XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Bizi heyran etdi Xızı dağları... - Həzi Həsənli yazır
MƏMLƏKƏT 16:17 / 02.07.2021

Ömrümün çoxunu şəhərdə yaşamışam. Amma bununla yanaşı, bütün ömrüm boyu qəlbimdə bir kənd sevgisi, kənd həsrəti, kənd nisgili yaşatmışam. Vaxtilə Lerikdə olarkən, "Lerik duyğularım, lirik duyğularım” silsiləsindən çoxsaylı şeirlər yazmışdım:

Göynədər gözümdə şeh hərdən məni,

Çeşmələr çağırar şəhərdən məni.

Görməsəm yandırar qəhərdən məni,

Yaylaq həsrətimin körük dağları,

Nə yaxşı görüşdük Lerik dağları!..

Kəndi ağuşuna alan dağlar – bağlar bol oksigenli həyat deməkdir. Oksigeni bol olan həyatda hər cür rahatlıq tapmaq mümkündür. Mən ömrümü belə yaşadım, iş fəaliyyətimdən kənar vaxtlarımda bir qayda olaraq, özümü təbiətin qoynunda tapıram. Təbiətlə sıx təmasda olduqda daha yaxşı düşünmək, daha yaxşı yazmaq olur. Bu səbəbdən Azərbaycanın dilbər guşələrinə səfər etmək canıma, qanıma hopub. Təkcə Azərbaycanınmı? Bax, bu sualın cavabını unudulmaz qələm dostumuz, məşhur jurnalist Məmməd Nazimoğlu kitablarımdan birinə yazdığı ön sözdə belə mənalandırmışdı: "Qardaşım Həzi Həsənli Yenisey çöllərindən, Altayın ətəklərindən iz alıb gələn bir cığırla yol tutub getməkdədir...”

***

İnsanı yaşadan hikmətə bir bax! Vaxtın, zamanın əhdi – vəfası hanı? Allah istəməsə.... Vədəsi çatmayınca, arzu – istəyinə çata bilməzsən. Zirvəyə qalxmağın min sehri, min qəhri var. Xızı dağlarının zaman – zaman ürəyimdə doğurduğu əlvan duyğular sonradan yaddaşımda zirvələşən məğrur misralara, şeirə, sözə çevrilib. Bir neçə il öncə tələbəlik illərinin sadiq dostları kimi, Müzəffər Talıblı ilə vədələşirdik ki, yayda məzuniyyət günlərimizi dağların qoynunda keçirək. Amma iş elə gətirirdi ki, yollarımız ayrılırdı. Müzəffərin güzarı Xızı dağlarına, mənim isə güzarım Borçalı dağlarına düşürdü. Əlacım dağlara söz kəməndi atmağa qalmışdı. O zaman götürüb belə yazmışdım:

Nə qədər qınasan, qına, belədi,

Bürünər min cürə dona, belədi,

Dağ dağa qovuşmaz, dünya belədi,

Borçalı dağlarım, Xızı dağlarım –

Müzəffər dağlarım, Həzi dağlarım.

Xızı Borçalıdan uzaqdı, neylim,

Bu dostlar İsaqdı, Musaqdı, neylim,

Yüz ilin dostları uşaqdı, neylim...

Ərimir həsrətin buzu, dağlarım,

Müzəffər dağlarım, Həzi dağlarım.

Zirvəli dağlarda olan qardımı,

Dolub – doluxsunan buludlardımı?

İldən – ilə qalan arzulardımı?

Əkiz qardaşların arzu dağları –

Müzəffər dağlarım, Həzi dağlarım.

Qoxlar gül – çiçəyi, göy otu könlüm,

Mənim lilpar könlüm, kəkotu könlüm.

Sirdaşı qələmdi, bərk otur könlüm,

Bu dəftər dağların, yazı dağların –

Müzəffər dağlarım, Həzi dağlarım.

***

Bu günlərdə yenidən o duyğuların könül işiğında, Ay işığında, çay işığında Vətən eşqinin səfərindəydim. Belə səfərlərimlə dərdə, həsrətə gəliş gəlirəm. Həm də beşgünlük iş həyatının (sanki beşgünlük dünya deyəcəkdim) ölçülü – biçili günlərindən uzaqlaşmağım başımda azadlıq havası yaradır. Azadlıq havasının dadını duyanlar bilər:

" Dünyanın ən gözəl adamı sənsən,

Azadlıq havası varsa başında..”

