Yaşadığımız zaman kəsiyi özünün problemləri, ictimai-siyasi mənzərəsi və xüsusilə realıqları ilə kifayət qədər sual doğurur. Təbii ki, bu sualların hamısına müxtəlif aspektlərdən yanaşıb cavab vermək mümkündür. Lakin bütövlükdə, nə suallar, nə də cavablar bütün ictimaiyyəti qane etməyəcək. Ona görə ki, hər kəsin öz yanaşması, öz baxış bucağı var. Elə bu yanaşmanın hər birini suala çevirsək, onda ən azı bir il oturub sual-cavabla məşğul olmalıyıq. Deməli, burada əsas olan budur ki, ortaya çıxan sualda məqsəd nədir. Ümumiyyətlə bu sual nədən qaynaqlanır. Bu məsələnin birinci tərəfidi. İkinci tərəfi isə məhz həmin suala verilən cavabda özünü ifadə edir...
İndi gələk mətləb üstünə.
Əgər diqqət yetirmisinizsə, son zamanların gündəmini zəbt etmiş bir məsələyə sosial
şəbəkələrdə, mediada, çayxanalarda, bir sözlə, insan toplumu olan hər yerdə müxtəlif
münasibətlər ifadə olunur. Daha çox sosial şəbəkələr həmin məsələnin üstünə gedir.
Lakin barəsində danışılan mövzu nədənsə həmin sahənin biliciləri, mütəxəssisləri
tərəfindən laqeydliklə, biganəliklə, bəzən görməməzliklə yola verilir. Demək istəyirəm
ki, gündəmin baş mövzusna çevrilmiş polisə münasibət məsələsi nədənsə polisin şinelindən
çıxıb təqaüddə oturanların və yaxud bu gün də o şinelin içində olanların böyüuk
əksəriyyətinin sanki diqqətini çəkmir və yaxud da onlar bunu görmürlər.
Bax, elə bu düşüncələrin
içərisində mən bir vətəndaş olaraq köhnə dostlara, zamanında polis orqanlarında
xidmət etmiş və müəyyən nüfuz qazanmış sabiqlərə üz tutmağı özüm özümdə qərar verdim.
Və heç tərəddüd etmədən uzun illərdən bəri tanıdığım, xeyirdə-şərdə, ağrılı-sevincli
günlərdə birlikdə olduğum təqaüdçü, polis polkovniki Ələsgər Bədəlova telefon açdım.
Təbii ki, öncə hal-əhval tutdum və bildim ki, Ələsgər müəllim doğma İsmayıllıda
bu yayın istisini yola verməyə çalışır. Mən ona xoş istirahət dilədikdən sonra bir
məsələ ilə bağlı fikirlərini öyrənmək istədiyimi söylədim.
Təbii ki, Ələsgər müəllim
də məsələnin mahiyyətini soruşmadan mənimlə razılaşıb buyur dedi.
- Ələsgər müəllim, bu gün
gündəmdə olan məsələlərdən biri Azərbaycan polisidir. Baş vermiş olaylarda hər tərəfdən
polisə basqılar, onun nüfuzuna xələl gətirən fikirlər, müəyyən arqumentlər səsləndirilir.
Amma nədənsə polisdə böyük həyat təcrübəsi olan veteranlar, nə də bu sahənin çörəyini
yeyib, onunla vəzifə kürsüləri tutanlar və nəhayət hətta, aidiyyatı qurumların özləri
belə həmin fikirlərə kəsərli cavab sərgiləmir, mövqe ortaya qoymur, bəzən də ötəri,
bir növü nəyinsə xatirinə münasibətlər dilə gətirilir. Sizcə, Azərbaycan polisinə,
ümumiyyətlə, polisə bu münasibət hardan qaynaqlanır?
- Öncə məsələyə münasibətimi öyrəndiyiniz üçün
sizə təşəkkür edirəm. O ki, qaldı söylədiyiniz mövzuya... Doğrusu, mən də baş verənlərlə
bağlı daxilən çox ürək sıxan anlar yaşadım. İndinin özündə də o ağrı içimdən çıxmayıbdı.
