım? Ən­­vərin tanıdıyğı yolçunu tanıdınmı?..

Kimdi güclü? – "Allah istəyən quzuya qurd dəymədiyinə əminlərdi” ("Tənhalıq”) güclü, Qumru nənənin ələyini, sacını  dınqılılaşdıranları – balacalaşdıranları ("Ayaqüstü görüş”) tanı­yan­lardı güclü, onları zəbun edənlərdi güclü...

"Kim yaman?”ı həmdərd bilənə, dərd üstün gələndə "Kim yaman?”la dərdləşənə güclü de­səm, suç olmaz. "Su dibində qovağınız tək bitməsin! Təknədə çörəyiniz də tək olmasın!” ("Tən­halıq”) dua­larına bağır basanlar da güclüdü...

"Kim yaman?”ı oxuyub xətm edəndən sonra əmin oldum ki, Ənvər Çingiz oğlu güclü adamdı...

 



7736 oxunub

InvestAZ