Bu misraları oxuyanda insanın qəlbində gizli duyğular oyanır.

Bayramın hər sözü – söhbəti də belədir. İnsana gözəl ümidlər verir. Səfər ərəfəsində Bayramdan bu məzmunda bir ismarıc gəldi: " Həzi müəllim, bu günlərdə dağların ətəyindən kəklikotu yığmağa getmişdim. İnanın, çöllərimiz kəklikotunun ətrindən məst olub. Buyurun, gəlin! Siz təbiət vurğunusunuz...”

Bayramın isti ürəklə yazılmış ismarıcından bir gün sonra dostum Vəfadar müəllimin maşınında səfərə çıxdıq. Yolumuz Xızı dağlarına düşdü. Xızı dağları öz nəfəsində bu torpağın yetirdiyi, xalqımızın şair oğlu Mikayıl Müşfiqin nəfəsini yaşadır. Poeziyamızın həmişəcavan klassiki Mikayıl Müşfiq! Repressiya qurbanı olan şair, xalqımızın əbədi məhəbbətini qazanıb. İndi də onun adı və şeirləri dillər əzbəridir. Yolumuza davam edərkən Vəfadardan maşını saxlamasını istədim. Oradan Mikayıl Müşfiqin xatirə muzeyini və abidəsini seyr etdik. Müşfiq xalqımızın ürəyində əbədi dirilik qazanmış sevimli şairimizdir.

Səfər yoldaşının, yol yoldaşının kimliyindən, xarakter xüsusiyyətlərindən də çox şey asılıdır. Yaxşı yol yoldaşı olmaq hər adamın qismətinə yazılmayıb. Hər adamla yol yoldaşlığı etmək alınmaz. Gərək yola çıxdığın adamla iç dünyanda bir oxşarlıq olsun. Ona görə də Vəfadarla şirin söhbətimiz yola nərdivan salmış, məsafəni yaxın etmişdi.

Bakı – Quba yolu ilə üzü Altıağaca doğru gedərkən ilk əvvəl çəhrayı, narıncı, qırmızı və tünd qəhvəyi rənglərə boyanmış və gözəlliyi ilə göz oxşayan dağları gördük. Bu dağlar məşhur Xızı dağlarıdır. Dağlardakı rənglərin gözəlliyi insanı məftun edir. Dağların bu cür al - əlvan rənglərə boyanmasına təbiət hadisəsi səbəb olmuşdur. Belə ki, qurunt sularının təsiri ilə qayaların tərkibindəki dəmir oksidləşib müxtəlif rənglərə boyanmışdır. Bu dağların bir adı da görünüşü ilə şirin təsir bağışladığına görə, insanların dilində onlara" şirin dağlar” deyilir.

Gözəllikləri gözlərimizə köçürmək üçün, bəzən Xızının ömür dağı kimi narahat yollarından keçsək də, bu yerlərin gözəlliklərindən yazmaqla, danışmaqla söhbət bitib tükənməz. Şəhər tünlüyündə təmiz havaya, sərinliyə tamarzı qaldığımıza görə, bu yerlərə qədəm basanda nəfəsimiz ətirləndi. Torpağın kəkotu ətrindən, budaqların çətirindən qəlbimiz beləcə ovundu. Meh kimi, şeh kimi bir duyğunun ağuşundaydıq. Xoş ovqat qəlbimizdə təsəlli səltənəti yaratmışdı. Bu yerlər gözəllik ümmanı və gözəllik ünvanıdır.

Xızını qarış - qarış gəzdikcə, görüşdüyümüz, kənd – kəsək saflığını özündə yaşadan sadə zəhmət adamlarının mehriban baxışları Günəş kimi üzümüzə gülürdü. Onlarla ünsiyyətimiz insanın insana və insanın təbiətə, milli - mənəvi dəyərlərə münasibətini əhatə edirdi. Amma qarşımıza bir ağlı dayaz da çıxmışdı. Davranışı bizə xoş təsir bağışlamadı, bu, qonağa sayğısızlıq idi. Sanki "xəbislikdən gül kolunda bülbülə daş atmışdılar...” Sonra Xızıya qonaq gəldiyimizi ona işarəylə, eyhamla anlatdım, dönüb – dönüb üzr istədi. Özü də etiraf etdi ki, bu söhbətlər onun üçün böyük bir dərs oldu...