Çünki Azərbaycan polisinin keçdiyi yol çox böyük və şərəfli, qürurverici bir tarixi
yoldur. Bu yola, bu xidmətə ümummilli liderimiz zamanında çox böyük diqqət göstərməklə
qiymətini veribdi. Mən bunu heç vaxt unuda bilmərəm. Və bunu da heç kim gərək unutmasın.
Doğrudu, bütün qurumlarda, nazirliklərdə olduğu kimi, polisin daxilində də, yararsız,
daşıdığı mundirə ləkə salan, xələl gətirən, öz davranışı, öz xidməti ilə polisi
aşağılayan əməkdaşlar olub, bu gün də var.
Və həmin əməkdaşlar da zaman-zaman yuxarı instansiyalar tərəfindən orqandan
uzaqlaşdırılır, cəzalandırılır. Bir az rəqəmlərin dili ilə desəm, bu 100 faizli
bir gücün təqribən 8-10 faizi deməkdir. Biz həmin o 8-10 faizə görə, 90-92 faizi
qaralasaq, ona çamur atsaq, çox böyük ədalətsizlik, haqsızlıq etmiş olarıq. Bunu
gərək unutmayaq. Çünki polisin sıralarında xidmətə bütün varlığı ilə bağlı olan,
canını, gecəsini, gündüzünü əsirgəməyən oğullar var. Onlar hər an bizim hər birimizin hayına çatırlar. Özünüz təsəvvür
edin, istənilən adamın özü də tutduğu vəzifədən,
mövqedən asılı olmayaraq, dara düşəndə ilk köməyə səslədiyi 102-dir, polisdir. Hətta evin içində baş verən ailə dramında da imdada
polis çağırılır. Əgər biz bunu ediriksə və hamımız da bunu biliriksə, onda niyə
polisə çamur atmalıyıq? Mən hələ xidmətim
zamanımda təklif etmişdim ki, polis həyatını, polisin xidmətə bağlılığını xalqa
daha geniş şəkildə, özü də əyani faktlarla çatdırmaq üçün planlı işlər görülməlidi.
Məsələn, xidmətini şərəflə başa vurmuş veteranlarla
gənc polislərin, ictimaiyyət nümayəndələrinin görüşlərini keçirmək, polis akademiyasında
təcrübəli peşəkar veteranların xildmət yolunu öyrənib onu tədris etmək, əyani vəsaitə
çevirmək. Zənnimcə, həm gənc polislərin təcrübə toplamasında, həm də nəsillərin
əlaqəsinin davamlı olmasına xidmət edər.
Digər bir məsələ polislə
bağlı kliplərin, reklam çarxlarının hazırlanması və burada gerçəyin ifadə olunması
çox böyük önəm kəsb edə bilər. Bu işi təkcə əlaqədar qurumlar deyil, sahəyə maraq
göstərən qeyri-hökumət təşkilatları da sifariş verə bilər. Bunun üçün yalnız istək
lazımdı. Özü də bu istəyin mayasında polisə sevgi dayanmalıdı. Necə ki, Türkiyədə,
eləcə də digər Avropa ölkələrində polislə, jandarma ilə bağlı qanunlar, görüntülər,
eləcə də kliplər yayımlanır...
- Ələsgər müəllim, mən Sovet
dönəminin başçısının həyatından fraqmentləri, yəni arxiv materiallarını televiziyada
izləyəndə həmişə milisin yol kəsişməsində dayanmasını, yolu keçən yaşlı insanlara,
uşaqlara köməklik göstərməsini böyük maraqla izləyirəm.