... Bizi bu səfərdə ərkim çatan gənc dostum, əslən Xızıdan olan Bayram Abdullayev müşayət edirdi. Müşayət edirdi deyəndə ki, biz elə Bayramın qonağı idik. Bayramın özü də, valideynləri də çox qonaqpərvər insanlardır. Ata - anası bu dağların qoynunda bir – birinə həyan kimi qoşa yarıyırlar, qoşa qarıyırlar, çox mehriban münasibətdə qoşa da yaşayırlar.

Ailəsinin halal çörəyini qazanmaq üçün hər biri inadla çalışır. Onları işi güllərlə, çiçəklərlə, ağaclarla, bir sözlə, torpağa qulluq etməklə bağlıdır. Bu ailənin çörəyi təbiətin gözəlliklərinə qulluq etməkdən, təbiətin töhfəsinin ömrünə ömür verməkdən, bitkiləri becərməkdən, suvarmaqdan, gözəlliklərin nazını hər cür çəkməkdən çıxır.

Bağlara – bağçalara təkcə təbiətin naxışları deyi, həm də Bayramın zəhmətkeş əlləri və fantaziyası da yaraşıq verir. Bunları sözlə ifadə etmək bir özgə, görüb seyr etmək isə özgə aləmdir.

Bayramla bizi bir – birimizə doğmalaşdıran da elə təbiətin özüdür. Torpağın köksündə ilk baharın qədəmləri duyulmağa başlayandan Bayram təbiətin gözəlliklərini öz gözlərimlə görməyim üçün məni Xızıya dəvət edir. Amma bu dəfə məlum səbəbdən rayonlara getməkdə çətinliklər vardı. Elə bu səbəbdən Xızıya səfərim isti yay günlərinə təsadüf etdi.

***

Müxtəlif meyvə ağaclarının dövrəyə aldığı, pilləkənlərinə qədər gül – çiçəklə əhatə olunmuş yaraşıqlı evləri, füsünkar həyətləri var Bayramgilin. Bakıda göydələn binaların ərşə çatan mərtəbələrində hər cür şəraiti olan eyvan otaqlar, mənzillər də bu həyətin, bu mühitin yerini verməz. Bu yaraşıqlı həyətdə, meyvə ağaclarının altında şam süfrəsi açılmışdı. Şam süfrəsi ətrafında Bayramın atası Arif kişi aramla həyat hadisələrindən danışırdı. Onun abırı və səbri sanki bir möcüzədir. Mənalı söz – söhbətini diqqətlə dinlədim, fikirlərinə hörmətlə yanaşdım. Bu dəmdə Vəfadar, telefonda Azərbaycan radiosunun diktoru, respublikanın Xalq artisti Eldost Bayramın ifasında mənim şeirlərimin səsləndirildiyini diqqətə çatdırdı. Arif kişi şeirləri dinlədikcə təmizliyə ayna tutdu, sifəti nur çeşməsinə döndü. Mis rənginə çalan zəhmətkeş çöhrəsindən sevinc ifadəsi aydınca oxunurdu. Onun şirin söhbətini dinlədikcə heyrətimi gizlədə bilmirdim. O, söz sənətinə necə də aludədir, ilahi! Şeirlər könlünə necə yatırsa, eləcə də sirli bir həyat ecazı kimi təhlil edir. Deyir:

- Bu şeirləri yazmaq üçün ehtiraslı bədii təfəkkürə, zərif, obrazlı ifadə qabiliyyətinə malik olmalısan.

Pıçıltıya bənzər səslə danışdıqca əli üzündə, siqaretini tüstülədərək sözün alt qatlarına baş vururdu.

Səfər təəssüratlarımızı yazarkən Arif kişinin söhbətlərini, müdrik sözlərini Vəfadarın maşınında Bakıya qayıdarkən bir daha xatırladıq.

Bayramla atasının münasibətlərindəki örnək olası davranışlarını çox bəyəndim. Bu mehriban insanlarla görüşümüz şirin bir xatirəyə döndü. Çörəyini yeyib, suyunu içdiyimiz bu xoşbəxt ailə heç zaman da unudulan deyil. Süfrələri bərəkətli, ruziləri bol olsun!..

***

Xızının ucu – bucağı görünməyən dağ yamaclarını yamyaşıl otlar ziynətləndirir. Yamacda biçilmiş ot şələsinin üstündə oturub dincimi alanda biçilmiş ot ətrindən sanki bihuş olmuşdum.

Daha sonra bulaq başında, Şamaxıdan Xızıya gəlib qoyun sürülərini yaylağa gətirənlərlə görüşüb hal - əhval tutduq, atüstü söhbətimiz maraqlı oldu. Onlardan daha dilli – dilavəri könül xoşluğu ilə dedi: - Gəlin qonağımız olun, sizə quzu kəsim...

Uzaq yaylaqların qoynundan gözü – könlü tox qayıdan, qıpqırmızı yanaqlarından yaylaq havasının nişanəsi görünən, bu dağların qoynunda məğrur görkəm alan dağ adamlarının

sözü – söhbəti, səmimiyyəti ürəyimizə yol tapdı. Bu səmimiyyətə görə onlara minnətdarlıq etdik. O xeyirxah dağ adamı sanki öz görkəmində gözümüzdə dağa döndü. Özü də şehli çəmənlərin qoynundakı kimi, hər yerdə ayaqyalın gəzib dolaşır, bu yerlərə keşik çəkirmiş kimi vəcdlə danışırdı.

Vətən hissi, Vətən sevgisi söhbətimizdən qırmızı xətt kimi keçirdi. Vətənin dağını, daşını sevməyə sövq edən şirin söhbətimizi elə bulaq başında da yekunlaşdırıb yolumuza davam etdik. Onlarla sağollaşanda hələ dağların arxasına enəcəklərini və qoyun – quzunun arxacına dönəcəklərini qeyd etdilər.

***

Xızı həm də suları diş göynədən sərin bulaqlar məskənidir. Burada yaylaqların da, bulaqların da poetik və mənalı adları var; Saf bulaq, Soyuq bulaq, Səfər bulağı, Bahar bulağı və s. O bulaqların hər birinin göz yaşı kimi dupduru, sərin suyundan içdik, üzümüzə su vurub sərinlədik. Bulaqlar başında oturub dincimizi aldır, göz işlədikcə uzanan, baxdıqca könül açan mənzərələrin seyrinə daldıq. Suların səsi, şır – şır axan bulaqların həzin zümzüməsi könlümüzdə xoş əhval – ruhiyyə yaratdı.

Düzlərin dərinliyinə doğru uzanan yollarla irəlilədikcə biçənəklərin, təbiətin qoynunu özünə məskən seçmiş, xoş ətir saçan rəngbərəng gül – çiçəklər çox möcüzəli görünürdü. Gəzib dolaşdıqca istər – istəməz orada ayaq saxlayır və xatirə şəkillər çəkdirirdik.

Vəfadar Muğanda doğulub boya – başa çatıb. Ona görə belə səfalı yerlərdə gəzmək daha maraqlıdır. O, hətta örüşdə otlayan atları görəndə sevincək oldu. Atları hürkütmədən, özü də hürkmədən onlara yaxınlaşdı. Atların yanında şəkil çəkdirdi.

***

Xalqımızda adətdir, həmişə qonağa xüsusi qayğı və sayğı ilə yanaşırları. Ona qonaq üçün nəzərdə tutulan rahat otaqda, rahat yataqda yer verirlər. Biz Bayramgilin ailəsində də özümüzə qarşı yüksək hörmət və diqqət gördük. Amma mən həyətdəki qolboyun ağacların altındakı taxtın üstündə yatmağa qərar verdim. Sübh tezdən Günəşin zərrin şəfəqləri ağacların yarpaqları arasından süzülüb bərq vuranda yuxudan oyandım. Bu ağac altında yuxudan ayılarkən, quşların səsinin, təbiətin nəğməsinin yerdən göylərə axan irmağına yaddaşımda yaşatdığım uşaqlıq xatirələrimi pıçıldadım. Yay aylarında öz kəndimizdə, ata evimizin həyətindəki tut ağacının altında yerimin içində uzanıb uzaq ənginliklərdə bərq vuran ulduzları seyr etməkdən doymazdım.

... Xızıdan Bakıya qayıdanda yolboyu bu şirin xatirələrlə baş – başa qalmışdım. Burdan ayrılanda Xalq şairi Nəbi Xəzrinin şeiri bir anlıq fikrimdən gəldi keçdi. Doğrudan da şairin yazdığı kimi, "Bizi heyran etdi Xızı dağları...”


9830 oxunub

InvestAZ