- Qardaşım, həmin hallar bu gün də var. Özü də kifayət qədərdir. Sadəcə onu
çəkmək, xalqa göstərmək lazımdır. Amma nədənsə daha çox polisi məhkəmə binalarının
qarşısında, mitinqlərdə ekrana gətirirlər. Bu da polisə olan soyuq və hətta deyərdim
kinayəli münasibət formalaşdırır. Amma unuduruq ki, həmin polislər də bizlərin ailəsindən
çıxıbdı. Onlar da birimizin qardaşı, birimizin oğlu, başqa birimizin hansısa bir
qohumudu. Yəni bu xalq toplum halında nədisə, polis də onun bir hissəsidi. Ona görə
də biz özümüz özümüzə sevgimzi, etiramımızı elə formalaşdırmalıyıq ki, onu yad basqılar,
həmlələr təsir edə bilməsin. Polislə xalqın münasibətinə kölgə salmasın, bu münasibət
çat verməsin. Təəssüf hissi ilə deməliyəm ki media, sosial şəbəkələr bəzən polisin
həyatını elə təqdim edir ki, bunu yumşaq
desək, bir təqaüddə olan polis polkovniki kimi mənim ürəyimi ağrıdır. Anlaya bilmirəm
ki, belə məqamda niyə təcrübəli, nüfuzlu, həyatını, ömrünü xildmətə həsr etmiş və
bunun hesabına da müəyyən maddi durum da qazanmış veteranlar, eləcə də vəzifədə
olanlar susurlar. Axı biz susduqca, bizim üstümüzə daha çox gəlirlər. Öz haqqımızı təqaüddə olsaq belə, bugünkü gənc
polislərlə birlikdə biz də qorumalıyıq. Bunun üçün çox da böyük vəsait sərf etməyə
lüzum yoxdu. Sadəcə təşəbbüs göstərmək, mediada polislə bağlı bədii əsərləri, mahnı
mətnlərinin müsabiqəsini keçirmək, şəhid polislərin adı ilə bağlı idman yarışları təşkil etmək, eləcə də polisin həyatından bədii və sənədli filmlər çəkmək, romanlar,
povestlər yazmaq üçün addımlar atılmalıdı. Bax, bu təşəbbüskarlıq bizim dünyagörüşümüzdə,
mənəviyyatımızda mütləq öz təsirini göstərəcəkdir. Burada bir məqamı da qeyd etmək
istəyirəm ki, tanıdığım polis ailələri var ki, onlar baba, ata, oğul, nəvə, necə
deyərlər, bir şəcərə həyatını bütünlüklə polisə həsr edib. Onlar barəsində çəkilişlər
edib yayımlamaq bunun özü də çox müsbət nəticə verə bilər və buraya hüquq-mühafizə
orqanlarında şərəflə işləmiş, bu gün isə ömrünü hüquq elminə həsr edən ziyalılarımızın
da mövqeyini təbliğ və tətbiq etmək işin xeyrinə olar. Bütövlükdə isə gəlin etiraf edək ki, biz bu gün
polisə dar günümüzün köməyi kimi baxırıq. Əgər bu münasibəti dəyişməsək, polisi
hər yerdə özümüzdən biri kimi görüb sayğı ilə yanaşmasaq, onda polisə ögey münasibət
zaman-zaman davam edəcək. Bax, o zamanı qabaqlamağın bir yolu da ziyalıların, elm
adamlarının, millət vəkillərinin, ağsaqqalların, xüsusilə də,veteran polislərin
birlikdə əl-ələ verib ictimai fikirləri dəyişəcək, addımlar atması çox vacibdir.
Təkcə polis günündə polisi təbrik etmək yox, hər gün onu öz qardaşın, oğlun kimi
görmək cəmiyyətimizin də, elə polisimizin də ən böyük mənəvi qazancı olar. Bax,
mənim istəyim və edilən basqılara cavabım da bundan ibarətdir. Düşünürəm ki, yaşımın
bu çağında, ömrümün böyük bir hissəsini həsr etdiyim polislə bağlı fikirlərimi hər
yerdə, hər an söyləmək mənim ürəyimin istəyi və hətta tələbidir. Mən
bu istəyə bütün ömrüm boyu sadiqəm.
...Bu bir təqaüddə olan polis polkovnikinin özünün dünəninə, bugününə və sabahına münasibətinin qısaca ifadəsidir. Çox istərdim ki, dünəni, bugünü və sabahı məhz polislə bağlı olan, xüsusilə söz deməyə haqqı olan hər kəs öz fikrini söyləməkdə tərəddüd etməsin. Çünki deyilən söz təkcə yadigar deyil, o həm də təsir vasitəsidir. Özü də ictimai şura. Gəlin, bunu unutmayaq!